Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1537/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının yaşayış sahəsi 24,8 kv.m olan 86 saylı 2 (iki) otaqlı mənzilinin iddiaçının adına özəlləşdirilməsi və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında iddiaçı ilə bağlanmış kirayə müqaviləsi dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 07 №-li sərəncamdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 57 saylı evin, yaşayış sahəsi 24,8 kv.m olan 2 otaqlı 86 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onunla həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. 109 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 1988-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 57 saylı evin, yaşayış sahəsi 24,8 kv.m olan 2 otaqlı 86 saylı mənzildə qeydiyyatdadır. Notarial qaydada təsdiq olunmuş ərizələrin surətlərindən görünür ki, X1 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 57 saylı evin, yaşayış sahəsi 24,8 kv.m olan 2 otaqlı 86 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq vermişdirlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində iddiaçının mübahisə predmetini təşkil edən mənzilə dair hüquqmüəyyənedici sənədlərin olmadığına istinad etmişdir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların torpaq sahəsinin özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın xx.xx.2015-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak xx.xx.2015-ci il tarixli sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 07 №-li sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 57 saylı evin, yaşayış sahəsi 24,8 kv.m olan 2 otaqlı 86 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onunla həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Sərəncamda qeyd olunmuşdur ki, İddiaçı 1988-ci ildən həmin mənzildə qeydiyyatdadır. Bundan sonra, 109 saylı İstismar Sahəsi ilə İddiaçı arasında yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi iddiaçı 1988-ci il tarixdən etibarən mənzildə faktiki olaraq yaşamış, bu halı təsdiq edən 109 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin arayışı mövcud olmuş, bununla da, balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçının 2009-cu il oktyabr ayının 1-dən əvvəl yaşadığı mənzilə hüquqları tanınmış, iddiaçının mənzilin kirayəçisinin hesab olunması məqbul hesab edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, mövcud inzibati praktikaya əsasən şəxsin uzun illər yaşayış sahəsində yaşaması ona yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması imkanını vermir. Nəzərə alınmalıdır ki, hazırki mübahisədə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsası təkcə onun qeydiyyatı ilə bağlı olmamışdır, əksinə onun mənzilinin kirayəçisi olmasını təsdiq edən sərəncamın və kirayə müqaviləsinin olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sərəncamın mövcudluğu balansaxlayıcı tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının yarandığını təsdiq edən göstəricidir ki, bu zaman balansaxlayıcı məhz iddiaçının yaşayış sahəsinə 1988-ci il tarixdən yaşaması faktını nəzərə alaraq bu qənaətə gəlmişdir. Başqa sözlə desək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddiaçının uzun müddət olaraq yaşayış sahəsində yaşamasını nəzərə alaraq iddiaçını mənzilin kirayəçisi qismində qəbul etmiş və onunla kirayə müqaviləsinin bağlanılmasında iradə ifadəsinə nümayiş etdirmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə hüququn yaranması anı xx.xx.2009-cu il tarixədək yarandığından, cavabdehin imtinasının əsasının qiymətləndirilməsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 45-ci madəssinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 46-ci maddəsindən də müəyyən edilir ki, ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın giriş hissəsində qeyd olunan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 07 №-li sərəncamından göründüyü kimi İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv edilmiş nazirlik, dövlət şirkəti, konsernlərinə, digə təşkilatların müraciətinə əsasən onlara məxsus yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. İddiaçının yaşadığı keçmiş yaşayış binası da mənzil fonduna daxil edildiyindən, iddiaçının müraciəti təmin edilmiş, mənzilə dair kirayə müqaviləsinin bağlanılması və iddiaçının kirayəçi hesab olunması qərara alınmışdır. Göründüyü kimi balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçı və ailə üzvlərinin 2009-cu il oktyabr ayının 1dən əvvəl qeydiyyatda olmaqla yaşadığı mənzilə hüquqları tanınmış, şəxsin mənzilin kirayəçisi hesab olunması məqbul hesab edilmişdir. Bundan əlavə, iddiaçının ailə üzvlərinin də mənzilə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınmasına razılıq ərizələri də təqdim edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır Göründüyü kimi balansaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hal barədə faktiki şərt sübut edilə bilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının yaşayış sahəsi 24,8 kv.m olan 86 saylı 2 (iki) otaqlı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1537/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1537/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver