Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15382/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.1995-ci il tarixli 51 saylı sərəncamına əsasən iddiaçıya Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsində yüngül konstruksiyadan ibarət 6x3 m ölçüdə qarajın qoyulmasına dair verilmiş torpağın yerləşmə cizgizinin, həmçinin tikilmiş qarajın cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Cavabdeh Başçısının xx.xx.1995-ci il tarixli 51 saylı sərəncamına əsasən İddiaçı Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsində yüngül konstruksiyadan ibarət 6x3 m ülçüdə qarajın qoyulmasında dair verilmiş torpağın yerləşmə cizgisinin verilməsi öhdəliyin Cavabdeh üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.1995-ci il tarixli 51 saylı sərəncamına əsasən iddiaçıya Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsində yüngül konstruksiyadan ibarət 6x3 m ölçüdə qarajın qoyulmasına icazə verilmişdir. Həmin sərəncam əsasında Lökbatan qəsəbəsi 2-ci massiv, 1-i keçid, 1 saylı evin qarşısında qaraj inşa edərək istifadə edir. Hazırda həmin qarajın yerləşdiyi torpaq sahəsinin və qarajın özəlləşdirilməsini istəyir. Həmin torpaq sahəsinə dair cizginin verilməsi üçün Cavabdehnə xx.xx.2025-ci il tarixdə rəsmi olaraq müraciət etsə də bu günə kimi heç bir cavab verilməmişdir. Bu səbəbdən də ona qanuni sərəncamla verilmiş həmin torpaq sahəsi üzrə sənədləşdirmə apara bilmir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 51 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış sahədə yüngül konstruksiyadan ibarət 6x3m. ölçüdə qaraj qoyulmasına icazə verilmişdir. Həmin sərəncamda torpaq sahəsinin ayrılması və ya onun ölçülərinə dair heç bir qeyd yoxdur. Nəzərə alınmalıdır ki, həmin sərəncam qarajın qoyulmasına dair hüquq verir və hər hansı torpaq sahəsinin ayrılması nəzərdə tutula bilməz. Həmçinin iddiaçının ikinci xahişi olan qaraja yerləşmə cizgisinin verilməsi tələbi isə qeyri-mümkündür. Belə ki, yerləşmə cizgisi yalnız torpaq sahəsinə dair verilə bilər və qaraja yerləşmə cizgisi verilməsi tələbi tamamilə əsassızdır. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) ve xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgiplan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 51 saylı, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən torpağın yerləşmə cizgisinin və tikilmiş qarajın cizgisinin verilməsi” tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.
5. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 sentyabr 2025-ci il tarixli 3-48-2F/2-2132/2025 saylı məktubla bildirilmişdir ki, Qaradağ RİH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 51 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət məhkəməyə təqdim edilir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. Arxiv çıxaışına əsasən: İ. Lök-Batan qəsəbəsi, 2-ci massiv 1-ci keçid, 1 saylı ev 44 saylı mənzil sakini İddiaçı Lök-Batan qəsəbəsində ayrılmış sahədə yüngül konstruksiyadan ibarət 6x3m. ölçüdə qaraj qoyulmasına icazə verilsin. İİ.Vətəndaşlara tapşırılsın ki, qaraj tikintisi üçün rayon kommunal müəssisələri istehsalatı idarəsi ilə müqavilə bağlansın. Qeyd: Sərəncama heç bir sənəd əlavə edilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. İddia tələbi Cavabdeh Başçısının xx.xx.1995-ci il tarixli 51 saylı sərəncamına əsasən iddiaçıya Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsində yüngül konstruksiyadan ibarət 6x3 m ölçüdə qarajın qoyulmasına dair verilmiş torpağın yerləşmə cizgizinin verilməsi ilə bağlıdır.
16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
17. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinə (27 fevral 2001ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) əsasən: Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir
18. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
19. İşin faktiki hallarına əsasən, iddiaçıya Cavabdeh Başçısının xx.xx.1995-ci il tarixli 51 saylı sərəncamı ilə Lökbatan qəsəbəsində ayrılmış sahədə yüngül konstruksiyadan ibarət 6x3m. ölçüdə qaraj qoyulmasına icazə verilmişdir. Sözügedən sərəncamın mövcudluğu məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışı ilə təsdiqlənir.
20. Göründüyü kimi sənədin həqiqiliyi heç bir şübhə doğurmur. Həmin sərəncam arxiv çıxarışı ilə təsdiq edildiyindən, ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatlar cavabdeh inzibati orqan tərəfindən də inkar edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilir. Buna baxmayaraq məhkəmə hesab edirki, hazırkı tələbə əsasən torpaq sahəsinə dair cizginin verilməsi üçün əsas ola bilməz.
21. Belə ki, cavabdehin xx.xx.1995-ci il tarixli 51 saylı Sərəncamında yüngül konstruksiyadan ibarət qarajın qoyulması nəzərdə tutulmuşdir. Məhz həmin əsasla - qarajın qoyulmasına icazə verilməsi məqsədilə Sərəncam qəbul edilərək iddiaçıya verilmişdir.
22. Odur ki, məhkəmə iş materiallarına əsasən müəyyən etdi ki, iddiaçı tərəfindən iddia olunan Bakı şəhəri, Lökbatan qəsəbəsində inşa edilmiş qarajın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil.
23. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmuş, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva