Məhkəmə qərarları › İş №2-1(112)-1533/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1533/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1533/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçın İddiaçı, cavabdehin nümayəndəsi Rzayeva Sevil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixində Naxçıvan şəhəri 1 saylı Nikah Evi tərəfindən tərtib edilmiş 841 nömrəli doğum haqqında akt qeydində adının “Firəngiz” qrafasından “Sevinc” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-ci il tarixində Naxçıvan şəhərində doğulmuşdur. Onun doğumu Naxçıvan şəhəri 1 saylı Nikah evində qeydiyyata alınarkən atası öz anasının, yəni nənəsinin adını ona qoyaraq Firəngiz kimi qeyd etdirmiş və Firəngiz adı kimi doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan nənəsi ilə babasının nikahları pozulduğundan babası onun adını Sevinc olaraq dəyişdirərək xx.xx.1997-ci il tarixində XİX JQ- 492268 saylı doğum haqqında şəhadətnamə almışdır. İddiaçıya məxsus bütün sənədlər həmin doğum haqqında şəhadətnaməyə uyğun olaraq adı Sevinc kimi qeyd edilmişdir. Adının doğum haqqında akt qeydində Firəngiz kimi qeyd edilməsindən onun məlumatı olmamışdır. Yalnız doğum haqqında şəhadətnaməsi itdikdən sonra təkrar doğum haqqında şəhadətnamə əldə etmək üçün müraciət etdikdən sonra adının doğum haqqında akt qeydində Firəngiz kimi qeyd edilməsi məlum olmuşdur. İddiaçıya məxsus digər sənədlərdə- şəxsiyyət vəsiqəsində, orta təhsil haqqında attestat, ali məktəb diplomu və digər sənədlərdə adı “Sevinc” olaraq yazılmışdır. Ailə üzvləri, qohumları, digər tanışları onu “Sevinc” kimi tanıyırlar. Yuxarıda qeyd edilən bu ziddiyətli halın aradan qaldırılması üçün ilk dəfə Cavabdehnə Naxçıvan şəhəri 1 saylı Nikah Evi tərəfindən tərtib edilmiş 841 nömrəli xx.xx.1996-ci il tarixli doğum haqqında akt qeydində adının “Firəngiz”dən “Sevinc”ə dəyişiklik edilməsinə dair ərizə ilə müraciət etdi. Lakin Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli məktuba əsasən ərizənin təmin edilməsindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarına əsasən, hüquqi faktın təsdiq edilməsi barədə təsdiq edilmiş ‘'Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq xx.xx.2023-cü il tarixli ərizəni təmin etməkdən imtina edərək bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi, əlavə edilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və əsassızdır. Sözügedən akt və sənədlərdə tələb etdiyi dəyişikliklərin edilməsinə maneə yoxdur.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, adınıza tərtib edilmiş doğum haqqında akt qeydində “Uşaq haqqında məlumat” qrafasının “Adı” bəndində adın “Firəngiz”-dən “Sevinc”-ə dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığına görə ərizənizin təmin edilməsi mümkün deyil. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.”

4. Cavabdeh tərəfindən məhkəmə sərəncamına uyğun olaraq verilmiş iddiaya dair münasibətdə bildirilmişdir ki, vətəndaş İddiaçı doğum haqqında təkrar şəhadətnamə alınması üçün Cavabdehnə və Naxçıvan şəhər 1 saylı “Nikah evi” tərəfindən göndərilmiş akt qeydində onun adında ziddiyət olduğu məlum olmuş və ərizəsi təmin edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Rzayeva iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsini surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Vəsiqədə şəxsin adı “Sevinc” kimi göstərilmişdir.

12. İddiaçıya məxsus AM 030861 nömrəli magistr diplomu, A 182169 nömrəli tam orta təhsil haqqında attestat, A 126628 nömrəli bakalavr diplomunun surətindən görünür ki, iddiaçının adı “Sevinc” kimi göstərilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, xx.xx.1996-cı ildə Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunmuş X1 doğum haqqında akt qeydində adının “Sevinc” kimi dəyişilməsinə dair hər hansı qeydiyyat aparılmamışdır. Vətəndaşın adının hansı əsaslarla dəyişdirildiyi bizə məlum deyil. - xx.xx.1996-cı il tarixli 841 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1996-cı il tarixdə doğulmuşdur. X2, atası X4r.

14. Məhkəmənin sorğusuna cavab olaraq DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı adı “Sevinc” qeyd edilərək xx.xx.2004-cü il tarixdə AZE-10015482 nömrəli, xx.xx.2013-cü il tarixdə AZE-13055109 nömrəli, xx.xx.2023-cü il tarixdə AA-4810870 nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən İddiaçı məxsus fərdi uçot kartoçkasının təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. - fərdi uçot kartoçkasının təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuş, X2, atası X4r. Ona xx.xx.2013-cü il tarixdə AZE-13055109 nömrəli şəxsiyyət vəsiqəsi Nizami rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş AZE 10015482 nömrəli xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsi və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunmuş XİX– jq 492268 nömrəli xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamə əsasında verilmişdir.

IV. Məhkəmənin mövqeyi

16. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus doğum haqqında şəhadətnaməni itirmişdir, iddiaçının doğum haqqında akt qeydində adı “Firəngiz”, daha sonra tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə - AZE- 10015482 seriya nömrəli, AZE-13055109 seriya nömrəli və AA-4810870 nömrəli şəxsiyyət vəsiqələrində, eyni zamanda, tam orta təhsil haqqında attestat, magistr diplomu və bakalavr diplomunda isə “Sevinc” kimi qeyd olunmuşdur. İddiaçı ona məxsus doğum akt qeydində adının “Firəngiz” kimi deyil, “Sevinc” kimi qeyd olunmasını, buna görə də təkrar doğum haqqında şəhadətnaməni ala bilmədiyini bildirməklə həmin sənəddə düzəliş edilməsini xahiş edir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, Sevinc qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, Sevinc qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

20. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, Nizami rayon Polis Şöbəsi tərəfindən xx.xx.2004-cü il, xx.xx.2013-cü il tarixlərdə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzindən xx.xx.2023-cü il tarixdə verilmişdir şəxsiyyət vəsiqələrinin ad qrafasında şəxsin adı “Firəngiz” deyil, “Sevinc” olaraq qeyd olunmuşdur. Həmçinin, müəyyən olunur ki, AZE- 13055109 nömrəli xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər qismində iddiaçının AZE 10015482 nömrəli xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsi, XİX– jq 492268 nömrəli xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnaməsi göstərilmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

22. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

23. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin müvafiq tarixlərdə verilmiş şəxsiyyət vəsiqələrində və vəsiqənin verilməsinə əsas olduğu göstərilən doğum haqqında şəhadətnaməsində, eyni zamanda, təhsil haqqında diplomlarında adının “Sevinc” olması iş materialları ilə müəyyən edilir.

24. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının adının “Sevinc” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və onun adı “Firəngiz” kimi deyil, “Sevinc” kimi göstərilməlidir.

25. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixində Naxçıvan şəhəri 1 saylı Nikah Evi tərəfindən tərtib edilmiş 841 nömrəli doğum haqqında akt qeydində adının “Firəngiz” qrafasından “Sevinc” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar