Məhkəmə qərarları › İş №2-1(112)-15346/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15346/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15346/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “Az.İnterservice Co” firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “artıq ödənilmiş idxal gömrük rüsumunun qaytarılması və bu barədə rəy verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Az.İnterservice Co” firması cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “artıq ödənilmiş idxal gömrük rüsumunun qaytarılması və bu barədə rəy verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, inzibati orqan tələb etmişdir ki, iddiaçı bəyannaməni malın kodu hissəsində dəyişək və idxal gömrük rüsumu 15% olan ********** (Şüşə və bağ zamaskaları, qatran sementləri, sıxlaşdırma (bərkitmə) üçün tərkiblər və digər mastikalar; rəngsazlıq işləri üçün şpaklovkalar; bina fasadlarının, binaların daxili divarlarının, döşəmələrin, tavanların səthlərinin hazırlanması üçün odadavamsız və ya analoji tərkiblər: rəngsazlıq işləri üçün şpaklovka) təsnifat kodunu təyin etmişdir. Halbuki, idxal olunan mallar nəqliyyat vasitəsi üçün dolğu astarıdır və bu ikikomponentli məhsul olmaqla əvvəlki dövrlərdə hər dəfə ********** (Sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında, susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və polituralar da daxil olmaqla); bu qrupa dair 4-cü qeydində göstərilən məhlullar: sintetik polimerlər əsasında) təsnifat kodu ilə rəsmiləşdirilmişdir. Cavabdeh orqan tərəfindən şifahi şəkildə bildirilmişdir ki, həmin məhsulların tərkibində dolğu olduğuna görə şpaklovka kimi dolğu qabiliyyəti var və bu səbəbdən də ********** təsnifat kodu ilə rəsmiləşdirilməyəcəyi təqdirdə sərbəst dövriyyəyə buraxılmayacaq. Əslində isə həmin mallar şpaklovka hesab edilə bilməz. Bununla əlaqədar idxal gömrük rüsumu üzrə 7478,11 AZN artıq gömrük rüsumu ödənilmişdir. İddiaçı hazırda həmin artıq ödəmənin geri qaytarılmasına nail olmaq istəyir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmuşdur. Cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik malların idxalı zamanı gömrük rəsmiləşdirilməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması müvafiq qaydalarla tənzimlənir. Həmin qaydalarda ödəyicinin artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciətlərinə ödənişləri tətbiq etmiş gömrük orqanı tərəfindən onun müraciəti üzrə ödənişlərin qaytarılması barədə qərar qəbul olunması, rəy tərtib edilməsi və onların maliyyə orqanına göndərilməsi və bundan sonra müvafiq ödənişlərin sonuncu tərəfindən qaytarılması nəzərdə tutulur. Hazırkı işin mübahisəsiz hallarından isə görünür ki, iddiaçının idxal etdiyi nəqliyyat vasitələrinin gömrük nəzarətini və rəsmiləşdirilməsini Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılsa da, iddiaçı artıq ödədiyini iddia etdiyi məbləğin geri qaytarılması üçün və eyni zamanda ona dəymiz ziyanın ödənilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat Toplusu”na əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, X1 İdarəsi, Tovuz Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi və gömrük postları hər biri ayrı ayrılıqda inzibati orqan sayılır. Belə olan halda qanunvericiliyin tələbinə əsasən yuxarıda qeyd edilənlərin hər biri ayrıayrılıqda inzibati orqandır və hərəkətlərinə görə məsuliyyət daşıyırlar.Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi cavabdehin iddiaya cavab verməli olan inzibati orqan olubolmaması iddianın mümkünlük şərtlərindən biridir ki, hazırkı iddia üzrə cavabdeh iddiaya cavab verməli olmayan inzibati orqan qismində çıxış edir. Hazırkı iş üzrə də məhz iddiaya cavab verməli olmama baxımından iddia mümkünlük şərtlərinə cavab verməməkdədir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

269. Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydasının: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 2.2. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən geri qaytarılır. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir. 5.3. Qaytarılmalı olan gömrük ödənişlərinin yaranma səbəblərini ərizə ilə müəyyən etmək mümkün olmadıqda, onların qaytarılmalı olduğunun təsdiqi üçün şəxs aşağıdakı sənədləri gömrük orqanına təqdim edə bilər: 5.3.1. gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan, həmçinin alınmasını təsdiq edən sənədlər (bəyannamə, qəbzlər və s.); 5.3.2. gömrük ödənişlərinin səhv nəticəsində artıq ödənilməsini və ya malın qüsurlu olmasını sübut edən sənədlər (malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə, müvafiq normativ sənədlər, malın texniki pasportu və s.). 5.4. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə bu Qaydaların 5.1-ci bəndində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. 6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat Toplusu”na əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, X1 İdarəsi, Tovuz Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi və gömrük postları hər biri ayrı ayrılıqda inzibati orqan sayılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, artıq ödənilmiş gömrük rüsumlarının geri qaytarılması qanunvericiliklə müəyyən edilmiş mexanizm çərçivəsində həyata keçirilir. Həmin mexanizmə əsasən, artıq ödənilmiş məbləğin qaytarılması barədə müraciət ödənişi tətbiq etmiş gömrük orqanına təqdim edilir; bu orqan tərəfindən müraciətə baxılaraq müvafiq qərar qəbul edilir, əsaslandırılmış rəy tərtib olunaraq səlahiyyətli maliyyə orqanına göndərilir və yalnız bundan sonra məbləğin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Beləliklə, artıq ödənilmiş gömrük rüsumunun qaytarılması barədə inzibati qərarın qəbul edilməsi və maliyyə orqanına rəyin təqdim olunması səlahiyyəti bilavasitə ödənişi tətbiq etmiş gömrük orqanına məxsusdur. Hazırkı işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının idxal etdiyi nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsi Bakı Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilmişdir. Bununla belə, iddiaçı artıq ödənilmiş gömrük rüsumunun qaytarılması tələbi ilə ödənişi tətbiq etmiş orqana – Bakı Baş Gömrük İdarəsinə qarşı deyil, Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırmışdır. Halbuki, “İnzibati orqanların Təsnifat Toplusu”na əsasən Bakı Baş Gömrük İdarəsi ayrıca inzibati orqan statusuna malikdir və müvafiq səlahiyyətləri müstəqil qaydada həyata keçirir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi düzgün cavabdehə yönəldilməmişdir. Eyni zamanda, iddiaçının tələbi hüquqi baxımdan düzgün müəyyənləşdirilməmişdir. Belə ki, tələbin bir hissəsi artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması ilə bağlı olsa da, Bakı Baş Gömrük İdarəsinin səlahiyyəti birbaşa məbləğin qaytarılmasını həyata keçirməkdən ibarət deyil, həmin orqan yalnız müvafiq rəyin hazırlanaraq səlahiyyətli maliyyə orqanına göndərilməsini təmin edir. Məbləğin qaytarılması isə müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi məqsədilə iddiaçıya elektron kabineti vasitəsilə hüquqi yardım məktubu göndərilmiş, lakin iddiaçı tərəfindən nə cavabdehin dəyişdirilməsi, nə də iddia tələbinin konkretləşdirilməsi istiqamətində hər hansı hərəkət edilməmiş, habelə məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Bu səbəbdən məhkəmə mövcud formada mümkünlük şərtlərinə cavab vermədiyi hesab edir. Məhkəmə izah edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, tələbi ödənişi tətbiq etmiş səlahiyyətli inzibati orqana – Bakı Baş Gömrük İdarəsinə qarşı yönəltməklə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar