Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1537/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Cavabdehə qarşı (3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı (3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla) mülkiyyətçisi olduğu Nərimanov rayonu, Xətai prospekti 1, 33 nömrəli mənzilin (yaşayış sahəsinin) qeyriyaşayış sahəsinə keçirilməsi barədə inzibati akt, sərəncam qəbul edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, o 2011-ci ildən başlayaraq Nərimanov İcra Hakimiyyətinə müraciət etmiş və mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati akt-sərəncam verilməsini xahiş etmişdir. Lakin etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq qanuni tələbinə hər dəfə rədd cavabı verilmişdir. Hər dəfə bir bəhanə ilə onun qanuni tələbinə imtina edilmiş, axırıncı dəfə isə bildirilmişdir ki, BŞİH-dən müsbət rəy alındıqdan sonra bu məsələyə baxıla bilər. 2019-cu ildə o adına olan Bakı şəhəri, Xətai prospektində yerləşən 01.05.2010-cu il tarixdən mülkiyyətində olan mənzilin qeyri-yaşayiş obyekti kimi sənədləşdirilməsi barədə müraciətinə Cavabdehin göstərişi ilə rayon MKTB-nin rəisi E.Həşimov 05.09.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi ƏMDK-nin səlahiyyətindədir. Halbuki, Mənzil Məcəlləsinə əsasən yalnız dövlət mülkiyyətində olan qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə icazə zamanı ƏMDK-nin rəyi tələb olunur. Azərbaycan Respublikası Mənzil məcəlləsinin 21-ci maddəsində yaşayış sahəsinin qeyriyaşayış sahəsinə, qeyri-yaşayış sahəsinin isə yaşayış sahəsinə keçirilməsi səlahiyyəti şəhər rayonu İcra hakimiyyətinə məxsus olmasına baxmayaraq, Nərimanov rayon MKTB-yi ona ƏMDK- nə müraciət etməyi tövsiyyə etmişdir. Mülkiyyətində olan obyektin qeyri-yaşayış kimi sənədləşməsi üçün ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov İcra Hakimiyyətinə müraciət etmişdir. Təqdim etdiyi mülkiyyət sənədlərindən (reyestrdən çıxarış), mənzilin texniki pasportu, 37 saylı MKİS-in verdiyi 13.05.2020-ci il tarixli arayışdan (mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunması və kommunal xidmətlərin kommersiya obyekti kimi ödənilməsi barədə), obyektin icarəyə verilməsi barədə icarə müqaviləsindən, mənzilin obyekt kimi istifadəsini sübut edən fotoşəkillərdən göründüyü kimi, 01.05.2010-cu ildə mənzil kimi dövlət qeydiyyatından keçmiş ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Nərimanov rayonu, Xətai prospekti, 1 nömrəli evin 33 nömrəli mənzil faktiki olaraq qeyriyaşayış sahəsi kimi - yəni obyekt kimi istifadə olunur.... Cavabdeh ona 02.07.2020-ci il tarixli R-33-162 saylı və 14.07.2020-ci il tarixli R- 33/2-162/2 saylı məktublarla imtina cavabı yollamış, bildirmişdir ki, mənzilin təyinatı özbaşına dəyişdirildiyi üçün uzun müddət qeyriyaşayış sahəsi kimi istifadə olunan mənzilin qeyri-yaşayışa keçirilməsini münasib hesab etmirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia tələbi hüquqi tövsif olmaması ilə yanaşı, cavabdeh tərəfindən onun hüquqlarının hansı maddi hüquq normalarına əsasən pozulması əsaslandırılmamışdır. İddiaçıya məxsus olan və hüquqi qeydiyyatının aparılması tələb edilən tikililər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsində təsbiti verilmiş qeyri-qanuni tikililərdir. Qeyri-qanuni tikililərin isə qanunvericilikdə statusu olmadığından və onların müvafiq qaydada qeydiyyatının aparılması üçün hər hansı X2, eləcə də normativ xarakterli inzibati aktlar olmadığından, Nərimanov RİH-in üzərinə belə bir vəzifə öhdəliyinin qoyulması yolverilməzdir və hesab edirlər ki, iddia tələbi əsassızdır və mümkün sayılmamalıdır. Belə olan halda hesab edirlər ki, iddiaçının mübahisəli tikintilərə dair hər hansı bir hüququnun olması iş materiallarında öz əksini tapmır. İddia tələbi əsassız olmaqla yanaşı, həm də qanunazidd oldiğundan onun təmin edilməməsini xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan, İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 33 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 30.1 kv.m, yardımçı sahəsi 16.2 kv.m, yaşayış otaqlarının sahəsi 2 ədəddir. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən 33 saylı mənzilin yerləşdiyi bina 1903-cü ildə inşa edilmiş, 2 mərtəbədən ibarətdir, mənzil binanın 2-ci mərtəbəsində yerləşir, mənzil 2 otaqlı, dəhliz, mətbəx, 2 yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 46.3 kv.m-dir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış R-33-162 nömrəli, 02.07.2020-ci il tarixli məktubdan görünür ki, onun mənzilin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Cavabdehə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun sənədləşdirmə işləri aparılmadan həmin mənzildən artıq uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu, mənzilin təyinatının özbaşına dəyişdirildiyi üçün müraciətin müsbət həll edilməsinin münasib hesab edilmədiyi bildirilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı məhkəmədən Nərimanov rayonu, Xətai prospekti 1 ünvanda yerləşən 33 nömrəli mənzilin (yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati akt, sərəncam qəbul edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində göstərilən hallara əsaslanmaqla irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini aydın göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə müvafiq olaraq çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Qanunvericiliyin qeyd olunan normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, həm işin araşdırılan hallarından, həm də tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən edilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq sərəncamın verilməsi tələb olunan yaşayış sahəsi iki mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşməklə, giriş-çıxışı fərqli olsa belə, binanın 1-ci mərtəbəsi başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi olaraq istifadə edilməkdədir. Qeyd olunan məqam işin mübahisəsiz halını təşkil edir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən 30 gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. İş materiallarına əlavə edilmiş inzibati orqanın iddiaçıya ünvanlamış olduğu imtina məktubunun mətnindən, iş materiallarına əlavə edilən fotoşəkillərdən və iddiaçının izahatından həmçinin o hal da müəyyən olunur ki, iddiaçı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi qaydada sənədləşdirmə işləri aparılmadan qeyd olunan mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və edilməkdədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ona məxsus yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün lazım olan tələblər qanunvericilikdə nəzərdə tutulan şərtlərlin mövcudluğuna uyğun olaraq aparılmadığından cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin müsbət qaydada təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə Qanunvericilyin sadalanan normalarını mövcud münasibətlərə tətbiq etməklə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehə qarşı mülkiyyətçisi olduğu Nərimanov rayonu, Xətai prospekti 1, 33 nömrəli mənzilin (yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati akt, sərəncam qəbul edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə iddiası əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehə qarşı (3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla) mülkiyyətçisi olduğu Nərimanov rayonu, Xətai prospekti 1, 33 nömrəli mənzilin (yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati akt, sərəncam qəbul edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1537/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1537/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver