Məhkəmə qərarları › İş №2-1(112)-1540/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1540/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1540/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsi olaraq 2020 – 2021 tədris ilində Bakı şəhəri 59 nömrəli və 149 nömrəli məktəblərdə (eyni zamanda) riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. 2019 – 2020-ci tədris ilində Bakı şəhəri 23 nömrəli məktəbdə dərnək rəhbəri vəzifəsində (pedaqoji vəzifə) çalışmış, 2021 – 2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsi olaraq müddətsiz müqavilə əsasında işə qəbul prosesinə qoşulmuşdur. Elm və Təhsil Nazirliyi tərəfindən gözlənilmədən ona dolayı yolla məlumat verilmişdir ki, guya ixtisası pedaqoji deyil. Cavabdeh inzibati orqanın nümayəndələrinə məlumdur ki, faktiki olaraq onun (iddiaçının) ixtisası ali pedaqojidir. 1977 – 1982-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (qeyri-pedaqoji ixtisas üzrə) bitirmiş, 1986-cı ildə daimi yaşayış yerini dəyişmişdir. Sonradan Rusiya Federasiyasında çoxlu ixtisaslara nail olmuşdur, o cümlədən ali təhsil diplomu bazasında, ixtisasını artıraraq, pedaqoji ixtisas almış, yəni onun artırılmış ali pedaqoji riyaziyyat müəllimi ixtisası var. İxtisasınmı artırma sənədlərini qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdan məlum olmuşdur ki, onun ixtisasının pedaqoji olmasına heç bir şübhə yoxdur və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1 (iddiaçının) ali pedaqoji təhsilinin tanınması və ya tanınmaması həvalə edilməmişdir. İddiaçı bundan sonra Nazirliyin nəzdində olan digər quruma İnsan resursları mərkəzinə müraciət etmişdir. 2021 – 2022-ci dərs ilinin sonunadək ehtimal olunur ki, Nazirlik tərəfindən ona müddətsiz müqavilə əsasında işə qəbul üçün müraciət ediləcək. Lakin ona belə müraciət ünvanlanmadı. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli qərarı ilə «Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası» təsdiq edilmişdir. Həmin Qaydaya əsasən hətta pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. İddiaçı fitri istedadlı riyaziyyatçıdır. Beynəlxalq riyaziyyat konfranslarının iştirakçısıdır. “Rimanın dzeta-funksiyasının sıfırlarının həqiqi hissələri”nə aydınlıq gətirən əyani məruzənin müəllifidir. 1974-ci ildən (14 yaşından, hələ orta məktəbdə oxuyarkən) riyaziyyatdan dərs verir (48 ildən çox). Şagirdlərin və riyaziyyat müəllimlərinin ona ehtiyacı var. Göstərilənlərə əsaslanaraq, məhkəmədən onun 27 avqust 2021-ci il tarixli çıxarışa (xxxxxxxqfRXkY nömrəli) uyğun olaraq, Bakı şəhəri 272 nömrəli məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiasını 2019 – 2020-ci tədris ilində Bakı şəhəri 23 nömrəli məktəbdə “dərnək rəhbəri" vəzifəsində çalışması, 2020 – 2021-ci tədris ilində eyni zamanda Bakı şəhərinin 59 və 149 nömrəli məktəblərində “riyaziyyat” müəllimi kimi fəaliyyət göstərməsi, 2021 – 2022-ci tədris ili üzrə isə, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi, lakin baza ali təhsil haqqında sənədinin qeyri-pedaqoji olması səbəbindən cavabdeh tərəfindən təşkil edilmiş mərkəzləşdirilmiş müsabiqəyə buraxılmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedaqoji işçilərin işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının, ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir. Həmin Qaydaların 4.1-ci bəndinə görə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Qaydaların 4.2-ci bəndinə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı təhsil sənədi Təhsil Nazirliyində tanınmış Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər iştirak edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası»nın 2.1-ci bəndinə əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Qaydanın 3.2-ci bəndnə görə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə (əlavə olunur) müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqi vardır. Beləliklə də, iddiaçının baza ali təhsili üzrə aldığı ixtisas «Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası»na əlavədə nəzərdə tutulmadığından, o, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməz. Göstərilənlərə və İPM-in 47.2, 68.2, 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq müsabiqəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 36-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Həmin Qanunun 36-1.2-ci maddəsinə əsasən aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər: (36-1.2.1) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər; (36-1.2.2) ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər; (36- 1.2.3) fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; (36-1.2.4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər; (36-1.2.5) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər. Həmin Qanunun 36-1.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli 34 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ləğv edilmişdir. «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nın 1.4.9cu yarımbəndinə görə tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2010-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası» 2.1-ci bəndinə görə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Həmin Qaydanın 2.2-ci bəndinə görə bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Həmin Qaydanın 3.2-ci bəndinə görə pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları ümumi təhsil müəssisəslərində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququnu müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan ali təhsilli mütəxəssislərinə münasibətdə hər hansı şərt qoyulmadan, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olmayan mütəxəssislərə münasibıtdə isə yalnız müəyyən fənlərin tədrisi şərtilə nəzərdə tutmuşdur. Bundan başqa, həmçinin qanun pedaqoji fəaliyyətlə məşğul olması qadağan olunan şəxslərin dairəsini də müəyyən etmişdr. Hazırkı işin halları üzrə İddiaçı pedaqoji fəaliyyətlə məşğul olması qadağan olunmuş şəxslər kateqoriyasına («Təhsil haqqında» Qanunun 36-1.2-ci maddəsi ilə müəyyənləşdirilmiş) aid olmasa da, onun ixtisası “riyaziyyat” fənninin tədrisinə müvafiq deyil. Belə ki, “riyaziyyat” fənninin tədrisi üzrə pedaqoji ixtisasa malik olmayan mütəxəssislər «Təhsil haqqında» Qanunun 36-1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2010-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın müddəalarına görə yalnız “mexanika (şifr 050502)” ixtisasına malik olduqda bu ixtisas üzrə pedaqoji fəaliyyətlə məşəul ola bilərlər. İddiaçı ixtisası isə, “mühəndis”dir (Azərbaycan Mühəndis İnşaat İnstitutunu bitirmişdir). X3 aldığı əlavə təhsilə gəldikdə isə, nəzərə alınmalıdır ki, həmin ixtisas üzrə təhsil aid kvalifikasiya (ixtisas) tanınmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-346 nömrəli 8 may 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydaları”nın 5.2-ci bəndinə görə müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ya ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş şəxslər iştirak edə bilər. Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin müəllimlərin işə qəbuu müsabiqəsində iştirakına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası» ilə müəyyən edilmiş qaydada yol verilir. Qaydaların 51.-ci bəndinə görə müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edir. Qaydaların 5.8-ci bəndinə görə müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər. Belə olan halda məhkəmə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İddiaçı müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmasından imtinasını qanuna zidd qiymətləndirmir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar