Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1535/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona X1 xidmət dövrü dövlət qulluğu stajına daxil edilməklə pensiya məqsədləri üçün dövlət qulluqçusu kimi aldığı son 24 ayın (iyun 2016-cı il – may 2018-ci il) orta əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 80 % miqdarında dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci ilədək X1 dövlət qulluğunda, xüsusi rütbəli şəxs olaraq xidmət etmiş və ona 26 il 10 ay 09 gün imtiyazlı (18 il 1 ay 23 gün təqvimi) xidmət illərinə görə xx.xx.2001-ci il tarixdən DİN tərəfindən pensiya təyin edilib və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının tələbinə görə xx.xx.2007-ci ildən əmək pensiyam cavabdeh -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddətdə o, dövlət qulluğu vəzifəsində - Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində (VCİABİ) əmək müqaviləsi əsasında dövlət qulluqçusu kimi fasiləsiz, təqvimi 16 il 6 ay müddətində müxtəlif vəzifələrdə (müstəntiq, böyük müstəntiq, xüsusilə mühüm uişlər üzrə böyük müstəntiq vəzifələrində) işləmiş və aldığı əmək haqqından dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 85 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına dəyişiklik edilərək, Vergilər Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) adı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü (xüsusi rütbəli şəxslər) maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının sırasına əlavə edilmişdir. Həmin Fərman 23 may 2016-cı ildə mətbuatda çap olunduğundan, VCİABİ-nin dövlət qulluqçusu olan əməkdaşlarının pensiya məqsədləri üçün dövlət qulluqçusu olduqları sonuncu 24 ay - 2016-cı ilin iyun ayından 2018-ci ilin may ayı daxil olan aylara təsadüf edir. O, cavabdehə müraciət edərək, xx.xx.2023-cü ildə 65 yaşının tamam olmasını və dövlət qulluqçüsü kimi işlədiyi X1 təqvimi 26 il 10 ay iş stajını və vergi orqanlarındakı təqvimi 16 il 6 ay iş stajını, cəmi 43 il 4 ay iş stajını nəzərə almaqla, dövlət qulluqçusu kimi işlədiyi son 24 ayın orta əmək haqqının 80% hesabı ilə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Belə ki, “Azərbaycan Respublikası X1 xidmət keçmə haqqında“ Əsasnamənin 1-ci bəndində qeyd olunmuşdur ki, X1 xidmət keçmə - bu orqanların funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətiləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmçinin dövlət qulluğu Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərini və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Daxili İşlər Nazirliyində dövlətin məqsəd və funksiyalarını həyata keçirdiyindən, onun da, həmin orqanda xidmət etdiyi dövr dövlət qulluğu stajına daxil edilməlidir. Göstərilənləri nəzərə alaraq onun X1 xidmət etdiyim dövr dövlət qulluğu stajına daxil edilməklə, pensiya məqsədləri üçün xx.xx.2018-ci il tarixədək dövlət qulluğu bilinən VCİABİ-də dövlət qulluqçusu kimi işlədiyi dövrün son 24 ayının orta əmək haqqının 80% hesabı ilə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Eyni zamanda, pensiya məqsədləri üçün dövlət qulluğu hesab edilən son 24 ay (iyun 2016-cı il - may 2018-ci ilə təsadüf edən dövr) üzrə Əmək haqqı barədə təsdiqlənmiş arayış və iş stajının qeyd olunduğu əmək kitabçasının təsdiq edilmiş kserosurətini də, cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən onun müraciəti ilə əlaqədar 26 may 2023-cü il tarixi imtinaedici məktub göndərilmişdir. Cavabdeh tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi onunla əsaslandırılıb ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5 və 9.6-cı maddələrinin tələblərinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. (cavabdehin imtinaedici məktubunun surəti əlavə edilir). Hesab edir ki, bu qanunsuzdur və cavabdehin üzərinə dövlət qulluqçusu kimi əmək pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “yığılmış sığorta kapitalına görə əmək pensiyasının 2022-ci ilin mart ayından yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Dəqiqləşmiş iddia tələbi onunla əsaslandırılmışdır ki,o, xx.xx.2001-ci ilədək X1 dövlət qulluğunda, xüsusi rütbəli şəxs olaraq xidmət etmiş və ona 26 il 10 ay 09 gün imtiyazlı (18 il 1 ay 23 gün təqvimi) xidmət illərinə görə xx.xx.2001-ci il tarixdən DİN tərəfindən pensiya təyin edilib və xx.xx.2007-ci ildən əmək pensiyası cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddətdə o, dövlət qulluğu vəzifəsində - Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində (VCİABİ) əmək müqaviləsi əsasında dövlət qulluqçusu kimi fasiləsiz, təqvimi 16 il 6 ay müddətində müxtəlif vəzifələrdə işləmiş və aldığı əmək haqqından dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 85 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, Vergilər Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) adı həmin Qanunun 1.0.4-cü (xüsusi rütbəli şəxslər) maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının sırasına əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3, 37.3.1-ci maddəsinə görə, 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. O, cavabdehə müraciət edərək, pensiya təyin olunduqdan sonra işlədiyi müddətdə yığılmış pensiya sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını xahiş etmiş və pensiyası 2022-ci ilin aprel ayında yenidən hesablanaraq 1109,70 (2423,30 + 866,49) manat məbləğində müəyyən edilib, cəmi 3 ay müddətində (aprel, may və iyun ayları) ödənilmiş və səbəb göstərilmədən dayandırılmışdır. Bununla əlaqədar cavabdehə təkrarən müraciət etdikdə, ona xx.xx.2022-ci il tarixi imtinaedici məktub göndərilmişdir. Cavabdeh tərəfindən imtina edilməsi onunla əsaslandırılıb ki, digər sahələrdə əmək fəaliyyətini deyil, hərbi xidməti davam etdirdiyindən, Qanunun 37.3.1-ci maddəsinə əsasən sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması mümkünsüz hesab edilir (cavabdehin imtinaedici məktubunun surəti əlavə edilir). Hesab edir ki, bu qanunsuzdur və cavabdehin üzərinə 2022-ci ilin mart ayından pensiya sığorta kapitalına görə əmək pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3, 37.3.1-ci maddəsinə görə, işləyən əmək pensiyaçılarına əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların da pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır. O, hərbi xidmətdən buraxıldıqdan sonra pensiya təyin edilmiş və pensiya təyin edildikdən sonra 16 ildən artıq müddətdə, yani xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddətdə mülki sahədə (hərbi xidmətdə deyil, digər sahədə) dövlət qulluğu vəzifəsində - Azərbaycan Respublikası Vergilər Nazirliyində ( hazırda Dövlət Vergi Xidməti) əmək müqaviləsi əsasında dövlət qulluqçusu kimi fasiləsiz, təqvimi 16 il 6 ay müddətində işləmiş və aldığı əmək haqqından dövlət sosial sığorta haqları tam olaraq ödənilmişdir, habelə bu dövrdə yığılmış pensiya kapitalına görə əlavə hesablama aparılmamışdır. Vergi orqanlarının fəaliyyət sahəsi ilə Daxili İşlər orqanlarının fəaliyyət sahəsi tam fərqlidir və həmin təşkilatlarda xidmətkeçmə də, müvafiq sahəvi qanunvericiliklə tənzimlənir. Yalnız, Azərbaycan Respublikası Prezidentinin 22 may 2018ci il tarixli 85 nömrəli Fərmanı ilə VCİABİ-in əməkdaşları Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər sırasına daxil edilmişdirlər. Odur ki, 16 il 6 ay müddətində digər sahədə işlədiyindən, müraciət etdiyi 2022-ci ilin mart ayından yığılmış pensiya sığorta kapitalına görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının 31,03.2023-cü il tarixli 3-17-1/2-M-67739/2023 nömrəli məktubu ilə onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Daxili İslər Nazirliyi tərəfindən 10 noyabr 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2.006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün X2 Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Bildirirlər ki, İddiaçı hazırda daxili işlər orqanlarının əməkdaşı kimi ödənilən əmək pensiyası Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşı kimi yenidən hesablanması məsələsinə xidmətdən ehtiyata buraxıldığı təqdirdə sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqi təqdim edildikdən sonra baxıla bilər. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnızfərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviriəsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı ona əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyətini deyil, hərbi xidməti davam etdirdiyindən onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Bununla əlaqədar İddiaçı hərbi xidməti davam etdirdiyindən onun əmək pensiyası sığorta kapitalına əsasən yenidən hesablanmamalı olduğu halda texniki səhv səbəbindən 2022-ci ilin aprel ayında (1 mart 2022-ci il tarixdən hesablanmaqla) onun əmək pensiyası sığorta kapitalına əsasən hesablanaraq 593,71 manatdan 1109,79 manata artırılaraq xx.xx.2022-ci il tarixədək hər ay müvafiq kart hesabına köçürülmüşdür. Nəticədə 2022-ci ilin aprel və may aylarında ümumilikdə İddiaçı 1548,24 manat (2022-ci ilin mart ayı üçün hesablanmış 516,08 manat ilə birlikdə) artıq pensiya məbləği ödənilmişdir. İddiaçı əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat onun sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ünvanladığı 13.01,2023-cü il tarixli 3-17-1/2-6043/2023 nömeəli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmırdı. Həmin maddəyə 29 iyun 2022-ci il tarixdən edilmiş dəyişikliyə əsasən hərbi qulluqçu kimi pensiya təyin olunduqdan sonra şəxsə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmişdirsə, tərxis olunduqdan sonra onun pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. Göründüyü kimi, göstərilən kateqoriyadan olan şəxslərin pensiyalarının yeni sonuncu təminat xərcliyinə uyqun yenidən hesablanması hüquqları 29 iyun 2022-ci il tarixdən yaranıb. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə uyğun olaraq, sözügedən maddənin 26-cı maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunanları nəzərə alaraq, hazırda daxili işlər orqanlarının əməkdaşı kimi əmək pensiyası ödənilən İddiaçı pensiyası Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşı kimi yenidən hesablanacağı (tərxis olunduğu halda) təqdirdə sorğuda göstərilən büdcədənkənar əlavənin onun əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda İddiaçı artıq ödənilmiş 1548,24 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi barədə məlumat verilmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının və iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2001-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
10. İddiaçının adına açılmış əmək kitabçalarından görünür ki, o, xx.xx.1983- 01.112001-ci il tarixlərdə X1 xidmət etmiş, xx.xx.2001-ci il tarixdən etibarən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılmaıs Departamentinin İstintaq Şöbəsinin böyük müstəntiqi vəzifəsində işə başlamış, sonradan müxtəlif vəzifələrə keçirilməklə hal-hazırda dövlət qulluğunun xüsusi növündə əmək fəaliyyətini davam etdirir.
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2022ci il tarixli **********4 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları etirazın əsasları ilə eynilik təşkil etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, iş materiallarında olan DİN seriyalı 28408 nömrəli Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, İddiaçı Soltan oğlunun təqvim illəri üzrə stajı 19 il 9 ay 9 gün, güzəştli xidmət illəri 7 il 1 ay 0 gün olmaqla cəmi stajı 26 il 20 ay 9 gün müəyyən edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə yaşa görə hərbi xidmətdən təxris olunmuşdur. İddiaçıya xx.xx.2001-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
19. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəxsi sığorta hesabında toplanan pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 21 oktyabr 2022-ci il tarixli **********4 nömrəli məktubla imtina edilmişdir.
20. İddiaçı hazırda cavabdehin bu imtinası ilə razılaşmır və onun Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində işlədiyi illər ərzində topladığı sığorta kapitalı əsasında onun əmək pensiyasının 2022-ci ilin mart ayından yenidən hesablanmasını xahiş edir.
21. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası iddiaçının Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində işlədiyi illərin onun hərbi xidmət müddətinə daxil edilməli olması, bununla da, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun əmək fəaliyyətini digər sahələrdə deyil hərbi xidmətdə davam etdirməsi olmuşdur.
22. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsassız olmaqla iddiaçı tələbində haqlı olmuşdur.
23. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı).
24. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.
25. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri).
26. Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri).
27. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur.
28. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvədə olan redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir.
29. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.
30. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir.
31. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.
32. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir.
33. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən həmin qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.
34. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir.
35. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir.
36. Beləliklə, xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir.
37. Qeyd edilməlidir ki, Qanunun 37.3.1-ci maddəsinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur.
38. Xüsusi rütbəli şəxslərdə isə bu zaman əmək pensiyasının qulluq illərinə görə əlavənin deyil, pensiyanın sığorta hissəsinin yenidən hesablanması nəzərdə tutulur.
39. Belə ki, qulluq illərinə əlavənin hesablanması qaydası iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənirdi.
40. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.
41. İstinad olunan normadan görünür ki, xüsusi rütbəli şəxslərə, o cümlədən hərbi qulluçulara ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır.
42. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir.
43. Qanunun iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir.
44. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.
45. Qanunun iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan 6.2.-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir.
46. Göründüyü kimi, qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır.
47. Məhz buna görədir ki, həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdu.
48. Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün qanunverici birbaşa olaraq əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və ya belə bir indeksləşdirmə nəticəsində yaranacaq yenidən hesablanma nəticəsində artırılmış məbləğin qulluq stajına görə əlavədən çıxılmasını təsbit etmişdir.
49. Məhkəmə nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
50. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
51. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
52. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;...
53. Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları...
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.
55. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır.
56. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır.
57. Məhkəmə cavabdehin Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində işlədiyi illərin hərbi xidmət illərinə daxil edilməli olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanununun 1.0.4-cü maddəsinə əsasən isə xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.
58. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının ( 2.4-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
59. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər. Həmin Əsasnamənin 5-1-ci bəndinə əsasən Vergi orqanlarının vəzifəli şəxslərinin şəxsi işinin aparılması qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 60.Göründüyü kimi, vergi orqanlarında xidmət dövlət dövlət qulluğunun xüsusi növüdür və dövlət vergi orqanlarında xidmət edən şəxslər xüsusi rütbəli şəxslərdir. Belə olan təqdirdə, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022ci il tarixli Qərarında göstərilən hüquqi mövqeinə müvafiq olaraq güzəştli şərtlərlə pensiyaya çıxmış, digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçu kimi pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanmasını tələb etmək hüququna malik olan şəxs olmuşdur.
61. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
62. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
63. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
64. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı pensiya təyin edildikdən sonra işlədiyi illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının 2022-ci il mart ayından yenidən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva