Məhkəmə qərarları › İş №2-1(112)-15384/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15384/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15384/2025 03.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı onun və ailə üzvlərinin mənzil növbəsi üzrə hüquqlarının təmin edilməsi üçün mənzil verilməsi və mənzil növbəsində sıra nömrəsi barədə rəsmi və dəqiq məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi iştirakçısı kimi xx.xx.2007-ci il tarixli Xətai Rayon İcra Hakimiyyətinin sərəncamı ilə özü və ailə üzvləri ilə birlikdə mənzil növbəsinə daxil edilmişdir. Lakin 18 ildən artıq vaxt keçməsinə baxmayaraq, ona və ailəsinə dövlət mənzil fondundan mənzil verilməmişdir. Halbuki, 2007-ci ildən bu günə qədər Xətai rayonunda onlarla yeni yaşayış binaları inşa edilmiş və istifadəyə verilmişdir. İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinin sıra nömrəsi barədə şəffaf məlumat təqdim edilmir. Bu da növbəlilik prinsiplərinin pozulmasına və mənim konstitusion hüquqlarımın (mənzil hüququnun) uzun illər təmin edilməməsinə səbəb olmuşdur. Onun və ailəsinin mənzil hüququnun pozulması nəticəsində onlar sosial ədalətsizliklə üzləşmişlər. Dövlətin mənzil təminatı öhdəliyi faktiki olaraq yerinə yetirilmir.

3. Məhkəmənin 2-1(112)-15384/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı onun və ailə üzvlərinin mənzil növbəsi üzrə hüquqlarının təmin edilməsi üçün mənzil verilməsi və mənzil növbəsində sıra nömrəsi barədə rəsmi və dəqiq məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-15384/2025 saylı inzibati iş üzrə icraata iddia tələbinin “mənzil növbəsində sıra nömrəsi barədə rəsmi və dəqiq məlumatın təqdim edilməsi” hissəsində xitam verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncama qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 5-11/2-S-126-068/25 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamına əsasən 4 nəfər (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) ailə tərkibi ilə Qarabağ müharibəsi iştirakçısı kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsindədir. Mənzillər vətəndaşlara dövlət mənzil fondundan növbəlilik əsasında verilir, onun da, mənzil növbəsi çatdıqda yaşayış sahəsi ilə təmin olunacaqdır.

8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 16 dekabr 2025-ci il tarixli, 5-11/2- 2745/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 78 saylı sərəncamına əsasən 4 nəfər (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) ailə tərkibi ilə Qarabağ müharibəsi iştirakçısı kimi güzəştli mənzil növbəsində 46-cıdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şahid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında həyata keçirildiyindən siyahı üzrə mənzil növbəsində olan Qarabağ müharibəsi iştirakılarının mənzil təminatı həyata keçirilmir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinə hər hasnı bir cavab verilməmişdir. Bundan sonra iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Maddə 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Maddə 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 57.1. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Maddə 57.2. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1 Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

20. Hazırki işin hallarından göründüyü kimi, İddiaçı Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 78 saylı sərəncamına əsasən 4 nəfər (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) ailə tərkibi ilə Qarabağ müharibəsi iştirakçısı kimi güzəştli mənzil növbəsinə götürülmüş və onun növbəsi hazırda 46-dır. İşin faktiki hallarından, o cümlədən müvafiq qanunvericilik aktlarından göründüyü kimi, müəyyən kateqoriya şəxslərə mənzillərin verilməsi növbəyə götürülmə tarixi əsas götürülməklə verilir. İddiaçının isə tələbi, faktiki növbədənkənar mənzillə təmin edilməsi ilə bağlıdır. Halbuki, təqdim edilən siyahıdan da göründüyü kimi iddiaçının mənzil növbəsinə götürüldüyü tarixdən əvvəldə mənzil növbəsində olan şəxslər mövcuddur ki, həmin şəxslər nəzərə alınmadan iddiaçıya mənzilin verilməsi, bu dəfə mənzil növbəsinə götürülmə tarixi səbəbi ilə ondan üstün olan iddiaçı ilə eyni kateqoriyada olan şəxslərin qanunla qorunan hüquq və mənafelərinin pozuntusuna səbəb olacaqdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçıya növbədəkənar mənzilin verilməsi hissəsində iddia qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı halda da siyahı üzrə növbədə olan şəxslərə, o cümlədən də iddiaçıya mənzilin verilmə imkanı öz təsdiqini tapmamışdır. Mənzil mövcud olsa belə, ondan öncə sırada olan şəxslər saxlanılmaqla növbədənkənar iddiaçıya mənzilin verilməsi barədə iddianın təminini istisna edən faktiki hallar kifayət qədərdir.

21. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

22. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

23. Başqa sözlə, icra hakimiyyəti orqanı müvafiq siyahı üzrə iddiaçı ilə eyni kateqoriyadan olan mənzil növbəsində olan digər şəxslərində qanunla qorunan etimad hüquqlarını qorumağa borcludur.

24. Göründüyü kimi, cavabdehin imtinası nəticəsində nə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, nə də “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur.

25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar