Məhkəmə qərarları › İş №2-1(112)-1534/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1534/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1534/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “məktəbin rus bölməsinə qəbul edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “məktəbin rus bölməsinə qəbul edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2017-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri 242 nömrəli tam orta məktəbin rus dili bölməsinə qeydiyyata alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olan İddiaçı atasıdır. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Onun anası X1 Federasiyasının vətəndaşıdır, Azərbaycan Respublikasında yaşama icazəsi vardır. Övladları 2024-cü ildə başlayacaq yeni təhsil ili üçün artıq birinci sinifə gedəcəkdir. Valideynləri olaraq belə qərar vermişlər ki, rus dili ilə tədris olunan orta təhsil alsın. Bunun üçün ilk öncə onu uzun müddət rus dili tədrisinə cəlb etmişlər ki, orta məktəbə daxil olduqda dil baryeri olmasın. Təhsil Nazirliyi 2024-cü il üçün rus dilində aparılan tədris bölməsinə qəbulla bağlı müsahibə elan etmişdir. İlk öncə qeyd edir ki, bu tələbin hər-hansı bir hüquqi əsası mövcud deyildir. Nəhayət Bakı şəhəri Xətai rayonu 95 saylı orta məktəbdə bir çox valideynlər kimi onlar da, öz uşaqlarını müsahibəyə aparmışlar. Müsahibədə sadəcə onun şahidi olmuşlar ki, bu formal xarakter daşıyır, şəffaf keçirilmir. Məsələn, onlarla müsahibəyə girən və heç bir cavab verməyən və hətta müsahibə zamanı yataq xəstəsi uşaqların keçirildiyinə belə əmin olmuşlar. Müsahibə xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında yerləşən 95 nömrəli orta məktəbdə baş tutmuşdur. Müsahibənin nəticələrindən hər kəsin şikayət vermək hüququ vardır. O cümlədən onlar da, şikayət vermişlər. Heç bir araşdırma aparılmamışdır. Qeyd edirlər ki, müsahibə video qeydiyyat vasitəsilə aparılır. Nəticədən narazı olanlar bunu mübahisələndirə bilər. Videonun təkrar baxışını apellyasiya komissiyasından tələb edə bilər. Bu isə şəffaf olmalı, valideynlərin iştirakı ilə araşdırılmalı, həmin zaman müsahibədən uğurla keçən digər uşaqlarla müqayisəli şəkildə təhlil edilməli idi. Lakin, bu baş verməmişdir. Bir daha vurğulayırlar ki, müsahibə qanuni əsasa söykənmir. Qanuni əsası mövcud olma ehtimalı nəzərə alınsa belə, şəffaf keçirilməli, araşdırmalar aparılmalı, müqayisəli təhlildən sonra bu məsələyə dair yekun nəticəyə gəlinməli idi.

3. Sonradan iddiaçının qanuni nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil müəssisəsi olan 242 nömrəli məktəbin rus bölməsinə xx.xx.2017-ci il təvəllüdlü İddiaçı qəbul edilməsindən imtinanın qanunsuz hesab edilməsi və İddiaçı 242 nömrəli orta məktəbin rus bölməsinə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Etiraza əsasən, xx.xx.2017-ci il təvəllüdlü İddiaçı 2024-2025-ci il tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris ili üzrə müsahibədən keçirilirlər. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətləri araşdırılmış və iddiaçının apellyasiya şikayətinə baxılaraq Müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. Əlavə olaraq bildirilmişdir ki, yerli təhsil idarəetmə orqanları tərəfindən 2024/2025-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu Elm və Təhsil Nazirliyinin 17 aprel 2024-cü il arixli, 3-29/3-2-190F/2024 nömrəli “2024-2025-ci il tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən aparılır. Həmçinin bildirilmişdir ki, tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən sadalanan meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları, fikrə münasibət bildirməsi, ünsiyyət zamanı fikrini sərbəst ifadə etməyi, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə etməyi, özü, ailəsi və vətəni haqqında qısa məlumat vermək bacarığı yoxlanılır. Bundan əlavə uşaq təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur və s. Belə ki, apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış video çəkilişə baxılaraq müvafiq qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibəyə dair rəy qüvvədə qalmaqla müsahibə nəticəsi məqbul hesab edilməmişdir. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər. Bu səbəbdən iddiaçının övladının azərbaycan bölməsi üzrə təhsil almaq hüququ təmin edildiyi halda, müsahibə nəticələrinə əsasən rus dili bilikləri üzrə uğurlu nəticə əldə etməməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının qanuni nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. “Ümumtəhsil məktəblərinin məktəbhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi” vasitəsi ilə iddiaçının övladının rus bölməsində təhsil alması ilə bağlı elektron müraciət edilmiş, müraciət qeydə alındıqdan sonra iddiaçının övladı xx.xx.2024-cü il tarixdə müsahibəyə yazılmış və həmin tarixə təyin edilmiş müsahibədən iddiaçının övladı iştirak etmiş, müsahibənin nəticəsi olaraq “müsahibəni keçə bilmədi” barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının qanuni nümayəndələlri tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinə baxılaraq və komissiyanın rəyinə əsasən övladlarının əvvəlki nəticəsinin qüvvədə qalması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh tərəfindən İddiaçı müsahibəsinin video-audio yazısı maddi daşıyıcıda (CD disk) məhkəməyə təqdim edilmişdir. Müsahibə zamanı aparılmış video çəkiliş materialları məhkəmə tərəfindən həmin materiallardakı görüntülər araşdırılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır.

18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

19. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır.

20. İş materiallarına əsasən müəyyən edilmişdir ki, rus bölməsi üzrə birinci sinifə qəbul olunmaq üçün xx.xx.2017-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə müsahibədə iştirak etmişdir.

21. Cavabdeh tərəfindən təşkil olunmuş müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı bəzi meyarlar üzrə Qanuni nümayəndə cavablarını qeyri-məqbul hesab etsələr də, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı tam fərqli nəticənin şahidi olunur. Belə ki, video görüntüyə baxış zamanı aydın olur ki, Qanuni nümayəndə müsahibə zamanı bütün suallara münasibət bildirmiş, reaksiyaları verilən suallara adekvat olmuş, bununla da, dinlədiyini anlaması öz təsdiqini tapmışdır. Demək olar ki, ümumilikdə videoyazının bütün dəqiqələrində bunun şahidi ola bilərik. Müsahibə zamanı demək olar ki, komissiya üzvləri tərəfindən Azərbaycan dilindən istifadə olunmur. İddiaçı bütün sualları anlaması reaksiya və mimikalarından aydın şəkildə görünür. Videoyazıda bəzi dəqiqələrdə verilən 1-2 suallarda azyaşlı uşağın üz mimikalarından verilmiş sualın məzmun olaraq azyaşlı uşaq üçün qeyri-dəqiq olması müşahidə edilir. Belə olan halda cavabdehin komissiya üzvləri tərəfindən fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, özü, ailəsi və ətraf mühit haqqında qısa məlumat verir. Meyarlar üzrə qeyriməqbul rəyinin verilməsi, cavabdeh tərəfindən diskresion səlahiyyət və qiymətləndirmə meyarlarına uyğun davranış zamanı səlahiyyət meyarında sui-istifadə edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin keçirilən müsahibənin nəticələrinin qiymətləndirilməsi əsasında Qanuni nümayəndə azyaşlı olması, onun müsahibə zamanı təbii olaraq gərginlik, utancaqlıq və sair şəkildə cavablarının gecikməsinə və ya natamam verilməsinə səbəb olacaq hisslər yaşama ehtimalı nəzərə alınmamışdır. Belə ki, vidoyazıda azyaşlı uşağın reaksiya və mimikalarından bu aydın şəkildə müşahidə olunur.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir.

23. Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.

25. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hər hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır.

26. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

27. Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır.

28. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

29. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

30. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia qismən təmin olunmalı, cavabdehin İddiaçı ilə keçirilmiş müsahibənin nəticəsinin qeyri-məqbul hesab edilməklə, sonuncunun orta məktəbin rus bölməsinə qəbul edilməsindən imtinası qanunsuz hesab edilsin, keçirilmiş müsahibənin nəticəsinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilərək İddiaçı 242 nömrəli məktəbin rus bölməsinə qəbul edilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil müəssisəsi olan 242 saylı məktəbin rus bölməsinə İddiaçı qəbul edilməsindən imtinası qanunsuz hesab edilsin. İddiaçı 242 nömrəli məktəbin rus bölməsinə qəbul edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar