Məhkəmə qərarları › İş №2-1(112)-1537/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1537/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1537/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Artıq ödənilmiş 2140,64 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2002-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixədək ödəniş həyata keçirilmişdir. Daha sonra F.İsayevanın oğlu Cavabdeh xx.xx.2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək anası F.İsayevanın ölüm haqqında şəhadətnaməsini təqdim edərək dəfn üçün birdəfəlik müavinətin verilməsini xahiş etmişdir. Bundan sonra Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən mərhum F.İsayevaya ödənilən yaşa görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Sözügedən iş üzrə inzibati orqan tərəfindən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, F.İsayeva 6 aprel 2018-ci il tarixdə vəfat etmiş, lakin bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məlumat verilmədiyi üçün mərhum F.İsayevanın müvafiq kart hesabına 2018-ci ilin aprel (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 31 oktyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X1 məxsus kart hesabına köçürülmüş 2140,64 manat artıq ödənilmiş pul vəsaiti bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, mərhumun oğlu Cavabdeh xx.xx.2021-ci il tarixdə dəfn üçün birdəfəlik müvinətin verilməsi məqsədilə inzibati orqana müraciət edərkən, ölüm haqqında şəhadətnaməni təqdim etməsilə F.İsayevanın vəfat etməsi inzibati orqana məlum olmuşdur. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Belə ki, mərhum vəfat etsə də, inzibati orqana bu və ya digər şəkildə məlumat verilməyib. Bundan sonra tərəfimizdən mərhumun sonuncu ünvanı ünvan 1an mərhumun oğlu Cavabdeh yaranmış 2140,64 manat borcun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının hesabına ödəməyi barədə xx.xx.2022-ci il tarixdə məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli Qərar SS779396341AZ nömrəli poçt xəbərnaməsinə əsasən borclu Cavabdeh Şahbaz oğluna rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Ümumilikdə inzibati orqan cavabdehin artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Əmək pensiyasının təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021ci il tarixədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdeh mərhum anasının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2018-ci ilin aprel (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 31 oktyabr 2021-ci il tarixədək əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafig kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 2140,64 (iki min yüz gırx manat altmış dörd qəpik) manat artığ ödənilmiş pul vəsaiti hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarına əsasən xx.xx.1953-cü il təvəllüdlü ünvan 2 ünvanında yaşamış X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2140,64 manat (iki min yüz qırx manat 64 qəpik) məbləğində artıq ödənilmiş əmək pensiyası Cavabdeh tələb edilərək 10 gün müddətində Nəsimi rayonu, Kərpic küç 16 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının yığım hesabına ( X3 kodu:210005 VÖEN:********** müxbir hesabı AZ41NABZ******************** SWİFT: CTREAZ22 Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı - VÖEN: ********** hesablaşma hesabı: AZ82CTRE******************** səviyyə kodu: 4 iqtisadi təsnifat kodu: 122200 Qeyd: Ödəniş qəbzinin təyinat hissəsində mərhumun adı, soyadı, ata adının göstərilməsi mütləqdir.) ödənilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarı (icra sənədi) məcburi qaydada icra edilməsi üçün borclu Cavabdeh yaşayış (olduğu yer/iş yeri) yeri üzrə (ünvan) Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 187558 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1788 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh 4 saylı Bakı Dost Mərkəzinə ünvanladığı ərizəsinə əsasən anası X4 xx.xx.2018-ci il tarixində vəfatı ilə əlaqədar dəfn üçün müavinətin ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Cavabdeh ünvanladığı xəbərdarlığda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 09 mart 2022-ci il tarixli **********5 nömrəli qərarına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2140.64 manat (iki min yüz qırx manat 64 qəpik) məbləğində artıq alınmış pensiya məbləğinin geri qaytarılması qərara alınmışdır. Qeyd olunanlara əsasən nəzərinizə çatdırırıq ki, artıq ödənilmiş 2140.64 manat (iki min yüz qırx manat 64 qəpik) məbləğində pul vəsaitini 10 gün müddətində könüllü şəkildə aşağıda qeyd olunan bank hesabına (X3, kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı VÖEN: **********, Hesablaşma hesabı: AZ82CTRE********************, büdcə səviyyə kodu 4, iqtisadi təsnifat kodu 122200. Qeyd: Ödəniş qəbzinin təyinat hissəsində mərhumun adı, soyadı, ata adının göstərilməsi mütləqdir.) qaytarmağınız xahiş olunur. Əks halda Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 09 mart 2022-ci il tarixli **********5 nömrəli qərarı (icra sənədi) məcburi icraya yönəldiləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati məhkəmə icraatı da məhz inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi mümkünlük şərtlərinə cavab verir. İddia tələbi mahiyyəti üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -38.1-ci maddəsinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. -39.1-ci maddəsinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sadalanan normalar əmək pensiyaçısının sağlığında onun hesabına ödənilmiş pensiya məbləğinin geri qaytarılması hallarını tənzimləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılmasını nəzərdə tutulsa da eyni Qanunla vəfat etmiş şəxsin hesabına artıq ödənilmiş məbləğin hansı qaydada geri qaytarılmalı olması əsasları bilavasitə tənzimlənməmişdir. Vəfat etmiş şəxsə ödənilməli pensiya məbləği ilə bağlı norma ƏPQ-nin 42.1-ci maddəsidir. Adı çəkilən maddəyə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Göründüyü kimi vəfat etmiş şəxsə vəfat edən günədək ödənilməli olan pensiyanın tələb edilməsində qanun mülki qanunvericiliyə göndəriş edir. Qeyd edilən vəfat etmiş şəxsə ödənilməli olan yeganə bu normanın (maddə 42.1) mahiyyəti üzrə əksi vəfat etmiş əmək pensiyaçısının hesabına ödənilmiş lakin vəfat etməsindən dolayı verilməli olmayan əmək pensiyası məbləğinin mülki qanunvericilikdə nəzərdə tutulan qaydada qaytarılması ola bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, vəfat etmiş şəxsin hesabına artıq ödənilmiş pensiya məbləğinin ən azından kimdən geri tələb edilməli olması əsası da mülki qanunvericiliyin tələbləri üzrə araşdırılmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi əsassız varlanma tələbi üzrə cavabdehlik o şəxsə münasibətdə yaranır ki, şəxs başqa şəxsin hesabına hüquqi əsas olmadan və yaxud aradan qalxmış əsasa görə əmlak əldə etmiş olsun. İddiaçı inzibati orqanın iddiasına əsasən X1 xx.xx.2002-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixədək ödənilmişdir. X7 xx.xx.2018-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fonda məlumat verilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək pensiyası şəklində cəmi 11237,31 manat pul vəsaiti köçürülmüşdür. Həmin məbləğdən 8709,73 manat MMMF-nın yığım hesabına qaytarılmışdır. Hazırkı halda inzibat orqan qalan 2140,60 manat pul vəsaitinin mərhumun oğlu Cavabdeh tutularaq büdcəyə ödənilməsini mübahisələndirir. Hazırkı iş üzrə iddiaçı inzibati orqan tələbini cavabdeh qismində Cavabdeh yönəltsə də sonuncunun iddia tələbi üzrə cavabdehliyi, qeyd edilən pensiya məbləğinin məhz Cavabdeh tərəfindən faydalandığı müəyyən olunmur. İddiaçı inzibati orqanın yeganə əsaslandığı hal mərhum X4 vəfatı ilə əlaqədar Cavabdeh dəfn müavinətinin alınması ilə cavadeh inzibati orqana ərizə ilə müraciət etməsi olmuşdur. Lakin təkcə dəfn müavinəti ilə bağlı müraciətin olması Cavabdeh artıq ödənilmiş vəsaiti əldə etdiyinə istinad edərək müvafiq məbləğin geri tələb edilməsinə bilavasitə əsas vermir. Məhkəmə icraatı gedişində sübutların təmini barədə qərardadlarla mərhuma məxsus bank hesabı məlumatları əldə edilməsi üçün müraciət edilmiş və məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 6-2-41/2-30331/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11470/2023 saylı qərardadı ilə əlaqədar, X5 (Fin: 33DAYRH) məxsus pensiya hesabından xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində köçürülmüş pensiya məbləğlərinə dair çıxarışı təqdim edir və bildiririk ki, Fəridə İsayevaya məxsus pensiya kartında yığılmış 6262,69 (altı min iki yüz altmış iki manat, 69 qəpik) manat məbləğində pul vəsaiti 2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna geri qaytarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nın xx.xx.2024-cü il tarixli 6-2- 41/2-37096/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X4 "xxxx" ASC-də pensiya hesabına bağlı 4127 2211 0859 5135 və 6762 6111 0389 7616 saylı plastik pensiya kartları olmuşdur. Bankomatda istifadəçinin üz təsvirini aydın çəkməyə imkan verən müşahidə kamerasında qeydə alınan görüntülərin müvafiq nəzarət subyektində saxlanılması üçün qanunverciliklə nəzərdə tutulmuş müddətin ötməsi səbəbindən həmin kartlardan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair görüntülərin təqdim edilməsi mümkün deyil. Eyni zamanda Qanunla müəyyən olunmuş saxlama müddətinin ötməsi səbəbindən kartlar üzərində aparılmış əməliyyatların təyinatını əks etdirən məlumatlar mövcud deyil. Mövcud arxiv çıxarışında “Transferred amount' panelində olan məbləğlər karta edilmiş mədaxil əməliyyatlarını, “Used amount” paneli kartdan məxaric əməliyatlarını, "Balance end” paneli isə hər əməliyyatdan sonra kartda qalan pulun məbləğini ehtiva edir. Beləliklə, hazırkı iş üzrə cavabdehin anası X6 iddiaçı inzibati orqan tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək (bank hesab məlumatlarına əsasən məbləğin sonuncu dəfə məxaric edildiyi tarix) dövr ərzində mərhum X7 adına (FİN 33DAYRH) "xxxx" ASC-də mövcud olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabından əmək pensiyası şəklində ödənilmiş məbləğin hazırkı cavabdeh tərəfindən məxaric edildiyi sübuta yetirilməmişdir. Mübahisələndirilən dövr ərzində Cavabdeh mərhuma məxsus bank hesabına əmək pensiyası şəklində ödənilmiş vəsait üzrə hər hansı bank əməliyyatı (məxaric edilmə, hesabdan hesaba köçürülmə və s.) apardığı, bununla da qeyd edilən hesab üzrə ödənilmiş pul vəsaitindən faydalandığı sübuta yetirilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh həm də qaldırılan iddia üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş vərəsəlik qaydasında da cavabdehliyi müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1306.2-ci maddəsinə görə əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. -1321.3-cü maddəsinə əssaən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Sadalanan normalara əsasən müəyyən olunur ki, mirası qəbul etmiş vərəsələr miras qoyandan onlara keçmiş miras aktivinə müvafiq olaraq miras passivi-əmlak vəzifələri daşıyırlar. Hazırkı iş üzrə X4 vəfat etdiyi, Cavabdeh isə mərhumun oğlu olduğu məlum olsa da, lakin F.İsayevanın mərhumun vərəsəsi olması, ona miras aktivi keçib-keçməməsi məlum deyildir və inzibati orqan bu halı inzibati icraatda müəyyən etmədən yalnız F.İsayevanın dəfn xərci ilə bağlı müraciətinə əsaslanaraq ona qarşı hazırkı tələbi irəli sürmüşdür. Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş Cavabdeh artıq ödənilmiş əmək pensiyası məbləğini əldə etməsi, faydalanması və bununla da inzibati orqanın tələbi ilə bağlı cavabdehliyi sübut olunmadığından ona qarşı yönəlmiş iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar