Məhkəmə qərarları › İş №2-1(112)-1540/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1540/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1540/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və İPM-nin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, “Müharibə veteranı” statusunun və vəsiqəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il ilin noyabrından 1994-cü nömrəli hərbi hissənin tərkibində Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07 may 1999-cu ildə Sabunçu rayon Komisarlığı tərəfindən ona veteranlıq vəsiqəsi verilmişdir. O, 2019-cu il tarixində veteranlıqla bağlı müavinət verilməsi üçün Sabunçu rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Ona 06 ay müavinət verilmişdir. Sonradan ona verilən müavinət dayandırılmışdır. Müraciət etdikdə isə ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində ata adı Məhhəmməd olsa da, veteranlıq vəsiqəsində Məmməd kimi qeyd olunduğundan müavinətin verilməsi dayandırılmışdır. Bundan sonra, o, sənədlərində olan yanlışlıqların düzəldilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən onun sənədləri geri qaytarılmış və 08 may 2020-ci il tarixli məktubunda döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Odur ki, qanunsuz imtina ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh orqanın imtinası hüquqlarının pozulması ilə nəticələnmişdir. Onun 1993-cü ilin may ayının 19-na kimi N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonunda gedən döyüşlərdə iştirak etməsini onunla orduda döyüşdə işitrak etmiş və hazırda “Müharibə veteranı” olan ünvan 2 ünvanında yaşayan X1 və ünvan 3 ünvanında X3 da, təsdiq edə bilərlər. Cavabdeh inzibati orqanının onun müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin tanınmasından imtina üçün əsas kimi gətirdiyi hallar, yuxarıda sadalanan maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın onun müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin tanınmasından imtinası hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 08 yanvar 2020-ci il tarixli 9/2-88 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. Döyüş mövqeyini özbaşına tərk etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 16.01.1994-cü il tarixli 16 nömrəli əmrilə qazan təminatından çıxarılmışdır. Bu isə qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə 08.05.2020-ci il tarixli, 1/Ş-6829 nömrəli imtina məktubu ilə verilmiş cavabdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqəslərinin verilməsi üzrə komissiya”nın 01.05.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 04.09.2007-ci il tarixli arayışdan görünür ki, Qarabağ Hərbi Prokurorluğunda vətəndaş İddiaçı Məmməd oğlunun barəsində hər hansı cinayət işi istintaq olunmur və heç bir təqsirləndirici material araşdırılmır. İşdə olan Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 030636 nömrəli vəsiqənin surətindən görünür ki, 07.05.1999-cu il tarixdə İddiaçı Məmməd oğluna “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İşdə olan НЗ seriyalı, ******* nömərli hərbi biletin surətindən görünür ki, İddiaçı Məmməd oğlunun aprel 1987-ci ildən 28 iyun 1989-cu il tarixədək Sovet ordu sıralarında xidmət etməsi, N nömrəli hərbi hissə komandirinin 16.11.1993-cü il tarixli əmrilə şəxsi heyətinin sıralarına daxil olması və Ağdam rayonunda 10.05.1994-cü il tarixədək xidmətinin olması barədə qeydlər vardır. İşdə olan məhkəmənin “iddiaçının xidməti barədə məlumat təqdim edilməsinə dair” sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 12 noyabr 2020-ci il tarixli, 9/2-10466 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu RHK-dan çağırılmış 1969-cu il təvəllüdlü İddiaçı Məmməd oğlu N nömrəli hərbi hissə komandirinin 16.11 1993-cü il tarixli, 115 №-li əmrilə (əsas: səh.49, §2, sıra-313, qeyd: əmrdə atasının adı Məmməd yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 10.01.1994-cü il tarixli 1N №-li əmrində (əsas: səh.21, §4, sıra-66, qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı hərbi hissəni özbaşına tərk etməsi və 08.01.1994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. Fərarilikdən qayıtmış İddiaçı Məmməd oğlu N nömrəli hərbi hissə komandirinin 16.01.1994-cü il tarixli 16 №-li əmrilə (əsas: səh.43, §2, sıra-50, qeyd: əmrdə atasının adı Məmməd yazılmışdır) 16.01.1994-cü il tarixdən qazan təminatına qoyulmuşdur. Döyüş mövqeyini özbaşına tərk etmiş İddiaçı Məmməd oğlu N nömrəli hərbi hissə komandirinin 19.05.1994-cü il tarixli 139 №-li əmrilə (əsas: §7, sıra-11, qeyd: əmrdə atasının adı Məmməd yazılmışdır) qazan təminatından çıxarılmışdır. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Eləcə də, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin Qeyd hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İş materiallarından isə görünür ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin 10.01.1994-cü il tarixli, 1N №-li əmrilə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və 08.01.1994cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. Fərarilikdən qayıtmış iddiaçı N nömrəli hərbi hissə komandirinin 16.01.1994-cü il tarixli, 16 nömrəli əmrilə 16.01.1994-cü il tarixdən qazan təminatına qoyulmuşdur. İddiaçının qazan təminatından çıxarılması barədə 19.05.1994-cü il tarixli, 139 nömrəli əmrində İddiaçı Məmməd (Məhəmməd) oğlunun döyüş mövqeyini özbaşına tərk etməsi barədə qeyd mövcuddur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçının qanuni əsaslarla xidmət etməsi işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar