Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1539/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, 2-ci kvartal, 251 saylı 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarından 10 saylı, 08 oktyabr 1997-ci il tarixli çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığını nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq iddiaçıya fərdi yaşayış evi tikintisi üçün Maştağa qəsəbəsində ikinci kvartal 251 saylı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış və texniki sənədlərin verilməsi üçün cavabdehə göstərilən sənədləri təqdim etməklə müraciət olunsa da, cavabdeh müxtəlif bəhanələrlə 18 aprel 2024-cü il tarixli məktubu ilə imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun hüquqlarını pozmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli məktubla İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********28 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarından çıxarış ilə Bakı şəhəri, Maştağa qəsəbəsi, 2-ci kvartal ünvanında yerləşən sahəsi 600 kv.m olan 251 nömrəli torpaq sahəsi İddiaçı ayrılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********28 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-48-2F/2-1334/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1997-ci il tarixli 10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********70 nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı oğlunun adına ünvan ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəzərə alına bilər. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericilikdə olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Lakin iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərə malik olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarından çıxarışa əsaslanaraq torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını iddia edir. Qanunvericiliyə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas qismində çıxış edir. Lakin hazırk mübahisə üzrə iddiaçının təqdim etdiyi həmin qərar iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün kifayət etmir. Belə ki, məhkəmə araşdırılması zamanı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi məqsədi ilə aidiyyəti üzrə sorğular verilmiş, lakin nə adı çəkilən qərarın, nə də ki həmin qərarın verilməsinə əsas olan hər hansı sənədin, həmçinin yerli icra hakimiyyəti başçısının qərarı mövcudluğu aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş qərar yalnız o zaman mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas qismində çıxış edə bilərdir ki, həmin qərar 2001-ci il yanvarın 1-dək verilmiş olsun və qərarın verilməsinin əsasında yerli icra hakimiyyətinin qərarı (yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması və ya torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi) olsun. Hazırki iş üzrə isə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən nə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, nə də yerli icra hakimiyyətinin qərarı aşkar olunmamışdır. Təqdim edilən sənəd qeyd edilən tələblərə cavab verməməklə, arxiv nüsxəsi mövcud olmamaqla yanaşı, torpaq sahəsinin yerini də müəyyən etməyə imkan vermir. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı sənəd aşkar olunmamış, bununla da, şəxsin daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X2.