Məhkəmə qərarları › İş №2-1(112)-1540/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1540/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1540/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli 4/3-5018 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Laçın rayonu Kürdhacı kəndində anadan olmuş, ixtisasca həkim, Türkiyədə yaşayan vətəndaşdır. 1990-1999-cu illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən X11 Xəstəxanasında həkim-reanimotoloq kimi fəaliyyət göstərmişdir. Birinci Qarabağ müharibəsi zamanı könüllü surətdə döyüş əməliyyatlarının aparıldığı Ağdam, Qubadlı, Füzuli və digər bölgələrə ezam olunmuş, vətən uğrunda döyüşmüş igid oğul və qızlarımızın sağlamlıqlarına qovuşmasında əlindən gələn köməkliyi etmişdir. Eyni zamanda, Vətən müharibəsi zamanı könüllü surətdə Türkiyə Respublikasından vətənə qayıtmış, Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində, eləcə də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki Füzuli rayon Məkrəzi xəstəxanasında, Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra Cəbrayıl rayonu Daşkəsən qəsəbəsində qurulmuş səhra hospitalında, daha sonra isə Qubadlı rayonunda ixtisası üzrə fəaliyyət göstərmişdir. Vətən müharibəsi zamanı yaralılar yüksək tibbi xidmətin göstərilməsində fəal iştirakına görə X10, Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri və digər qurumlar tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilmiş xx.xx.2023cü il tarixli 4/3-5018 nömrəli məktubda “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Onun Vətən müharibəsində döyüş əməliyyatlarının aparıldığı ərazilərdə xidmət göstərməyi, yaralı əsgərlərə tibbi yardım etməyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən verilmiş arayışlarda tam təsdiq olunur.

4. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyatlarında iştirakınız Müdafiə Nazirliyinin tabeliyində olan hər hansı bir hərbi hissənin nizamı hissə üzrə əmrlərində öz əksini tapmadığına gorə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçun razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.”

5. Cavabdehin iddia qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Käbineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati iş materialına əlavə edilmiş N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, N nömrəli, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli N nömrəli məktublarından görünür ki, sözügedən hərbi hissələrin nizami hissə üzrə əmrlər kitabında İddiaçı adı aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

8. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

9. İddiaçının tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.

10. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

11. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin tibbi hissə rəisi Zəfər İsmayılovun arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən xx.xx.1966-cı il təvəllüdlü, vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X4, könüllü olaraq N oktyabr 2020ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçə-neçə yaralını qurtarmışdır.

13. AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri Hüseyn Qaçayevin arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən xx.xx.1966-cı il təvəllüdlü, vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X4, TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçəneçə yaralını qurtarmışdır.

14. AR Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X8 arayışına əsasən: Verilir: Ondan ötrü ki, həqiqətən Azərbaycan Respubliksı Silahlı Qüvələrinin apardığı X4, TƏBİB-in göndərişi ilə Türkiyə Respublikasından könüllü gəlmiş həkim-reanimatoloq İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə qədər X6 Mərkəzində həkimreanimatoloq vəzifəsində fəaliyət göstərmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərindən daxil olmuş yaralı hərbiçilərə aparılan ilkin tibbi yardımlarda, cərrahi əməliyatlarında fəal iştirak etmiş, yaralı hərbiçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olmuşdur. Qeyd: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X6 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir.

15. AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş arayış (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq, xəstə və yaralıla ilkin tibbi yardımın göstərməsi barədə) N nömrəli hərbi hissədə araşdırılmışdır. Vətəndaş İddiaçı döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olraq iştirak etməsi bardə heç bir idarə və ya müəssisədən rəsmi sənəd daxil olmadığına görə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında bu barədə heç bir qeydiyyat aparılmamışdır.

16. AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı Vətən Müharibəsi zamanı 27 senyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Vətəndaş İddiaçı Qubadlı rayonu Xanlıq kəndində açılmış N nömrəli hərbi hissənin mobil səhra hospitalında yaralılara ixtisaslı tibbi yardım göstərmişdir.

IV. Məhkəmənin mövqeyi

17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

19. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

20. Göründüyü kimi, ... hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir.

21. İddiaçı döyüş bölgəsinə könüllü olaraq getmiş mülki şəxsdir və hərbi hissələrin arayışlarında N oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında, TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında döyüş əməliyyatı gedişi zamanı könüllü həkim kimi fəaliyyət göstərmişdir.

22. Məhkəmə iddia tələbinin cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəldilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında rəsmi əmək (xidməti) münasibəti olmasa belə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələri iddiaçını təminata götürüb. Bu halı təsdiq edən N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubu iş materiallarında mövcuddur.

23. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

24. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir.

25. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

26. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “Vətən müharibəsi” zamanı könüllü olaraq N oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlarda, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmişdir. TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlarda, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmişdir.

27. İddiaçının döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri olmasa da (iddiaçı hərbi qulluqçu olmadığına görə), iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına dair kifayət qədər sübutlar mövcuddur.

28. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 214 №li Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 425 nömrəli, 230 №li Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 198 nömrəli arayışlarından, Füzuli rayon Mərkəzi Xəstəxanasında yaralı hərbiçilərə ilkin tibbi yardım və cərrahi əməliyatlarında fəal iştirak etməsi, yaralı hərbiçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olması barədə Füzuli rayon Mərkəzi Xəstəxanasının arayışdan, həmçinin fəal iştirakına görə X10, Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri və digər qurumlar tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunması ilə müəyyən edilir.

29. Məhkəmə qeyd edir ki, iddiaçının könüllü olaraq Türkiyyə Respublikasından vətənə qayıtması və döyüş bölgəsinə getməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur.

30. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

31. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə könüllü olaraq getməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir.

32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

33. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

34. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçı X5 “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar