Məhkəmə qərarları › İş №2-1(112)-15376/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15376/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15376/2025 25.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Bakı İnzibati Məhkməsi Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mehrabova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 12, 37 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin ünvanda qeydiyyatda olan X3 qeydiyyatdan çıxarılması üçün cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanında mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvlərindən başqa qardaşının keçmiş həyat yoldaşı X5 həmin mənzildə pasport qeydiyyatındadır. Belə ki, qardaşı X7 ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. X3 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurumun ünvanladığı məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X3 mənzildən pasport qeydiyyatından çıxarılması mümkün olmamışdır., X3 mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqularının həyata keçirilməsində maneçilik törədir, əmlaka (əşyaya) öz istədiyim kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Üçüncü şəxsin etirazı: İddiaçının mübahisə etdiyi mənzil iddiaçının atası mərhum qaynatası Vaqif Hüseynova məxsus olmuşdur, Hüseynova Natiqə və iddiaçının qardaşı X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikah Binəqədi rayon Qeydiyyat Şöbəsində tərəfindən nikahın bağlanması barədə akt qeydiyyatı kitabında 14 iyul 2001-ci il tarixdə, 516 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş və AZ-T seriyalı, 063987 nömrəli “Nikah haqqında şəhadətnamə” verilmişdir. Toydan sonra o, qaynatsının razılığı və təkidi ilə həyat yoldaşı tərəfindən gəlin kimi ailə üzvü qismində bu mənzilə köçürülmüş, cehiz əşyalarını bu mənzilə yerləşdirmişdir. Artıq 25 ilə yaxındır ki, Şövqi Hüseynovla və onun ailə üzvüləri ilə bu mənzildə birlikdə yaşamışlar. Birgə ümumi təsərrüfat aparmışı, bu 25 il ərzində həyat yoldaşı digər ailə üzvləri ilə bərabər mənzilə görə paylarına düşən kommunal xərclərini ödəmiş, mənzilin saxlanması üçün üzərinə düşən vəifələri yerinə yetirmişdir. Mənzilin mülkiyyətçisi qaynatasının razılığı və təkidi ilə gəlin kimi ailə üzvü qismində bu mənzilə köçürüldüyü üçün və bu günə qədər ailə üzvü qismində bu mənzildə yaşadığı üçün mənzildə yaşayan digər ailə üzvləri ilə bərabər onun da bu mənzilə istifadə hüququ yaranmışdır. Bu səbəbdən iddiaçının iddia ərizəsi əsassızdır. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-15376/2025 nömrəli qərardadı ilə X2 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qardaşı ilə X3 nikahı rəsmi qaydada pozulsa da Natiqə Hüseynova hazırda ona məxsus olan mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nikahı pozulsa da hazırda oğlu ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. Əsaslandırma hissəsi: İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 12, 37 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin 07 noyabr 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, X1 mənzil üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Eyni zamanda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının iddia etdiyi əmlaka üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması - yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi hüquq münasibətlərinin yaranma tarixindən asılı olaraq şəxsin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun olub-olmaması fərqli tənzimləmələr əsasında aparılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Ümumiyyətlə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsinə iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadə hüququ ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun qardaşının keçmiş arvadının yaşayış sahəsində yaşamadığını və artıq həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni, iddiaçının qənaətinə görə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki, həmin halların, müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Həmçinin, inzibati məhkəmələr məhz inzibati orqanların qərar və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyinə qiymət verən məhkəmə qismində çıxış etdiyindən inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxsin istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsinə də qiymət verən məhkəmə qismində çıxış etmirlər. Bu səbəbdəndir ki, istifadə hüququna xitam və ya itirilmiş hesab edilmə və ya ümumiyyətlə istifadə hüququnun olmaması barədə ayrıca məhkəmə qətnaməsinin mövcudluğu inzibati icraatın düzgün aparılıb-aparılmamasına qiymət verilməsi əsası qismində çıxış edir. Təbii haldır ki, həmin qərarın mövcud olmasına baxmayaraq inzibati orqanın həmin qətnaməni nəzərə almaması və qeydiyyatdan şəxsi çıxarmaması inzibatı və ya inzibati məhkəmə mübahisəsinin yaranması əsası qismində çıxış etməklə polis orqanının yuxarıda istinad olunan Qanunun tələblərini pozması qismində dəyərləndirilir. Həmin qərar yoxdursa, deməli üçüncü şəxsin istifadə hüququna xitam və ya itirilmə əsaslarının mövcud olub-olmaması da qeyri-müəyyəndir. Beləliklə, cavabdeh əsaslı olaraq Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatdan çıxarma əsaslarını müəyyən etmədiyindən üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə müraciəti təmin etməməkdə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-363/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda qeydiyyatdan çıxarılmaya dair məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə istifadə hüququnun itirilib-itirilmədiyinə hüquqi qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, o cümlədən üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1700/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, X4 mülkiyyətçi X6 ailə üzvü olmuş şəxs kimi həmin ünvanda yerləşən əmlaka dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq istifadə hüquqlarının mövcud olubolmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş X4 qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar