Məhkəmə qərarları › İş №2-1(112)-1532/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1532/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1532/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Füzuli rayonunda qeydiyyatdadır,orta təhsillidir və işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “24.11.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması haqqında qərarın ləğv olunması, İ qrup əlilliyin bərpa olunması, iyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarix daxil olmaqla ümumiyyətlə almadığı pensiya pulunun iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 sentyabr 2008-ci il tarixdən 31 iyul 2013-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə "xxxx" Dializ Mərkəzində həftədə üç dəfə xroniki ambulator hemodializ müalicəsi almışdır. 2008-ci ildən 1-ci qrup əlil kimi ona pensiya təyin olunub, həmin pensiyanı 1 qrup əlil kimi 2008-ci ildən may 2020-ci il tarixdə daxil olmaqla almışdır. İyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarix daxil olmaqla ümumiyyətlə pensiyanı almamışdır. İddiaçı 2020-ci il noyabr ayından hal-hazıradək 2-ci qrup əlil kimi pensiya alır. İddiaçı cavabdehin qərarı ilə razı deyildir. O, böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasına planlı şəkildə «Canlı donorlu böyrək transplantasiyası» əməliyyatı olunmaq məqsədi ilə müraciət etmiş, donor öz anası Sevil İsğəndərova olmuşdur. 31 iyul 2013-cü il tarixdə «Canlı donorlu böyrək transplantasiyası» əməliyyatı keçirmiş, iyun 2020-ci il tarixdən İ qrup əlilliyi ləğv edilmiş, aidiyyatı orqanlara müraciət etdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona cavab olaraq bildirmişlər ki, o, böyrək köçürülmə əməliyyatı olunmağı ilə bağlı təqdim etdiyi tibbi sənədləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.4.2-ci bəndinə müvafiq olaraq 24.11 2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı bu qərarı qanunsuz və əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-803/2021 nömrəli, 17.05.2021-ci il tarixli qərardadı ilə “24.11.2020-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsi, birinci dərəcəli əlilliyin bərpa olunması və iyun 2020-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “24.11.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması haqqında qərarın ləğv olunması, İ qrup əlilliyin bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-803/2021 nömrəli, 17.05.2021-ci il tarixli qərardadı ilə iş aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 02.03.2022-ci il tarixli ərizə ilə müraciət edərək, iddia tələbinin “1-ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1993-cü il tarixində doğulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş arayışın surətinə əsasən 1993-cü il təvəllüdlü xəstə İddiaçı həqiqətən 23.09.2008-ci il tarixdən hal-hazıradək Səhiyyə Nazirliyinin göndərişi ilə "xxxx" Dializ Mərkəzində həftədə üç dəfə proqramlaşdırılmış xroniki ambulator hemodializ müalicəsi alır. Diaqnozu: Xroniki pielonefrit. XBÇ, terminal mərhələ. 10.12.2015-ci il tarixli 0325003AAECN nömrəli TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsinə əsasən, İddiaçı “xroniki obstruktiv pielonefrit” əsas diaqnozu qoyulmuş, ağırlaşma - “böyrək çatmamazlığı”, yanaşı xəstəliklər isə - “xroniki obstruktiv pielonefrit” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 37 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0002 nömrəli müayinə aktından çıxarışa əsasən İddiaçı 12.02.2016-cı il tarixdə müayinə olunmuş və ona ümumi xəstəlik səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. 19.05.2020-ci il tarixli 828 nömrəli Azərbaycan Respublikası Tibbi ərazi bölmələrinin idarəetmə birliyi, Füzuli rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin Bakı şəhəri, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasına ünvanladığı məktuba əsasən İddiaçı böyrək köçürülməsindən sonrakı vəziyyətlə bağlı müayinə və müalicə üçün göndərilmişdir. 31.08.2020-ci il tarixli **********2 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon filialının iddiaçıya ünvanladığı məktuba əsasən ona 15.08.2009-cu il tarixdən Tibbi Sosial Ekspert Komissiayası tərəfindən İİ dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində əlillik altsistemində iddiaçının əlilliyi etibarsız hesab edilmiş və 01.06.2020-ci il tarixdən onun müavinət və təqaüd işinin ödənişi dayandırılmışdır. İddiaçıdan aldığı 11034 (on min yüz otuz dörd) manat vəsaitin geri ödənməsi istənmişdir. 26.11.2020-ci il tarixli 2/21738-20 nömrəli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsman) aparatının iddiaçıya ünvanladığı cavab məktubuna əsasən əlillik dərəcəsi bərpa edilməsi ilə bağlı halların yoxlanılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Məsələ ilə bağlı verilmiş cavabdan məlum olmuşdur ki, iddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0325003AAECN nömrəli göndərişi əsasında 12.02.2016-cı il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Səhiyyə Nazirliyinin proqramlı hemodializ alan xəstələrin elektron reyestrində iddiaçının adının mövcud olmadığı müəyyən edilmiş və bu səbəbdən ona dair rəsmiləşdirilmiş xxxxxxx0002 saylı müayinə əsasında aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən verilmiş Epikrizə (xəstəlik tarixi №3457/727) əsasən İddiaçı “son mərhələ böyrək çatışmazlığı, böyrək transplantasiyası resipiyenti” diaqnozu qoyulmuşdur. 26.01.2021-ci il tarixli **********1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin iddiaçıya ünvanladığı məktuba əsasən aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. İddiaçının böyrək köçürülmə əməliyyatı olunması ilə bağlı təqdim etdiyi tibbi sənədləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4.2.-ci bəndinə müvafiq olaraq 24.11.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddia tələbini təsdiq edən sübut qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.05.2020-ci il tarixli 02/19-2564 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevə ünvanlanmış məktubun surəti, 352709 nömrəli AA seryalı məcburi köçkün vəsiqəsinin surəti məhkəməyə təqdim olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə alt sistemdən çıxarışlar təqdim olunmuşdur. Məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 T 319/2021 nömrəli ekspert rəyində göstərilmişdir: “1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Hazırda İddiaçı müəyyən edilmiş “böyrək köçürülməsindən sonrakı vəziyyət” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.2-ci bəndinə uyğun olaraq 24.11.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyə keçirilməsi düzgün olmuşdur. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti 12.02.2016-cı tarixli göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş və müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən həmin göndəriş əsasında aparılmış əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilmiş və iddiaçıya 24.11.2020-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Halbuki iddiaçıya 2016-ci ildən birinci dərəcə əlilliyi müddətsiz təyin olunduğu üçün, qanunvericiliyinin tələblərinə əsasən onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır. Cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.)Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının sağlamlıq vəziyyəti 12.02.2016-cı ildə qiymətləndirilmiş, birinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, altsistem vasitəsilə etibarsız hesab edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin cavabdehin iddiaçını əyani müayinəyə cəlb etmədən qəbul etdiyi hər hansı qərarı qanuni hesab oluna bilməz. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan, iddiaçının 1-ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1-ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1-ci qrup əlilliyin 2-ci qrup əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar