Məhkəmə qərarları › İş №2-1(112)-1533/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1533/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1533/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli 9-333 nömrəli qərarına əsasən atası X4 məxsus olan Ləhic qəsəbəsində bağ sahəsinə mülkiyyət hüququnun verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 Vətən müharibəsi iştirakçısı və Qafqaz uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Atası zabit X13 göstərdiyi qəhrəmanlıq və şücaətə görə Bakı Şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli 9- 333 nömrəli qərarına əsasən Ləhic qəsəbəsində bağ sahəsi ona ayrılmışdır. Mərhum atası yaşadığı zaman Bağ İdarəsinə müraciət etmiş, 04.05.2012-ci il tarixli **********27 saylı məktub əsasında atasına bildirilmişdir ki, ona bağ sahəsi ayrılıb. Lakin atasının yaşadığı müddətdə həmin idarədən hər hansı bir məlumat gəlməmiş, atası rəhmətə getdikdən sonra onun vərəsəsi kimi lazımi bütün sənədləri aidiyyəti təşkilatlardan özü əldə etmişdir. Atası X15 müharibə iştirakçısı olmaqla həm də İİ qrup əlil idi. Bakı şəhəri X14 İcraiyyə Komitəsinin 9/333 saylı 30.08.1989-cu il tarixli qərarına 8 saylı əlavədə də göstərilmişdir ki, Ləhiş massivində 99 saylı bağ-tikinti kooperativin üzvlərinin siyahısında atası X8 qeyd edilmişdir. Ləhiş massivində 99 saylı bağ-tikinti kooperativin üzvlərinin siyahısında atasının adı X8 qeyd edildiyinə görə həmin bağ sahəsinin X15 verildiyinin müəyyən edilməsi üçün hüquqi faktın təsdiq edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. 30.10.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi işə baxaraq, Bakı Şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli 9-333 saylı qərarında Ləhiş massivində 99 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X8 adı ilə qeydə alınmış şəxsin Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.08.2011-ci il tarixli AZ-İ 502581 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X15 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, təqdim edilən Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarında torpaq sahəsinin ölçüsü və bağ nömrəsi qeyd edilməyib. Eyni zamanda bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) təqdim edilməmişdir. Həmçinin ərizəçi bağ sahəsinin yerini tanımadığından baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********97 qeydiyyat nömrəli, 04.06.2021ci il tarixli məktub ünvanlanmışdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfat idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. İddiaçı 14.01.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli 9-333 nömrəli qərarına əsasən Ləhic qəsəbəsində bağ sahəsinin mülkiyyət hüququ ilə atası X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1948-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 04.05.2012-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinə dair sənəd surətlərinin verilməsi ilə bağlı 28 aprel 2012-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli qərarına əsasən 99 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında X2 adına Ləhiş qəsəbəsində bağ sahəsi ayrılmışdır. Sözügedən bağ sahəsinə dair müqavilə və bağ kitabçası haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 36 saylı Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 16.03.2020-ci il tarixli, 76 nömrəli məktubunda qeyd edilmişdir ki, 05 avqust 2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair İddiaçı ərizəsi əsasında 07.11.2012-ci il tarixdə Bakı şəhəri 36 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və o, vərəsə kimi tanınmışdır. İddiaçı 16.03.2020-ci il tarixdə notariat ofisinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0.20 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin verilib-verilməməsi məsələsinə baxmağınız xahiş edilir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 05.06.2020-ci il tarixli, **********73 nömrəli məktubunda bildirilmişdir ki, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinə dair məlumatın verilməsi barədə 06.05.2020-ci tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Ləhiş bağlar sahəsində torpaq (bağ) sahəsi ayrılmasına dair 99 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X5 adı (siyahıda olduğu kimi) göstərilmişdir. Həmçinin bildirilir ki, sorğunuzda bəhs edilən bağ sahəsinə dair X6 adına hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, bağ sahəsi ayrılmış üzvlərin siyahısı ümumi siyahı olduğu üçün surətin verilməsi mümkün olmamışdır, sənəd surətləri yalnız müvafiq məhkəmə qərarına əsasən verilə bilər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16.03.2021-ci il tarixli, **********60 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X6 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə 03.03.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli, 9/333 nömrəli qərarı ilə (8 nömrəli əlavə) 99 nömrəli bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsi ayrılmış üzvlərin siyahısında X5 (siyahıda olduğu kimi) adı göstərilmişdir. Siyahıda göstərilən adla X7 eyni şəxs olması faktının müəyyən edilməsinə dair Xətai Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(011)-5091/2020 saylı qətnaməsi İdarənin arxivində saxlanılan sənəd əsaslarına əlavə edilmişdir. Lakin ərizədə bəhs edilən bağ sahəsinə dair X7 adına hüquqmüəyyənedici sənəd İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 04.06.2021-ci il tarixli, **********97 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 29.04.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, təqdim edilən Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarında torpaq sahəsinin ölçüsü və bağ nömrəsi qeyd edilməyib. Həmçinin ərizəçi bağ sahəsinin yerini tanımadığından baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı 11.11.2011-ci il tarixli, 4967 nömrəli arxiv arayışına əsasən Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı 2 iyul 1988-ci il tarixli sərəncamına və Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarına uyğun olaraq Bakı şəhəri X9 İcraiyyə Komitəsi tərəfindən Bağ-tikinti kooperativlərinin şəxsi tərkibinin təsdiq olunması ... DSK 99-40 nəfər; ... 1-15 saylı əlavələrə əsasən və müəyyən edilmiş qaydada onlara bağ sahələrinin ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1988-ci il tarixli qərarına 8 saylı əlavəyə əsasən Ləhiş massivində 99 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X2 adı 4-cü sırada göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5091/2020 nömrəli, 30.10.2020-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 9/333 saylı 30.08.1989-cu iİ tarixli qərarında Ləhiş massivində 99 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X8 adı ilə qeydə alınmış şəxsin Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.08.2011-ci il tarixli AZ-İ 502581 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X15 ilə eyni şəxs olması faktının müəyyən edilməsi qərara alınmışdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, İddiaçı 05.08.2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi olmaqla Ləhiş massivində yerləşən bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarında torpaq sahəsinin ölçüsü və bağ nömrəsinin qeyd edilmədiyini, iddiaçının bağ sahəsinin yerini tanımadığından baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən bağ sahəsinə hüquqların mərhum X10 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək (bənd 2.0.1); hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək (bənd 3.0.24) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iş üzrə iddiaçının mərhum atası X6 adı (X8 kimi) 99 nömrəli kooperativ üzvlərinin siyahısında göstərilsə də sonuncuya konkret olaraq hansı nömrəli, hansı ölçüdə bağ sahəsinin ayrılması barədə qərarın qəbul edildiyi müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarı 15 adda (sayda) bağ kooperativlərinin yaradılması haqqındadır və bu qərar ümumi məzmunlu olmaqla konkret olaraq hər hansı şəxsə, o cümlədən mərhum B.B.İsmayıloviçə torpaq sahəsinin ayrılmasını nəzərdə tutmamışdır. Qərara konkret olaraq 99 nömrəli kooperativə ayrılmış torpaq sahəsinin cizgisi, ayrıc aktı əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə görə fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdəndir. Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarının qəbul edildiyi vaxt qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarı ilə torpaq sahəsinin ayrıldığını iddia etsə də həmin vaxt torpaq sahəsi mərhum B.İ.Baqişevin naturada (faktiki) istifadəsinə təhvil verilməmişdir. Bakı şəhəri XDS İK-nin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarı əsasında verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənədlər) təqdim edə bilməmişdir. Bunun məntiqi davamıdır ki, iddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi yeri naturada tanımır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. İnzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar