Məhkəmə qərarları › İş №2-1(112)-15350/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15350/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15350/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərbəst toplaşmaq azadlığını pozan cavabdehin iddiaçılara ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində (üzü Bakıxanov küçəsi istiqamətinə düşən yolun sağ tərəfində) piyadaların keçidi üçün səki zəbt olunaraq təcili sürətdə əlavə artırma aparılır. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətinə Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısında piket keçirilməsi üçün müraciət etmişlər. Müraciət xx.xx.2023-cü tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmışdır. Müraciətdə piketdə 20 nəfərin iştirak edəcəyi, piketin 25 oktyabr saat 12:00-da Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında keçiriləcəyi qeyd edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr 2023-cü il tarixdə həmin ərazinin sıx yol hərəkətinə yaxın olmasını və həmin yerdə piketin keçirilməsinin digər insanların sərbəst hərəkətində çətinliklər yaranmasını qeyd edib məqsədəuyğun hesab etməmişdir. Həmin cavab-hərəkət qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş) və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər) İş materiallarından görünür ki, iddiaçılar 13 oktyabr 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 25 oktyabr saat 12:00-da Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısında piketin keçirilməsinə şərait yaradılmasını xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin müraciətə cavab olaraq, bildirilmişdir ki, piket keçirilməsi üçün qeyd edilmiş ərazi nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaqdır. Eyni zamanda, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsi nəzərə alınaraq, 25 oktyabr 2023-cü il tarixdə planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Hazırda iddiaçılar iddia edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onların İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən olunmuş hüquq və azadlıqları pozulmuşdur. İddia ərizəsində iddiaçılar, onların planlaşdırdığı tədbirlə bağlı müraciət etdikləri cavabdeh İcra Hakimiyyətinin cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişlər. Belə ki, imtina məktubunun qanunsuz sayılması tələbi irəli sürülmüşdür. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bundan başqa hazırkı iş üzrə tərəflərin istinad etdikləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz, digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir. Yəni hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. İş üzrə müəyyən edilir ki, iddiaçıların hazırkı müraciəti ilə əlaqədar, qeyd edilmiş ərazinin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olması, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olması ilə bağlı cavabdeh İcra Hakimiyyəti mübahisələndirilən məktubunda yalnız öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Digər iddia tələbinə (kompensasiya) münasibətdə isə məhkəmə bildirir ki, əsas iddia tələbindən asılı olduğundan, birinci tələbin mümkün sayılmaması sonrakı iddia tələbinin də mümkün hesab olunmaması üçün əsas yaradır. Məhkəmə həmçinin bir halı da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi elektron poçt vasitəsilə, “Elektron ünvan ” ünvanından daxil olmuşdur. Halbuki, iddia ərizəsi və digər sənədlər elektron formada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə məhkəməyə təqdim edilməlidir. İPM-in: 45.1-ci maddəsinə əsasn, iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir; 9-1.1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər; 9-1.2-ci maddəsinə əsasən, Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları”nın 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Qeyd edilən halın aradan qaldırılması imkanları mövcud olsa da, (iddiaçılar tərəfindən bilavasitə məhkəmə iclasında yazılı şəkildə müdafiə edilməsi və ya yenidən imzalanmaqla iddianın təqdim edilməsi və s.) yuxarıda şərh olunan iddianın mümkünsüz sayılmasını şərtləndirən digər səbəblər olduğundan iddianın mümkün sayılmasına kifayət etməyəcəkdi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar