Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15386/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı barəsində Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyində qeydə alınmış xx.xx.1967-ci il tarixli, 122 saylı doğum akt qeydində adının “İnarə”-dən “Elnarə”-yə dəyişiklik edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixdə Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyində 122 saylı akt qeydi ilə doğum faktı qeydə alınmışdır. Həmin şəhadətnamə əsasında bir neçə dəfə şəxsiyyət vəsiqəsi əldə edilmişdir. Doğulduğu andan bu günə qədər bütün sənədlərində - orta təhsil attestatında, əmək kitabçasında, ümumvətəndaş pasportunda, nikah haqqında şəhadətnamədə, uşaqlarına məxsus doğum haqqında şəhadətnamədə ana qrafasında onun adı “Elnarə” yazılmışdır. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün müraciət edərkən doğum akt qeydində adının “İnarə” kimi qeyd olunması səbəbindən cavabdeh tərəfindən ona imtina verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Həmin sənəddə onun adı “Elnarə” olaraq qeyd edilmişdir. İşdə olan C01650166 saylı pasportun surətinə əsasən iddiaçının adı “Elnarə” olaraq qeyd edilmişdir. İşdə olan Vİİ-JQ 265133 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının adı “Elnarə” kimi qeyd edilmişdir. İşdə olan İ-AZ 068086 saylı və XX-JQ 455937 saylı doğum haqqında şəhadətnamələrin surətinə əsasən ana qrafasında iddiaçının adı “Elnarə” kimi qeyd edilmişdir. İşdə olan Aİ 745589 saylı attestatın surətində əsasən iddiaçının adı “Elnarə” olaraq qeyd edilmişdir. İşdə olan İV 840990 saylı diplomun surətinə əsasən iddiaçının adı “Elnarə” kimi qeyd edilmişdir. İşdə olan A 643534 saylı şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçının adı “Elnarə” olaraq qeyd edilmişdir. İşdə olan İT – ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçının adı “Elnarə” kimi qeyd edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçı barəsində tərtib edilmiş xx.xx.1967-ci il tarixli 122 sayıl doğum haqqında akt qeydi məhkəməyə təqdim edilmişdir. Həmin akt qeydindən müəyyən edilir ki, iddiaçı xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun adı akt qeydində “İnara” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X1 (xx.xx.2009-cu ildə vəfat etmişdir) ilə X2 (xx.xx.2021-ci ildə vəfat etmişdir) olan xx.xx.1967-ci il təvəllüdlü İnara İsayevanın, xx.xx.1962-ci il təvəllüdlü Solmaz İsayevanın, xx.xx.1964-cü il təvəllüdlü Təranə İsayevanın, xx.xx.1973-cü il təvəllüdlü Əbdülxalıq İsayevin və xx.xx.1970-ci il təvəllüdlü Aybəniz İsayevanın doğumunun Sabunçu rayon qeydiyyat şöbəsinin Maştağa icra nümayəndəliyində qeydə alındığı barədə məlumat aşkar edilmişdir. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərdə - AZE 16513692 seriyalı şəxsiyyət vəsiqəsində vətəndaşın adı “Elnarə”, həmçinin nikah haqqında şəhadətnamədə qadının adı qrafasında, uşaqların doğum haqqında şəhadətnaməsində ananın adı qrafasında “Elnarə” qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığından müraciətin icrası mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində adına düzəliş edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (161.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (161.2.). Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər (1.4). Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər (1.14.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir (9.1). Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur (9.2.). Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: ərizəçinin adı, soyadı və atasının adı; ünvanı; haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; təkrar tələb olunan şəhadətnamənin növü; vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar (9.3.).Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur (9.4). Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər (9.7). Göründüyü kimi iddiaçı doğum akt qeydində adının “Elnarə” yox, səhvən “İnarə” kimi yazıldığı üçün həmin dəyişikliyi qeyd etməklə doğum haqqında təkrar şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin kifayət qədər əsasların olmamasına görə cavabdeh onun tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına surətləri əlavə edilmiş iddiaçıya məxsus müxtəlif sənədlərdən və həmin sənədlər arasında olan uyğunluqdan görünür ki, iddiaçının adı “Elnarə”dir. Lakin, texniki səhv nəticəsində onun doğum akt qeydində adı “İnara” kimi qeyd edilmişdir. Hazırda iddiaçı həmin yanlış məlumatların düzəldilərək ona təkrar şəhadətnamə verilməsini xahiş edir. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, cavabdehin bu imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı barəsində Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyində qeydə alınmış xx.xx.1967-ci il tarixli 122 saylı doğum akt qeydində adının “İnarə”-dən “Elnarə”-yə dəyişiklik edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı barəsində Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyində qeydə alınmış xx.xx.1967-ci il tarixli, 122 saylı doğum akt qeydində adının “İnarə”-dən “Elnarə”-yə dəyişiklik edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15386/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15386/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver