Məhkəmə qərarları › İş №2-1(112)-1536/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1536/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1536/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının nümayəndəsi və vəkili Əhmədov Orxan Ələkbər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, 11 saylı Bakı Vəkil Bürosunun vəkili),cavabdehin nümayəndəsi X1 (Zəngilan rayonu, Xumarlı kəndində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197B saylı bağ sahəsi 10 fevral 1989-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum anası Ağayeva Narınc Hüseyn qızına məxsusdur.Həmin icarə müqaviləsinə əsasən 0,18 ha sahəsi olan bağ və orada inşa edilmiş ev iddiaçının anasının istifadəsinə və sahibliyinə verilmişdir.İddiaçının anası 07 avqust 1992-ci ildə vəfat etmişdir, açılmış vərəsəlik işi üzrə iddiaçının yeganə qanuni vərəsəsi olaraq 2 saylı Notariat Ofisi tərəfindən mübahisəli bağ evinə çıxarış verilməsi cavabdehdən xahiş edilmişdir.Lakin həmin müraciət cavabsız qaldığından iddiaçı özü də həmin məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş sərəncamla iddia tələbinə etirazın təqdim edilməsi cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilsə də cavabdeh tərəfindən məhkəmənin sərəncamı icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili O.Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etira bildirərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri X7 X4 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli müqaviləyə əsasən həmin birlik X3 Türkan qəsəbəsində yerləşən 197 nömrəli, 0,18 ha sahəsi olan bağ sahəsi üzərində ümumi sahəsi 70,2 kv metr olan 2 otaqlı tikili və 6,6 kv metr sahəsi olan köməkçi tikili (mətbəx) ilə birlikdə icarəyə verilmişdir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış 09.08.2019-cu il tarixli, **********53 nömrəli məktubuna əsasən mərhum X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanda yerləşən 197 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciəti 29.03.2019-cu il tarixli məktubda göstərilən iradların aradan qaldırılmaması, torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması, ölüm haqqında şəhadətnamənin və hər hansı əlaqəli sənədin təqdim edilməməsi, həmçinin müraciətdə qeyd edilən yaşayış evi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. Cavabdehin 29.03.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 197 nömrəli bağ sahəsi başqa icarə müqaviləsi əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.Sözügedən bağ sahəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş müqaviləyə əsasən 1800,0 kv metr göstərilsə də faktiki 1588,0 kv metr təşkil edir.Bundan əlavə sənədlərdə bağın nömrəsi 197 qeyd edilsə də elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin faktiki yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, sözügedən bağ sahəsi 197b saylı bağ sahəsinin ərazisinə uyğundur.Həmçinin təqdim edilmiş müqavilədə icarəçinin adı “Narıngi” kimi göstərilmişdir.Qeyd edilənlərə əsasən cavabdeh iddiaçının Ağayeva Narınc Hüseyn qızından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması haqqında iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. ünvan ünvanlanmış 28.02.2019-cu il tarixli, 86 nömrəli məktubuna əsasən Ağayeva Narınc Hüseyn qızının 07 avqust 1992-ci ildə vəfatı ilə əlaqədar vərəsə İddiaçı Əhməd qızının 28 fevral 2019-cu il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.Həmin əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 197 saylı bağ evinə və torpaq sahəsinə çıxarış verilməsi cavabdehdən xahiş olunmuşdur. Cavabdehin 04.11.2019-cu il tarixli, **********11 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bağ sahəsinin sxematik xəritəsinə əsasən Türkan bağ massivində həm 197, həm də 197B nömrəli bağ sahələri mövcuddur və sxematik plana əsasən 197b nömrəli bağ sahəsinin üzərində tikili də mövcuddur. Cavabdehin məhkəməyə ünvanlanmış 30.12.2019-cu il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Bakı Bağ Təsərrüfatı İdarəsi ilə Şabanov Mirzə Yusif oğlunun arasında imzalanmış 11434 nömrəli, 16.06.1983-cü il tarixli icarə müqaviləsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlara, ******* nömrəli, 09.06.2018-ci il tarixli ”Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, 24.05.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 197 nömrəli bağ sahəsi (0,25 ha) 16.02.2018-ci ildə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 01.06.2018-ci ildə X6 adına qeydiyyata alınmış və 09.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin bağ sahəsi (0,25 ha) 29.06.2018-ci il tarixdə İsmayılova Tünzalə Ərəstun qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda onun mülkiyyətindədir. Məhkəmə yuxarıda sadalanan sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Türkan qəsəbəsi, bağ massivində yerləşən 197 nömrəli bağ sahəsi iddiaçının vərəsəsi olduğu X8 ilə Bakı şəhəri X7 X4 və İstismarı Birliyi ilə arasında bağlanmış 20091 nömrəli, 20 fevral 1989cu il tarixli müqaviləyə əsasən icarəyə verilmişdir, icarə müqaviləsində bağ sahəsinin üzərində ümumi sahəsi 70,2 kv metr olan 2 otaqlı tikili və 6,6 kv metr sahəsi olan köməkçi tikili (mətbəx) olması da göstərilmişdir. X8 vəfat etdikdən sonra iddiaçı onun qanun üzrə vərəsəsi tanınmışdır.İddiaçı həmin bağ sahəsi və bağ sahəsində olan tikililər üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.Cavabdeh imtinanın əsası kimi 197 nömrəli bağ sahəsinin başqa fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, bağın sahəsinin faktiki 1588,0 kv metr təşkil etməsi, sənədlərdə bağın nömrəsinin 197 qeyd edilsə də elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin faktiki yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, sözügedən bağ sahəsinin 197b saylı bağ sahəsinin ərazisinə uyğun olması göstərilmişdir. Odur ki, iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. İşin faktiki hallarına əsasən iddiaçının anası X8 vəfat edənə qədər qanuni əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi üçün, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün onun qanun üzrə vərəsəsi olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının mərhum anası ilə bağlanmış icarə müqaviləsində bağın nömrəsi 197 kimi göstərilsə də həmin bağ sahəsi başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Türkan bağ massivinin sxematik planına əsasən isə həmin ərazidə həm 197, həm də 197b nömrəli bağ sahələri mövcuddurlar, iddiaçının anasının istifadəsinə verilmiş bağ sahəsi də 197b saylı bağ sahəsinin ərazisinə uyğundur və hazırda iddiaçı da Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasinı tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş Ağayeva Narınc Hüseyn qızına məxsus olması barədə iddiaçı İddiaçı arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar