Məhkəmə qərarları › İş №2-1(112)-1538/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1538/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1538/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X2 və 3-cü Azərbaycan Respublikasıə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “müharibə ilə əlaqədar İİ dərəcə əlilliyinə görə pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ( Xidmət nümayəndəliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq İİ qrup müharibə əlilliyini 31.08.2016-cı il tarixində ləğv edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə həmin vaxtdan müharibə əlilliyinin bərpa olunması vəzifəsinin qoyulması barəsində qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(112)-6128/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 21.11.1993-cü il tarixindən N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Xəstəliyə görə 25 oktyabr 1994-cü il tarixində N saylı hərbi hissə komandirinin N saylı əmri ilə ehtiyata buraxılmışdır. 31.08.2016-cı il tarixinə qədər 2-ci qrup Müharibə Əlili kimi hərbi təqaüd alırdı. 01.09.2016-cı il tarixindən xəbəri olmadan pensiya yaşı çatdığına görə onun pensiyası yaşa görə pensiya ilə əvəz olunmuşdur. Halbuki o, SSRİ Silahlı Qüvvələri sıralarında qanunda nəzərdə tutulan 2 il müddətini xidmət etdikdən sonra səfərbərlik əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı üçün onun xidməti müddətdən artıq hərbi xidmət hesab olunmalı və həmin kateqoriyadan olan hərbi qulluqçuların vəzifə məvaciblərinə görə ona hərbi pensiya təyin olunmalıdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən aidiyyatı quruma Məlumat Vərəqəsi də göndərilmişdir. Lakin həmin idarə cavabdehin, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən yol verilən bu kimi özbaşınalığa görə ona heç bir əsaslandırılmış cavab vermirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunsuz hesab edilməsi və ona Qarabağ müharibəsi İİ qrup əlil kimi pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçı 19.08.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsinin dəqiqləşməsi ərizəsində 31.08.2016-cı il tarixdə cavabdeh tərəfindən Qarabağ qazisi kimi əlillik pensiyasını qanunsuz dəyişdirilərək yaşa görə pensiyaya keçirilməsinin əsassız hesab edilməsini və Qarabağ qazisi kimi pensiya səbəbinin əvvəlki vəziyyətə (yəni əlillik pensiyası) dəyişdirilməsi səbəbini bərpa etmək və bu barədə yeni arayış təqdim etməyi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08.12.2020-ci il tarixli **********9 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafiq deyildir və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir.İddiaçı DSMF-nin Xətai rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı daha sonra İİ qrup əlilliklə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyin müraciət edərək, “məlumat vərəqi”nin İdarəyə göndərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən 09.04.2020-ci il tarixdə iddiaçının adına “məlumat vərəqi” İdarəyə təqdim etmişdir.Tərəflərindən araşdırılarkən aydın olmuşdur ki, hal-hazırda iddiaçıya DSMF-nin Xətai rayon şöbəsindən yaşa görə əmək pensiyası ödənilir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən – “əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır”.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıya 25.07.1995-ci il tarixdən 31.08.2016-cı il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının Müdafiəsi zamanı əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01.09.2016-cı ildə iddiaçının müraciəti əsasında ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericilikdə yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyası növünə keçirilməsi nəzərdə tutulmadığından iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikasıə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında etiraza uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İlk öncə Məhkəmə qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və müraciəti təmin edilməmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan: - ASAN 2 tərəfindən 27.11.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1946-cı il tarixdə doğulmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 17.04.2019-cu il tarixli **********2 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 949728 №-li pensiya işi üzrə 25.07.1995-ci ildən 31.08.2016-cı ilədək 2-ci qrup ARMZ əlilliyə və 01.09.2016-cı ildən ömürlük yaşa görə 262.77 qəp (iki yüz altmış iki man 77 qəp.) manat məbləğində əmək pensiyası alır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 21.01.2020-ci il tarixli **********9 nömrəli arayışdan görünür ki, İddiaçı 592317 №-li təqaüd işi üzrə İİ qrup ARƏB əlil kimi 230.00 manat məbləğində ömürlük Prezident təqaüdü təyin olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 09.12.2021-ci il tarixli **********5 saylı məktubda göstərilmişdir ki, pensiyaçı İddiaçı (pensiya hesab nömrəsi 950728) pensiya işinə aid sənədlər inventarizasiya zamanı aşkar olunmamışdır. Bu səbəbdən pensiya işinə aid sənədlərin təqdim edilməsi mümkün deyil. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən ona 25.07.1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 25.07.1995-ci ildən 31.08.2016-cı ilədək 2-ci qrup Azərbaycan Respublikasının Müdafiəsi zamanı əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01.09.2016-cı il tarixdən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının növünün onun müraciəti olmadan dəyişdirildiyini iddia edərək, cavabdehin yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunsuz hesab edilməsi və Qarabağ müharibəsi İİ dərəcə əlil kimi pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddiaçının müraciəti əsasında ona 01.09.2016-cı ildə yaşa görə əmək pensiyası təyin edildiyini qeyd etmiş və qanunvericilikdə yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə nəzərdə tutulmadığı üçün iddiaçının tələbinin təmin edilməsindən imtina edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, cavabdeh iddiaçıya təyin edilmiş Azərbaycan Respublikasının Müdafiəsi Zamanı İİ qrup əlilliyə görə əmək pensiyasının onun müraciəti əsasında yaşa görə əmək pensiyası növünə keçirildiyini əsas gətirsə də, iddiaçının bununla bağlı müraciətini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı pensiya işinə əlavə olunmuş sənədlərdə də iddiaçının əmək pensiyası növünün dəyişdirilməsi ilə bağlı müraciət ərizəsi aşkar olunmamışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarından göründüyü kimi əmək pensiyasının bir növündən başqa növünə keçmək əmək pensiyaçısının təsbit edilmiş hüququdur və yalnız onun müraciəti əsasında həyata keçirilir. Lakin cavabdeh iddiaçının rəsmi müraciəti olmadan onun hüquqlarına müdaxilə edərək, əlilliyə görə təyin edilmiş əmək pensiyasını yaşa görə əmək pensiyası növünə keçirmişdir. Bununla da iddiaçının hüquqları pozulmuş və o, müharibə ilə əlaqədar 2-ci dərəcə əlilliyinə görə pensiyaçı kimi qanunvericilikdə nəzərdə tutulmuş bir sıra sosial təminatlardan da məhrum edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə—35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. İş üzrə araşdırma zamanı da müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və büdcə İdarəsi tərəfindən xx.xx.1946-cı il təvəllüdlü MAHHX əsgəri (vəzifəsi atıcı) İddiaçı barəsində pul təminatına (təminat xərcliyinə) dair MN-12951 nömrəli məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş, lakin həmin idarə tərəfindən imtina o əsasla verilmişdir ki, İddiaçı 2016-cı ildən yaşa görə əmək pensiyası alır. Beləliklə, inzibati orqanın (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyi) inzibati icraatı düzgün aparmaması nəticəsində vətəndaşın hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının müharibə ilə əlaqədar İİ dərəcə əlilliyə görə pensiyası bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyə görə əmək pensiyasının 01.09.2016-cı il tarixindən yaşa görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının müharibə ilə əlaqədar İİ dərəcə əlilliyə görə pensiyasının bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar