Məhkəmə qərarları › İş №2-1(112)-154/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-154/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-154/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X4 Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X9 İcrayyə Komitəsi tərəfindən verilmiş 13 iyun 1990-cı il tarixli, 4/145 saylı qərarı ilə ona Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsi verilmişdir. 15 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə çıxarış verilməsi barədə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 16 oktyabr 2020-ci il tarixdə **********66 nömrəli məktubla onun ərizəsinə imtina verilmişdir. İmtinanın verilməsi bağ sahəsinin yerləşməsi bağçılıq yoldaşlığının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi və sözü gedən sahə ilə JN- 21318 saylı “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”nin elektron baza məlumatları ilə üst-üstə düşmə halı mövcud olması, arxiv bölgü sxeminə əsasən 27 saylı bağ sahəsinin ərazisi digər fiziki şəxsin adına qeydiyyata keçməsi ilə əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassız olmaqla, həm də ədalətsizdir. Belə ki, Bakı şəhər X9 İcaryyə Komitəsi tərəfindən verilmiş 13 iyun 1990-cı il tarixli, 4/145 saylı qərarla ona Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin ona verilməsi 02 fevral 1991-ci il tarixli “Xoş diyar” bağçılıq yoldaşlığı üzvləri yığıncağının 2 nömrəli protokolu və “Xoş diyar" bağçılıq yoldaşlıq üzvlərinin yığıncagının 2 nömrəli protokolu və “Xoş diyar” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli üzvlük kitabçası ilə öz təsdiqini tapır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2591/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2591/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbini dəqiqləşdirmiş və iddia tələbi “Xoş diyar” bağçılıq yoldaşlığın nəzdində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, bağçılıq-yoldaşlığın bölgü sxeminə san 14-cü keçiddə 27 saylı bağ sahəsi yoxdur. Göstərilən sahəyə bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun olaraq 5/6 saylı bağ sahəsi kimi X5 adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il **********66 saylı cavab ünvanlanmışdır.Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı Şəhər İcariyyə Komitəsinin 145 saylı xx.xx.1990-cı il tarixli qərarının surəti; - “Xoş diyar “ bağçılıq yoldaşlığı üzvlərinin ümumi yığıncağının 02 02.1991-ci il tarixli 02 saylı protokolundan çıxarışın surəti; - “Xoş diyar” bağçılıq yoldaşlığı tərəfindən İddiaçı verilmiş 19 nömrəli üzvlük kitabçasının surəti; - cavabdeh orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubu; - cavabdeh orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubu; - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş sənədlər; - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli etiraz məktubu; - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu və əlavə edilmiş sənədlər; - cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu və mütəxəssis rəyi - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu və əlavə edilmiş sənədlər;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh xx.xx.2020-ci il tarixli məktub ilə iddiaçıya bildirmişdir ki, göstərilmiş bağ sahəsinin yerləşməsi bağçılıq yoldaşlığının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və sözügedən sahə ilə JN-21318 saylı "Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”nin elektron baza məlumatları ilə üst-üstə düşmə halı mövcuddur. Eyni zamanda arxiv bölgü sxeminə əsasən 27 saylı bağ sahəsinin ərazisi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Cavabdeh orqanın “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2020ci il tarixli bildiriş məktubunda isə bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmadığı, bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən 14-cü keçiddə 27 saylı bağ sahəsi olmaması və göstərilən sahəyə bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun olaraq 5/6 saylı bağ sahəsi kimi digər şəxsin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə istinad etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtina üçün gətirdiyi dəlillər əsassızdır. İş materiallarına əlavə edilmiş, xx.xx.1991-cı il tarixli 02 saylı Protokoldan çıxarışdan görünür ki, “Xoş diyar” Bağçılıq yoldaşlıq üzvlərinin ümumi yığıncağında siyahıda adları qeyd edilən birliyin işçilərinə bağ sahələri ayrılmışdır. Həmin siyahıda İddiaçı adı 19 sıra nömrəsi ilə qeyd edilmişdir.( tərtib edilmiş sənəd “Xoş diyar” Bağçılıq yoldaşlığın möhürü ilə təsdiq edilmişdir) İş materiallarına əlavə edilmiş, xx.xx.1990-cı il tarixli 11 saylı Protokoldan çıxarışdan görünür ki, “Xoş diyar” Bağçılıq yoldaşlıq üzvlərinə Bakı Şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 4/145 saylı xx.xx.1990-cı il tarixli Qərarı ilə siyahıda adları qeyd edilən birliyin işçilərinə bağ sahələri ayrılmışdır. Həmin siyahı üzrə (iddiaçı) İddiaçı adı 19 sıra nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan, İddiaçı Şüvəlan qəsəbəsi ərazisində, 27-ci sahə, 314-cü keçid, ünvanında 600 kv.m torpaq sahəsi “Xoş diyar” Bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 11 saylı protokoluna əsasən ayrılmış və ona xx.xx.1991-ci il tarixli həmin bağ sahəsinə dair 19 nömrəli üzvlük kitabçası verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN seriyalı 25682D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 10/580 saylı qərarı və "xxxx" ASCnin “İşıq” bağçılıq yoldaşlığın xx.xx.1999-cü il tarixli 1 saylı protokolu ilə Şüvəlan bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan xx/xx-3739/3740 saylı bağ sahəsi X7 mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdə olan, Bakı şəhər X2 və İstismarı Birliyi və X13 arasında, Bakı şəhəri, Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan, xx/xx-3739/3740 saylı bağ sahəsinə dair xx.xx.2005-ci il tarixli 34333 saylı müqavilə bağlanılmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli muşaiyət məktubu ilə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN seriyalı 21318D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Bakı şəhər XDS İK-nın xx.xx.1990-ci il tarixli 4/145 saylı qərarı və "xxxx" ASC-nin "xxxx" MMC-nin bağçılıq cəmiyyətinin aprel 1999-cü il tarixli 1 saylı protokolu ilə Şüvəlan bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan xx/xx-3727/3728 saylı bağ sahəsi X1 mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli müşaiyət məktubu ilə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN seriyalı 20691D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 10/580 saylı qərarı və "xxxx" bağçılıq yoldaşlığın xx.xx.1999-cu il tarixli 1 saylı protokolu ilə Şüvəlan bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 5/6-3718/3719 saylı bağ sahəsi X5 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17 noyabr 2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində hec bir məlumatın olmamaması və müraciətə əlavə edilmiş sxemin miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən ıdiaçının iddia etdiyi 27 saylı bağ sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır və idiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə JN-21325, JN- 20691, JN-20688, JN-21318 nömrəli şəhadətnamələrə əsasən X8 adına sahəsi 0.4725 hektar, (xx.xx.2020-ci il tarixli) reyestr nömrəsi **********32 olan çıxarış verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3716 saylı bağ sahəsinin X8 adına xx.xx.2020-ci il tarixdə, **********32 reyestr nömrəsi ilə qeydiyyata alındığına dair məlumat mövcuddur. Sorğu ilə əlaqədar olaraq X11 xx.xx.2020ci il tarixli, **********32 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli müşayət məktubu ilə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN seriyalı 17722D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11/625 saylı qərarı ilə “Çinar” bağçılıq kooperativinin idarə heyətinin və HGME-nin həmkarlar təşkilatının xx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə Şüvəlan bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 11 saylı bağ sahəsi X3 mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN seriyalı 19738D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Bakı şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11/625 saylı qərarı ilə HGME-nin “Çinar” bağçılıq kooperativinin idarə heyətinin və həmkarlar təşkilatının xx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə Şüvəlan bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsi X3 mülkiyyətinə verilmişdir İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli müşayət məktubu ilə “Xoş diyar” bağçılıq yoldaşlığına dair bölgü sxemi və ayrıc aktı məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubda “Xoş diyar” bağçılıq yoldaşlığın arxiv qovluğunda olan yerləşmə sxemi və bölgüsü kordinatlarla verilmədiyi və mövcud vəziyyətdə ərazidə aparılmış hasarlanma işləri bağçılıq yoldaşlığın bölgüsündə göstərilmiş nömrə və sahə ardıcıllığına uyğun aparılmaması səbəbindən 27 saylı bağ sahəsinin naturada və kameral şəraitdə koordinatlarının təyin olunması mümkün olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu və əlavə edilmiş Bakı Şəhər XDS İK-nın (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli 4/145 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Belə ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək (3.0.2), təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.3). bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.4). dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; (3.0.8) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; (3.0.11) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (3.0.23). vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; (3.0.29) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; (3.0.31) xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. (maddə 1) Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. (maddə 9) Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (maddə 10) "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Qeyd edilməlidir ki, "Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Fərdi bağların altında olan torpaqlar əvəzsiz olaraq qanuni istifadəsində olan şəxslərə əvəzsiz verildiyindən, iddiaçıya məxsus bağ sahəsi onun qanuni istifadəsində olduğundan, bağ sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası olduğundan cavabdehin imtinası əsassız olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1 -ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh iddiaçının torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmamasını sübut edə bilməmişdir.

Cavabdehin istinad etdiyi dəlillər ondan ibarət olmuşdur ki, göstərilmiş bağ sahəsinin yerləşməsi bağçılıq yoldaşlığının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir, iddiaçı tərəfindən göstərilən sahə ilə JN-21318 saylı "Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”nin elektron baza məlumatları ilə, həmçinin yuxarıda qeyd edilən digər şəxslərin torpaqları ilə üst-üstə düşmə halı mövcuddur və bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən 14-cü keçiddə 27 saylı bağ sahəsi yoxdur. İlk dəlilə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, yaranmış uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla, torpaq sahəsinin yerləşmə yerini (nəzərə alınsa ki, cavabdeh inzibati orqan kadastr, koordinat məlumatlarına və s. texniki imkan və avadanlıqlara malikdir) müəyyən etmək cavabdeh inzibati orqanın müvafiq qanunvericilik aktları ilə onun vəzifələrinə aid edilmişdir. Həmçinin məhkəmə 27 saylı bağ sahəsinin yerləşdiyi keçidlə bağlı qeyd edir ki, həmin bağ sahəsi müvafiq sxematik xəritəyə əsasən 15-ci keçiddə yerləşir və bu hal iddiaçının iradəsindən asılı deyildir və onun təqsiri kimi qəbul edilə bilməz. Daşınmaz əmlakın qeydiyyatı haqqında qanuvericilikdə göstərilən hal imtina əsası kimi müəyyən edilməmişdir. Beləliklə də, qeyd edilənlərə uyğun olaraq məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsinin İddiaçı ayrılmasına dair müvafiq bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası mövcud olduğundan və protokoldan çıxarış təqdim edildiyindən, 27 saylı bağ sahəsi “Xoş diyar” bağçılıq-yoldaşlıq birliyinin sexmatik xəritəsində göstərildiyindən və yuxarıda göstərilən uyğunsuzluqları aradan qaldırmaq inzibati orqanın vəzifəsi olduğundan, etirazda qeyd edilənlər qanunvericilikdə imtinası əsası kimi müəyyən olunmadığından, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0.06 ha olan 27 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0.06 ha olan 27 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar