Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1531/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildən - 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1960-cı ildə Qusar rayonunda anadan olmuşdur, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək Bakı şəhər 3 saylı TPM-də təhsil almış, xx.xx.1978-ci ilin oktyabr ayının 13-də “Kommunist” Nəşriyyatında əmək fəaliyyətinə başlamış və 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək “Sumqayıt İEM-2”-nin Qazan Turbin sexində nəzarətçi maşinist, xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilədək Turbin sexində turbin maşinisti və xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək həmin sexdə növbə rəisi vəzifəsində işləmişdir. O, fərdi fəaliyyətlə məşğul olmaqla adına VÖEN açdırmış və 1 il 4 ay taksi xidməti fəaliyyətini göstərmişdir. Onun ümumi əmək stajı TPM-də təhsil aldığı 3 ili də nəzərə alınsa, 28 ildir. Həmin əmək stajının 21 ili zərərli iş hesab edilir və 2 nömrəli siyahının Xİİİ bəndinə əsasən onun yaşa görə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Bununla bağlı o, müvafiq sənədləri toplamaqla cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat Sumqayıt Asan Xidmət vasitəsi ilə ona xx.xx.2020-ci il tarixdə ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunda onun ümumi əmək stajının xx.xx.2006-cı il tarixə kimi 25 ildən az olması və sığorta kartında pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması göstərilmiş və bu səbəbdən də ona pensiyanın təyin edilməsindən imtina edilmişdir. O, həmin imtina ilə razı deyil, belə ki, onun ümumi əmək stajı 25 ildən artıqdır və həmin əmək stajının 21 ilini 2 nömrəli Siyahıda qeyd edilən və onun vaxtından qabaq güzəştli əsaslarla əmək pensiyasına çıxmasına əsas verən əmək sahəsində çalışmışdır. Bütün bunlar onun güzəştli əsaslarla əmək pensiyasına çıxmasına əsas verir və konkret halda onun sığorta kartında yığılan kapitalın az olması onun bu hüquqdan istifadə etməsinə maneə olmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı x xxxxxx 2006-cı il tarixinədək 25 ildən az təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 24420,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı xx xxxxxx 2006-cı il tarixinədək 25 ildən az təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 24420,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15533,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilməməsi bildirilmişdir. İş materiallarında olan iddiaçıya məxsus A seriyalı 789070 nömrəli xx.xx.1978-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə Bakı şəhər C.Babayev adına 3 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirmişdir, ona beşinci dərəcə ilə sətirtökən maşınla yığan mürəttib ixtisası verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin xx xxxxx 2018-ci il tarixli 10-KŞ nömrəli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Ziyəddin oğlu həqiqətən “Sumqayıt İEM-2”-də: xx.xx.1981-ci ildən (Pp-N98-k) xx.xx.1982-ci ilə qədər Qazan-Turbin sexində nəzarətçi maşinist vəzifəsində işləmiş, -kod: 2140000a - 13931; xx.xx.1982-ci ildən (əmr N91-k) xx.xx.1999-cu ilə qədər Turbin sexində turbin maşinisti vəzifəsində işləmiş, -kod: 2140000a- 13658; xx.xx.1999-cı ildən (əmr 9-1) xx.xx.2002-ci ilə qədər (Əmr-35-kş) Turbin sexində Növbə rəisi vəzifəsində işləmiş. - kod: 2140000b - 24043; 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir. “xxxx” ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Sumqayıt İEM-1” hüquqi şəxs kimi ləğv edilmişdir. «xxxx» ASC-nin xx.xx.2002-ci il tarixli 43 №-li əmrinə əsasən yeni hüquqi şəxs yaranmışdır “xxxx” MMC. xx.xx.2004-cü il tarixli 52 №-li əmrinə əsasən “xxxx” MMC - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı işə qəbul olunanadək xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək C.Babayev adına 3 saylı texniki peşə məktəbində təhsil almışdır, xx.xx.1978-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin “Kommunist” Nəşriyyatı İdarəsində maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi vəsifəsinə qəbul olunmuşdur, xx.xx.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir, xx.xx.1981-ci ildə 2 saylı Sumqayıt EİSda TİS-nin turbin sexinə köməkçi avadanlıqlar üzrə maşinist-baxıcı vəzifəsinin öyrəncisi qismində qəbul edilmişdir, xx.xx.1981-ci ildə imtahan verdikdən sonra turbin avadanlığı üzrə maşinist-baxıcı vəzifəsinə təyin edilmişdir, xx.xx.1982-ci ildə İV qrup TİS-nə turbin maşinisti təyin edilmişdir, xx.xx.1989-cu il tarixdə SSRİ Nazirlər Sovetinin SSKP MK-nin xx.xx.1986-cı il tarixli, 1115 saylı Qətnaməsinə və “xxxx” ASC-nin əmrinə əsasən iş yerlərinin attestasiyasına əsasən Turbin sexinə zərərli əmək şərtləri ilə 6-cı dərəcəli turbin maşınisti vəzifəsinə keçirilmişdir, xx.xx.1995-ci ildə Turbin sexinin 7 (yeddinci) dərəcəli turbin maşınisti dərəcəsi verilmişdir, xx.xx.1999-cu ildə Turbin sexinin növbətçi rəisi təyin edilmişdir, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “3”-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək xxxx MMC-də Turbin sexinə növbə rəisi vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək Bakı şəhəri C.Babayev adına 3 saylı texniki peşə məktəbində təhsil almışdır, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1978-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin “Kommunist” Nəşriyyatı İdarəsində maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi vəsifəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə 2 saylı Sumqayıt EİS-da TİS-nin turbin sexinə köməkçi avadanlıqlar üzrə nəzarətçi maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə imtahan verdikdən sonra turbin avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci ildə İV qrup TİS-nə turbin maşinisti təyin edilmiş, xx.xx.1989-cu ildə Turbin sexinə zərərli əmək şərtləri ilə 6-cı dərəcəli turbin maşınisti vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə Turbin sexinin 7 (yeddinci) dərəcəli turbin maşınisti dərəcəsi verilmiş, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Turbin sexində növbə rəisi vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı müddət və hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 26 il 10 ay ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı “Sumqayıt İEM-2”-də xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Qazan- Turbin sexində nəzarətçi maşinist vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilə qədər Turbin sexində turbin maşinisti vəzifəsində, xx.xx.1999-cı ildən xx.xx.2002-ci ilə qədər Turbin sexində Növbə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (Qazan-Turbin sexində nəzarətçi maşinist - Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, kod 2140000a-13931 - turbin avadanlığı üzrə nəzarətçi maşinistlər; Turbin sexində turbin maşinisti - Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, kod 2140000a-13658 - qaz-turbin qurğularının maşinistləri; Turbin sexində Növbə rəisi - Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, kod 2140000b-24043 - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 21 il 4 ay 21 gün). Beləliklə, iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsinin tələb edilməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1531/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1531/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver