Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1529/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun əmək pensiyasından aparılan tutulmalara dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2023-cü il tarixli inzibati aktının ləğv edilməsi, xx.xx.2009-cu il tarixində təyin edilmiş pensiyanın bərpa olunması və tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə pensiyanın qanunsuz təyin edildiyini, həmin pensiyanın 52 yaşının tamam olduğu xx.xx.2011-ci ildən təyin edilməli olduğunu əsas gətirmiş, Mərkəz filialı tərəfindən ünvanlanmış 19 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçıya əmək pensiyaçısı olduğu dövrdə qazandığı 28472,03 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmiş və ümumilikdə Fond tərəfindən 47068,58 manat artıq ödəmənin olduğu bildirilərək həmin vəsaitin İddiaçı əmək pensiyasından hər ay tutulmalı olduğu qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı əmək pensiyasından tutulmaları müəyyən edərkən hər hansı inzibati icraat aparmamış, əvvəllər ona pensiyanın təyin edilməsi haqqında inzibati akt ləğv olunmadan pensiyasından qanunsuz olaraq tutulmalar həyata keçirmişdir. Əgər xx.xx.2009-cu il tarixdə İddiaçı əmək pensiyası qanunsuz təyin edilmişdirsə, 2023-cü ildə yəni pensiyanın təyin edildiyi tarixdən 14 il sonra həmin tarixə pensiyasının təyin edilməsi haqqında inzibati aktın ləğv edilməsinə dair müddəti ötürmüşdür. İnzibati İcraat Haqqında Qanunun 67.5-ci maddəsinə əsasən Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13- cü maddəsinin “a" bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Yəni 1 avqust 1997-ci il tarixinədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009- cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 4 ay təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,81 manat (30,33 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 58.66 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7401,60 manat sığorta kapitalına uyğun 51,40 (7401,60:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 195,06 (58,66+51,40+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 255,72 manat). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2009-cu ildə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 765 saylı qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə ömürlük pensiya təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-4762/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası 50 yaşdan deyil, 52 yaşdan yenidən hesablanmış, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 2367.31 manatdan 818,18 manata azaldılmış, xx.xx.2009xx.xx.2011-ci il tarixləri arasında artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8829/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, 3-17-1/3-3-4762/2023 saylı sərəncamı etibarsız hesab edilmiş, iddiaçıya təyin edilən əmək pensiyası 50 yaşdan deyil, 52 yaşdan yenidən hesablanmış, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 818,18 manat müəyən edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, ona 50 yaşının tamam olduğu xx.xx.2009-ci ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsini və tutulmuş məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.
1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 50 yaşdan;
2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 50 yaşının tamam olduğu xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır. “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2009-cu ildə, həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetiə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. İİQ-nin yuxarıda qeyd edilən 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir:
1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu;
2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı;
3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlevrişli inzibati aktın. Məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2009-cu il tarixli 765 saylı inzibati akt: 1.iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır;
2. onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır; 3.iddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati akdır. Belə olan halda aydındır ki, həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, İİQ-nın 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır. Bundan başqa, o da qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 50 yaşın tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə xx.xx.2009-cu il tarixli qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh İİQ-nin 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 15 il sonra istinad etmiş və iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 50 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı 52 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, İİQ-nin 67.3-cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2023-cü il tarixli qanunsuz əliverişsiz inzibati aktı ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İş materiallarından həmçinin görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarı qəbul etdikdən sonra xx.xx.2023-cü il tarixdən etibarən iddiaçıya ödənilən əmək pensiyasından 81.8860 manat tutma apararaq, ümumilikdə 1478,9213 manat pul tutmuşdur. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 1478,9213 manat pensiya ödənişini tutmuşdur. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu səbəbdən tutulmuş məbləğ də iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-8829/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və iddiaçıya ödənilən əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova