Məhkəmə qərarları › İş №2-1(112)-15384/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15384/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15384/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxx 1963-cü ildə anadan olmuşdur. 1993-cü ildən Bronxial astma xəstəliyinə tutulmuşdur. Çox müalicə alsa da, xəstəliyi sağalmamış, ona ağır gedişli-ağır tutmalarla ağır persistə edən bronxial astma İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə İİ qrup əlillik təyin edilmişdir. 1996-cı ildən bu vaxta qədər İİ qrup əlil kimi pensiya almış, artıq əlilliyi müddətsiz olmuşdur. Lakin 2022-ci ildən pensiyası kəsilmiş, bunun səbəbi ilə maraqlandıqda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin ləğv edilməsi bildirilmişdir. O, əlilliyinin bərpa edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ünvanlayaraq, təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpa edilərək, əlillik dərəcəsinin təyin edilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh 07 avqust 2023-cü il tarixli məktubla ərizəsinə cavab verərək, əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilməsi və əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edilməsi göstərilərək, tibb müəssisəsinin göndərişində qeyd olunan diaqnozu təsdiq edən ixtisaslaşmış müddət yetərli olmadığından əlilliyin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. Halbuki, onun əlilliyi artıq müddətsiz olmuş, xəstəliyi sağalmamış, hal-hazıradək həmin xəstəlikdən əziyyət çəkir. Cavabdeh tərəfindən əlilliyinin ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma Diaqnozun mətni: Bronxial astma qarışıq forma. Nəzarət olunmayan kəskinləşmə mərhələsi. Ağ ciyər emfizeması. Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Essensial hipertenziya İİ dərəcə yüksək risk qrupu.sol tərəfli böyrək daşı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, müddəti ötürərək məhkəməyə vaxtında şikayət etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə iddiaçıya “Bronxial astma infeksion allergik forma ağır gedişli. Essensial hipertoniya. Şəkərli diab. İİ tip TÇ ll dər.” diaqnozu üzrə ümumi xəstəlik səbəbindən ilkin ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti 1 il müəyyən edilməklə növbəti müayinə tarixi xx.xx.2009-cu il müəyyən edilmişdir. İşdən görünür ki, xx.xx.2014-cü il tarixdə iddiaçıya eyni diaqnoz üzrə ümumi xəstəlik səbəbindən təkrar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçıya yenidən eyni diaqnoz üzrə ümumi xəstəlik səbəbindən təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının əlilliyinə yenidən baxılmış və X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma Diaqnozun mətni: Bronxial astma qarışıq forma. Nəzarət olunmayan kəskinləşmə mərhələsi. Ağ ciyər emfizeması. Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğunluğu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Essensial hipertenziya İİ dərəcə yüksək risk qrupu. sol tərəfli böyrək daşı.” diaqnozu üzrə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. İddiaçı hazırda bu imtinanın qanunsuz hesab edilərək ona təyin edilən əlilliyin bərpa olunmasını, daha doğurusu, ona yenidən müddətsiz əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının ona əlillik təyin edilməsindən ibarət hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci il tarixli göndərişlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə əlilliyi qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır” səbəbi ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı isə bu imtinadan sonra yeni göndərişlə cavabdehə müraciət etməmiş, 1 il 6 aydan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində əlverşli inzibati aktın qəbul edilməsi barədə cavabdehə etdiyi müraciətə verilən imtina cavabından 2 ilə yaxın zaman keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İPM-in 24-cü maddəsinə əsasən: - həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). - Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). - Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). - Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı prosessual müddəti 1 ildən artıq ötürmüşdür və bu müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmamışdır. Belə olan halda hazırkı halda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Yəni qanunvericiliyə əsasən əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Hazırkı halda sonuncu göndərişin verilməsindən 12 aydan artıq müddət keçməsini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, o, əliliyinin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət edə, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qəbul edilən qərarla razılaşmadıqda qərarı aldığı tarixdən 30 gün müddətində müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar