Məhkəmə qərarları › İş №2-1(112)-1530/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1530/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1530/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 57 yaşdan pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxx 1961-ci ildə anadan olub. 1977-ci ildə əmək fəaliyyətinə başlayıb, işləməkdə davam edir. 10 iyun 2018-ci ildə 57 yaşının tamamında güzəştli şərtlərlə pensiya hüququ qazanıb. Güzəştli şərtlərlə əmək pensiyası almaq üçün müraciət edib, müraciətinə 04 iyun 2021-ci il tarixli **********5 saylı imtina məktubunu verdilər.

3. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə dair 31 may 2018-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maliK olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 15 noyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızın surətindən göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən (19 il 1 ay 18 gün (16.11.1982-12.01.1990-cı il, 20.01.1990-12.02.1995ci il, 01.02.1999-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (9 il 5 ay 27 gün (20.01.1990-17.08.1992-ci il və 01.02.1999-01.01.2006-cı il tarixləri arasındakı dövrlər )) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, , İddiaçının əmək kitabçasına əsasən, 01.01.2006-cı il tarixinə qədərki ümumi iş stajı 25 ildən azdır (19 il 1 ay 18 gün). Həmin dövrlərə daxildir: 16.11.1982- 12.01.1990, 20.01.1990-12.02.1995, 01.02.1999-01.01.2006-cı illər. Eyni zamanda iddiaçının həmin tarixə qədərki güzəştli iş stajı da 12 il 6 aydan azdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən isə müvafiq arayış təqdim edilməmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 10.06.2018-ci il tarixinə sözügedən Qanunun 29.1-1ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsini nəzərə alaraq 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19871,53 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 37623,96 manat olmaqla cəmi pensiya kapitalı 57495,49 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 2 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19871,53 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 37623,96 manat pensiya kapitalı qeydə alınmışdır. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 57 yaşının tamam olduğu 10.06.2018-ci il tarixinə 25811,94 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşının tamam olduğu 10.06.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

6. İddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək əmək fəaliyyəti aşağıdakı kimidir: -05.07.1977-ci ildə C.Əhmədov adına kolxozda kolxozçu kimi başlayıb, 1980-ci ilin may ayında sovxozdan ordu sıralarına səfərbər edilmişdir; -19.05.1980-04.06.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur; -30.05.1982-21.10.1982-ci illərdə C.Əhmədov adına üzümçülük sovxozunda fəhlə işləmişdir; - 16.11.1982-12.02.1995-ci illərdə Ağır dəzgahqayırma zavodunda müxtəlif vəzifələrdə («Краматорское станкостроительное объединение»; «Краматорский завод станкостроения» им. В.Я.Чубаря) -21.02.1995-25.12.1998-ci illərdə "xxxx" firmasında; -01.02.1999-01.01.2006-ci illərdə “Azərneftyağ” istehsalat birliyində müxtəlif vəzifələrdə işləmişdir.

7. Məhkəmə sorğusuna cavab olaraq Heydər Əliyev adına X1 tərəfindən bildirilmişdir ki: - 01.02.1999-01.04.2001 (17 N-li sex, doldurma- estakadası, doldurucu- boşaldıcı); -01.04.2001-10.06.2003 (17 N-li sex, neft məhsullarının dəmir yol yüklənmə estakadası, süzücü-tökücü (doldurucu)); -10.06.2003-16.08.2004 (11 N-li sex, neft məhsullarının dəmir yol yüklənmə estakadası süzücü-tökücü(doldurucu)); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301а-17531, Xİİ bölmənin 3-cü yarımbölməsinə uyundur; -16.08.2004 - 18.04.2014 (11 N-li sex, neft məhsullarının dəmir yol yüklənmə estakadası, əmtəə operatoru) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli. 320 nömrəli Qərarı (2-ci siyahı) şifrə 2130301а- 16085, Xİİ bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5.(Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçinlərindən başqa) kömürün və şistin emalı) bölməsinə uyundur; -18.04.2014 - Hal- hazıradək (11 N-li sahə, neft məhsullarının dəmir yol yüklənmə estakadası, əmtəə operatoru) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə uyundur.

8. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən bildrilmişdir ki, dövlət reyestrində "xxxx" Firmasının (VÖEN: **********) 24.04.1998-ci il tarixdə 347 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin, reyestrdə həmin hüquqi şəxsin ləğv edilməsi və ya yenidən təşkil edilməsi barədə məlumat mövcud deyildir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən bildrilmişdir ki 04.03.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən “Vəhdət" Firması 05.05.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə uçota alınmış və 23.12.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Firmanın hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir.

10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş cavabda bildirilir ki, Cəbrayıl rayonu 23.08.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayonunun C.Əhmədov adına kolxoz və solxozun arxiv sənədləri işğal zonasında qaldığı üçün İddiaçı 1977-1982-ci illərə aid Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Lakin Cəbrayıl rayon Dövlət Arxivində mövcud olan Kolxozların: Kolxozçuların əmək stajı və qazancının uçot kitabında ayrı-ayrılıqda hər bir kolxoz üçün göstərilmişdir. Nümunə üçün M.Ə.Rəsulzadə adına kolxozda qadınlar üçün minimum iş günü 200, kişilər üçün 220 iş günü təyin edilmişdir. K.Məmmədli adına kolxozda qadınlar üçün 180, kişilər üçün 230 iş günü təyin edilmişdir. Araz adına kolxozda qadınlar üçün 180, kişilər üçün 240 iş günü təyin edilmişdir. M.Hüseynzadə adına kolxozda qadınlar üçün 160, kişilər üçün 200 iş günü təyin edilmişdir.Qeyd olunan kolxozların mühasibat sənədləri, kolxozun ümumi yığıncağın protokolları,qərarları işğal zonasında qaldığı üçün olduğu kimi məlumat verilə bilmir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. İddiaçı əlavə olaraq bildirir ki, “Nəsimi” adına kolxoz 1970-1979-cu illərdə C.Əhmədov adına kolxoz, 1979-1986-cı illərdə C.Əhmədov adına sovxoz olmuş və 1986-cı ildən “Nəsimi” adına kolxozdur. Buna dair vaxtilə kolxozun sədri olmuş Ə.Hüseynov ona vaxtilə arayış verib.

12. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

18. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

19. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

20. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021ci il tarixdə imtina edilmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

27. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

28. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

29. Arxiv arayışı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: -qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

32. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra (qanun 01.07.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

34. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

35. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

36. İddiaçının ümumi stajına aşağıdakı dövlərin daxil olması cavabdeh tərəfindən nəzərə alınmır: - 1977-05.1980 C.Əhmədov adına kolxozda, daha sonra sovxozda işlədiyi dövr; -19.05.1980-04.06.1982-ci illərdə həqiqi hərbi xidmətdə olduğu; -30.05.1982-21.10.1982-ci illərdə C.Əhmədov adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövr; 21.02.1995-25.12.1998-ci illərdə "xxxx" firmasındakı əmək fəaliyyəti; Eləcə də əmək fəaliyyətinin əmək şəraiti zərərli və ağır işlərdə aşağıdakı dövr nəzərə alınmır. ağır dəzgahqayırma zavodunda («Краматорское станкостроительное объединение»; «Краматорский завод станкостроения» им. В.Я.Чубаря) 01.03.1984-12.01.1990-cı illərdəki əmək fəaliyyəti.

37. 1977-1982-ci illlərdə C.Əhmədov adına kolxozda, daha sonra sovxozda işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında müvafiq qeyd mövcuddur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş cavabda isə bildirilir ki, Cəbrayıl rayonu 23.08.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayonunun C.Əhmədov adına kolxoz və solxozun arxiv sənədləri işğal zonasında qaldığı üçün İddiaçı 1977-1982-ci illərə aid Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Odur ki, iddiaçının əmək kitabçasında müvafiq qeyd olduğundan və Cəbrayıl rayonunun C.Əhmədov adına kolxoz və solxozun mövcudluğu şübhə doğurmadığından məhkəmə həmin arxiv arayışının təqdim olunmamasının obyektiv əsaslardan (arxiv sənədləri işğal zonasında qaldığı üçün) irəli gəldiyini nəzərə alır.

38. 23 sentyabr 1992-ci il ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Həmin maddəyə əsasən, iş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

39. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının sovxozda işlədiyi dövr minimum əmək iştirakı norması ilə deyil (kolxoz olmadığı üçün), təqvim ayları ilə nəzərə alınmalı, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, 1980-ci ilin may ayında artıq sovxozda işlədiyi dövrdə ordu sıralarına çağırıldığı qeyd edildiyindən 1979-cu ildən C.Əhmədov adına kolxozun sovxoz olmasına dair dəlillərini məhkəmə qəbul edir.

40. İddiaçının 1977-1979-cu illərdə C.Əhmədov adına kolxozda işlədiyi əmək kitabçasındakı qeydlə təsdiq olunduğundan minimum əmək iştirakı normasının yerinə yetirməməsinə dair müvafiq dəlillər cavabdeh tərəfindən təqdim olunmamışdır.

41. Qeyd edilən hala məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, həmin arxiv arayışının olmaması səbəbindən iddiaçının qeyd edilən dövrdəki əmək fəaliyyətinin onun sığorta stajına daxil edilməməsi ona münasibətdə ədalətli yanaşma hesab edilə bilməz. Odur ki, iddiaçının 05.07.1977-05.1980-ci illərdə C.Əhmədov adına kolxozda və daha sonra sovxozda, eləcə də 30.05.1982-21.10.1982-ci illərdə C.Əhmədov adına üzümçülük sovxozundakı əmək fəaliyyəti onun sığorta stajına daxil edilməlidir.

42. İddiaçının əmək kitabçasındakı 21.02.1995-25.12.1998-ci illərdə "xxxx" Firması ilə bağlı qeydə münasibətdə məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidməti tərəfindən verilən məlumatlara əsasən, ********** nömrəli VÖEN ilə "xxxx" Firmasının 24.04.1998-ci il tarixdə uçota alındığı, eləcə də ********* nömrəli VÖEN ilə “Vəhdət" Firmasının 05.05.1998-ci il tarixdə uçota alındığı bildirilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının "xxxx" firmasındakı ən azı 07 ay 20 günlük əmək fəaliyyəti (05.05.1998-ci il tarixdən 25.12.1998-ci il tarixədək) nəzərə alınmalı və sığorta stajına daxil edilməlidir (həmin dövrdə “Vəhdət" Firmasının mövcudluğu şübhə doğurmur).

43. 23 sentyabr 1992-ci il ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci “v” bəndinə əsasən, hərbi (alternativ) xidmət iş stajına daxil edilir.

44. Odur ki, qeyd edilən dövrlər (eləcə də iddiaçının həqiqi hərbi xidmət dövrü) nəzərə alındığı təqdirdə, iddiaçının ümumi sığorta stajı ən azı 25 ildir.

45. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, açıq informasiya mənbələrindən internet-axtarış sistemində olan məlumata əsasən Kramatorsk ağır dəzgahqayırma zavodu (Краматорский завод станкостроения) Ukraynanın Kramatorks şəhərində yerləşən 1937-ci ildə təsis edilmiş maşınqayırma zavodudur. Zavod ağır torna və frezer dəzgahları (tornalar, üz döndərənlər, tornalar, rulonlar, mərkəzsiz tornalar, təkər frezeləri, məftil kəsənlər, payız yayma, boru kəsən, sap kəsən, qazma dəzgahları) istehsal edir. Zavodun istehsal etdiyi maşınlar dünyanın bir çox ölkələrinə tədarük edilir. Zavodun istehsal etdiyi, vaqonların təkər cütlərini döndərmək üçün nəzərdə tutulmuş təkər dəzgahları lokomotiv və vaqon depolarında istifadə olunur. Zavodun özünün metallurgiya istehsalı (çuqun, bürünc, silumin külçələrin tökməsi, babbitt tökmə), qaynaq istehsalı, mexaniki emal istehsalı var. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, 01.03.1984-cü ildən 12.01.1990-cı il tarixlərdə həmin zavodda frezerçi peşəsi üzrə işləmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 01.03.1984-cü ildən 12.01.1990-cı il tarixədək işlədiyi frezerçi peşəsi 2 nömrəli siyahıda Vİİİ bölmə Metallurgiya istehsalatı (əlvan metallar) (********) 13-cü bəndinin Əlvan metal ovuntusunun istehsalı (********) külçə frezerçiləri (2091500a—19488) peşəsinə uyğundur.

46. Heydər Əliyev adına X1 tərəfindən verilmiş arayışa əsasən, iddiaçının ən azı 01.02.1999-01.01.2006-cı illərdə olan dövrdə əmək fəaliyyətinin əmək şəraiti zərərli və ağır olan işlərdə olması mübahisələndirilmir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Xİİ bölmənin 3-cü yarımbölməsinə Şifrə 2130301а-17531 və şifrə 2130301а-16085 uyğun olmaqla 6 il 11 ay 1 günlük dövr).

47. Qeyd edilməlidir ki, iddiaçının həmin Kramatorsk ağır dəzgahqayırma zavodunda 20.11.1990-17.08.1992-ci illərdəki iş icraçısı kimi əmək fəaliyyəti cavabdeh qurum tərəfindən əmək şəraiti zərərli və ağır olan işlərdə staj kimi nəzərə alınmışdır.

48. Odur ki, iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 6 aydır.

49. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

50. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana 31.05.2021-ci il tarixdə müraciət etmişdir.

51. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

53. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

54. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

55. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

57. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı 10.06.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar