Məhkəmə qərarları › İş №2-1(112)-1532/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1532/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1532/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-C-157839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının tələbi təmin edilməmiş və bildirilmişdir ki, onun təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 24 il 8 ay 25 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 9 ay 25 gün sığorta stajına uyğun olaraq 19.282,14 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 4.197,74 manat olmaqla, ümumilikdə 23.479,88 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda aktiv əmək müqaviləsi ("xxxx" QSC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ildən NN Group MMC-də gözətçi vəzifəsində işləməsi nəzərə alınaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddiaçı iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və tələbinin “əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - cavabdeh) ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hüququnun yarandığı 2023-cü ilin sentyabr ayından pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ilin avqust ayından 1977-ci ilin oktyabr ayınadək Suraxanı rayonu qarışıq mallar ticarətində satıcı vəzifəsində işləmişdir. 1978-ci ilin fevral ayından 2005-ci ilin mart ayına kimi hal-hazırkı adı Suraxanı rayonu qarışıq mallar ticarətində satıcı vəzifəsində işləmişdir. 2019-cu ilin NN Group MMCdə gözətçi vəzifəsində işləmişdir. Əmək kitabçası və tələb olunan sənədlərlə DSMF-nun Suraxanı rayon şöbəsinə müraicət etsə də, onlar müraciətinə baxaraq imtina məktubu vermişlər. O, xx.xx.1977-ci ilin avqust ayından 1977-ci ilin oktyabr ayınadək Suraxanı rayonu qarışıq mallar ticarətində satıcı, 1978-ci ilin fevral ayından 2005-ci il ilin mart ayına kimi Suraxanı rayonu qarışıq mallar ticarətində satıcı vəzifəsində işləmişdir. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və imtina məktubunda göstərilənlərdən əlavə olaraq qeyd etmişdir ki, İddiaçı adına tərtib edilmiş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Ticarət-xidmət və istehsalat” müəssisəsində xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğu üçün onun adına həmin dövr ərzində əməkhaqqı ödənilməmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin iyul ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, onun 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. İşdən görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 9 ay 25 gün sığorta stajına uyğun olaraq 19.282,14 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 4.197,74 manat olmaqla, ümumilikdə 23.479,88 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda aydındır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, ******* nömrəlki hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Suraxanı rayonu Ticarət və İctimai İaşə İdarəsində satıcı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də gözətçi vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə gözətçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci il tarixli, 750259 nömrəli diplomdan görünür ki, İddiaçı 1978-1981-ci illərdə Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Sovet Ticarəti texnikumunda “Ərzaq malları əmtəəşünaslıq və ticarətin təşkili” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək cəmi 29 il 6 ay ümumi sığorta stajına malik olmuşdur. Lakin işdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3, Daxili nəzarət və Monitorinq Departamentinin mütəxəssisləri və AR İN ƏMDX KİTKM-nin arxiv işçisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə (əmr №181, xx.xx.1977-ci il) Suraxanı rayon Ticarət və İctimai İaşə İdarəsində işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə (əmr №75, xx.xx.2005-ci il) işdən azad edilmişdir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1996-cı il tarixədək əmək haqqı hesablanmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti“ X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-06/2-384/2023 nömrəli arxiv arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ) 29 saylı mağazasının xırdavat şöbəsində 5ci dərəcəli satıcı işləmiş İddiaçı 1991-1995-ci illərdə, həmçinin 1996-cı ilin yanvar-mart, may-iyun ayları üzrə əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Suraxanı rayonu Tili ləğv edilərək, müəssisə və obyektləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsidir (bundan sonra-Mərkəz). Arayış əməkhaqqı cədvəlləri əsasında tərtib edilmişdir. Qeyd: 1.xx.xx.1996 - xx.xx.1996-cı il tarixlərdə İddiaçı əmək haqqı hesablanmamışdır; 2. xx.xx.01997 - xx.xx.2005-ci il tarixlərdə əməkhaqqı cədvəlləri Mərkəzin arxivində yoxdur;

3. Mərkəzin arxivində 29 saylı mağazanın 1997-2005-ci illər üzrə fəaliyyətinə dair heç bir sənəd (tabel, mal-material hesabat və sair) mövcud deyil. Göründüyü kimi, iddiaçının əmək kitabçasında onun 1996-2005-ci illərdə 29 saylı mağazasının xırdavat şöbəsində satıcı işləməsi barədə qeyd olsa da, iş materiallarından məlum olur ki, müəssisənin həmin dövrdə fəaliyyəti olmamış, iddiaçı ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1996xx.xx.2005-ci illərin sığorta stajına salınması həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilirdi. Belə ki, həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İşin yuxarıda qeyd olunan hallarına əsasən iddiaçının işlədiyi müəssisə iyul 1996-cı ildən sonra fəaliyyətini dayandırdığından məhkəmə hesab edir ki, cavabdeh həmin dövrü iddiaçının sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Belə olan halda müəyyən olunur ki, iddiaçının xx.xx.1996-cı il tarixə 20 il 8 ay 28 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.2020-ci il tarixdən sonra isə "xxxx" MMC-də işləmiş, həmin dövrdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmiş, nəticədə iddiaçının 2023-cü ilin sentyabr ayına 25 il sığorta stajı tamam olmuş, bununla da iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qeyd olunan hal nəzərə alınaraq məhkəmə icrratının gedişində mübahisənin məhkəmədənkənar həll edilməsi üçün cavabdehə vaxt verilsə də, cavabdeh iddiaçının tələbinin təmin edilməsinə yönələn hər hansı bir hərəkət etməmişdir. Belə olan halda, məhkəmə hazırkı tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlərin iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə sadalananlara əsasən iddiaçının sentyabr 2023-cü il tarixə artıq 65 yaşının tamam olması və qanunla tələb olunan 25 ildən artıq sığorta stajına malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı 2023-cü ilin sentyabr ayından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar