Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1531/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 2021-ci ilin mart ayından ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin iddianın dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı 2021-ci ilin mart ayından 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməmin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 X2-Sosial Ekspert Komissiyasının qərarına əsasən, İddiaçı “Bronxial astma infeksion allergik forma” xəstəlik diaqnozu ilə xx.xx.2009cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. 04 fevral 2009-cu il tarixdən başlayaraq 18 mart 2016-cı il tarixədək fasiləsiz olaraq hər il müayinədən keçməklə, ona 2-ci dərəcə əlillik müəyyən eilmişdir. Əlilliyin müddəti hər dəfə bir il artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 Saylı Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən iddiaçıya “Bronxial astma infeksion allergik forma" xəstəlik diaqnozu ilə 18 mart 2016-cı il tarixdən 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Növbəti müayinə tarixi 18 mart 2021-ci il tarixə təyin edilmişdir. 2021-ci ilin aprel ayından etibarən əlillik dərəcəsinə uyğun olaraq təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin tələblərinə zidd olaraq ona bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. Müraciəti cavabdehə 06 may 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə zidd olaraq iddiaçıya, bu vaxta kimi ikinci dərəcəli əlillik müddətsiz təyin edilməmiş və qanunvericiliyin tələblərinin ziddinə olaraq onun 28 aprel 2023-cü il tarixli müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, ona ikinci dərəcə əlillik müddətsiz təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o xx.xx.2023-cü ildə, yəni təxminən 1 il 6 ay sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh hesab edir ki, hazırkı işdə İddiaçı əlillik təyin edilməsi ilə əlaqədar iddiası mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirməsinə dair sonuncu ərizəni müdafiə edərək bildirdi ki, iddiaçı əlillik müddətinin bitdiyi 2021-ci ilin mart ayından sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinədən keçmiş və ona əlillik təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Lakin hazırkı tələb üzrə onlar cavabdeh inzibati orqanın həmin qərarını deyil, iddiaçının əlilliyinin müddətinin bitdiyi 2021-ci ilin mart ayından sonrakı hərəkətlərini mübahisələndirirlər. Hesab edirlər ki, iddiaçıya ilk dəfə xx.xx.2009-cu ildə 2-ci dərəcəli əlillik təyin edildikdən sonra 2019-cu il tarixdə əlilliyinin 10 ili tamam olduğundan inzibati orqan tərəfindən 2016-cı ilin martında iddiaçıya təyin edilmiş 5 il müddətinə əlillik təyin edilməsi barədə qərar 2019-cu il tarixdə cavabdeh inzibati orqan tərəfindən dəyişdirilərək əlilliyin müddətsiz təyin edilməsi barədə qərarla əvəz edilməli və ya xx.xx.2021-ci ilin mart ayında əlillik müddəti bitdikdən sonra yeni göndəriş almadan və əlillik vəziyyəti qiymətləndirilmədən iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilməli idi. Ona görə də, iddiaçının nümayəndəsi və vəkili tələbi müdafiə edərək, iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılaraq tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciət məktubundan görünür ki, iddiaçı ona xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə ilkin müayinədən keçmiş ona 1 il (bir il) müddətinə 2-ci qrup ümumi xəstəlik səbəbindən əlillik müəyyən edilmişdir. Sonradan Komissiya tərəfindən müxtəlif tarixlərdə arayışlar verilmiş, iddiaçıya xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə hər dəfə bir il müddətinə olmaqla, 2-ci qrup əlillik müəyyən edilmişdir. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif – Tənəffüs sistemi xəstəlikləri => J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 – Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik təyin edilmişdir. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə müayinə edilərək “Əlavə müalicəyə ehtiyacın olması – İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin.” səbəbi ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması səbəbinə görə iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya” altsistemində olan məlumata (vətəndaşın pensiya işinin arxiv faylları) əsasən İddiaçı xx.xx.2009-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. MEİS-in “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixində adıçəkilən şəxsin əlilliyinin müddəti bitmiş və onun əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Eyni zamanda vətəndaşın yeni əlilliyi müəyyən edilməmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsində "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş hüquqi mövqeyin nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunan Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia üzrə işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona 2021-ci ilin mart ayından 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsidir. İddiaçının mövqeyinə görə, ona 2009-cu il tarixdə 2-ci dərəcəli əlillik təyin edildikdən sonra 2019-cu il tarixdə əlilliyinin 10 ili tamam olduğu üçün inzibati orqan tərəfindən 2016-cı il tarixli, 5 il müddətinə əlillik təyin edilməsinə dair qərara dəyişiklik edilərək onun əlilliyi müddətsiz olaraq müəyyən edilməli, yaxud 2021-ci ilin mart ayında İddiaçı yeni göndəriş almadan və əlilliyi qiymətləndirilmədən müddətsiz əlillik təyin edilməli idi. İstinad olunan Plenum Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Məhkəmə iddiaçının hüquqi marağına və məqsədinə münasibətdə dəyərləndirmə apararaq gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan: -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: -1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göründüyü kimi qanunvericilikdə əlilliyinin qiymətləndirilməsi, müəyyən edilməsi və ya imtina edilməsi səlahiyyətli tibb müəssisələri tərəfindən verilmiş göndəriş əsasında həyata keçirilməsi ilə şərtləndirilmişdir. Belə ki, qanunverici şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbulu səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid etsə də, əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsini məcburi sayır. Bu baxımdan hazırkı tələb üzrə iddiaçıya yalnız müvafiq tibb müəssisəsinin göndərişi əsasında əlillik vəziyyəti qiymətləndirildiyi halda əlillik dərəcəsi verilə bilərdi. Başqa sözlə, əlilliyin təyin edilməsi üçün əsas olmuş xəstəliklərin sağalma ehtimalı olduğundan şəxsin ilk növbədə əlilliyi müəyyən edilməli, yalnız ondan sonra şəxsə müddətsiz əlillik təyin edilməsi məsələsinə baxılmalıdır. İddiaçının əlillik müddətinin bitdiyi 2021-ci ilin mart ayında isə iddiaçının barəsində müvafiq həkim-məsləhət komissiyası tərəfindən müayinənin nəticələrinə dair tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tərtib edilməmiş və belə sənəd Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən TSEK-ə təqdim olunmamışdır. Belə bir göndəriş, xx.xx.2021-ci il və xx.xx.2021-ci ol tarixlərdə tərtib edilib aidiyyəti üzrə təqdim olunmuşdur ki, həmin qiymətləndirmənin də nəticələri iddiiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının digər dəlilinə gəldikdə isə məhkəmə hesab edir ki, işin hallarından da göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona 5 il müddətinə əlillik təyin edilmişdir. Həmin qərar 2019-cu ildə qüvvədə idi və iddiaçı tərəfindən mübahisələndirilməmişdi. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əlilliyin təyin edildiyi müddətin sonunda iddiaçının sağalması istisna edilmədiyindən və yuxarıda vurğulandığı kimi, yalnız əlilliyinin qiymətləndirilməsi nəticəsində əlillik təyin edilməsi üçün əsas verən xəstəliklərinin müəyyən edilməsi vacib olduğundan, ona təkcə 10 il müddətin tamamlandığına görə qüvvədə olan qərarın dəyişdirilməli olması ilə bağlı arqumenti əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sağlamlıq vəziyyətindən, müayinə və müalicələrinin nəticəsindən asılı olmayaraq, cavbdeh inzibati orqan tərəfindən onun əlilliyinin qiymətləndirilməsi mümkün sayıla bilməz. Bu baxımdan iddiaçının hüquqlarının pozulması ilə bağlı cavabdehin hər hansı qanunazidd hərəkəti müəyyən edilmir. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün olmayan hüquqi müdafiə vasitəsindən istifadə etdiyindən hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1531/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1531/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver