Məhkəmə qərarları › İş №2-1(112)-15415/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15415/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15415/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin altında olan 625 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, fərdi yaşayış evi və torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh buna dair imtina vermişdir ki, imtina qanunsuz və əsassızdır. İddiaçı hesab edir ki, istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 1630,80 kv.m fərdi yaşayış evi iddiaçının mülkiyyətində, 0,0625 kv.m torpaq sahəsi isə istifadəsindədir. Texniki pasportdan görünür ki, tikinti altı sahə də 0,0625 kv.m təşkil edir. Tikili 1996-cı il tarixdə inşa edilmişdir. Fərdi yaşayış evinə dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, aprel 2002-ci il tarixdə fərdi yaşayış evinə dair texniki pasport mövcuddur. Tikinti altı sahə 625 kv.m olaraq göstərilmişdir Nərimanov Rayon İcra Hakimiyyətinin 23 noyabr 1995-ci il tarixli sərəncamından görünür ki, yaşayış sahəsinin inşası ilə əlaqədar mənzil fondunun özəlləşdirilməsi haqqında qanununa istinadla köhnə mülkiyyətçiyə yaşayış sahəsi verilməsi qərara alınmışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin 13 dekabr 1995-ci il tarixli sərəncamından görünür ki, yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. İcazə ilə bağlı müraciət həmin ünvanda yerləşən yaşayış sahəsində yaşamış Namazova soyadlı şəxsin hesabına öz hesabına layihəyə uyğun texniik pasportuna əsasən icazə verilmişdir. Bağışlama müqaviləsindən görünür ki, mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna uyğun olaraq ev 28 d ünvanda yerləşən fərdi yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarının hazırkı işin faktiki hallarına tətbiqi baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının istifadəsində olan tikili həmişə faktiki olaraq fərdi yaşayış sahəsi olmuş, digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət, tikili olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi fərdi yaşayış evinin tikinti altı sahəsi 625 kv.m təşkil etməkdədir ki, hazırkı müraciət də məhz inşası barədə 1996-cı il tarixli qeydi aparılmış fərdi yaşayış evinin altındakı həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədədir. Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən də göründüyü kimi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Oxşar norma Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci hissəsində də qeyd edilmilmişdir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, yuxarıda adıçəkilən Qanunun 1-ci maddəsi torpaq islahatının məqsədi və vəzifələri ilə əlaqədardır ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Göründüyü torpaq üzərində yeni mülkiyyət münasibətlərinin yaranması torpaq islahatının əsas məqsədlərindən biri qismində çıxış edir ki, bunun davamı kimi yuxarıda göstərilən normativ tələblərə uyğun olaraq torpaq sahələrinin mülkiyyətə keçirilmə qaydası müəyyən edilmişdir. Bunun üçün isə, əsas meyar qanuni istifadəsində olma meyarıdır. Başqa sözlə dövlət orqanları dövlətin mülkiyyətində olan torpaq sahəsini qanuni əsaslarla vətəndaşın istifadəsinə vermişdirsə həmin dövlət torpağının şəxsi mülkiyyətə verilməsindən söhbət gedə bilər. Bu səbəbdəndir ki, adı bağların icarə və ya istifadə müqaviləsi adlanan müqavilələr, digər xarakterli hüquqmüəyyənedici sənədlər məhz mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində çıxış edir. Bu zaman icarə və istifadə müqaviləsinin yox, məhz mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılır. Göstərilən normaların tətbiqi bağ sahələri ilə yanaşı fərdi yaşayış evlərin altındakı torpaqlarla bağlı da eyniyyət təşkil edir. Bu zaman, aydın məsələdir ki, mənzillərin altındakı torpaq sahəsələrinin ümumi mülkiyyətdə olması səbəbindən hər hansı mənzil mülkiyyətçisinin mülkiyyətinə verilməsindən söhbət gedə bilməz ki, fərdi yaşayış sahəsinə dair qovluqda mənzil fondunun özəlləşdirilməsinə istinad edilərək fərdi yaşayış sahəsi olaraq faktiki xüsusiyyəti olan iddiaçıya məxsus yaşayış sahəsinin mənzil kimi göstərilməsi və sərəncamlarda fərdi yaşayış tikintisinə icazə verilsə də, torpaq sahəsinə dair hər hansı qeyd aparılmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Nəzərə alınmalıdır ki, hüquqları dövlət qeydiyyatına alınan yaşayış sahəsi həmişə fərdi yaşayış evi olmuşdur və bunun sənədləşdirilməsi zamanı fərdi yaşayış evinin tikintisinə icazə vermə dedikdə onun altındakı torpaq sahəsinin də istifadəsinə verilməsi deməkdir. Əks halda istifadə hüququ 625 kv.m ölçüdə qeydiyyata alınmazdı. Məhz həmin istifadə də torpaq islahatı haqqında qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının qanuni istifadəsinə dəlalət edir. Başqa sözlə hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi nə onun, nə də əvvəlki mülkiyyətçilərin qanunsuz yox, məhz qanuni istifadəsində olmuşdur. Əgər 1996-cı il tarixdə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdirsə, deməli onun altındakı fərdi yaşayış evinin altındakı torpaq sahəsinə istifadə legitim olmuşdur. Həmin qanuni istifadə isə yuxarıda adıçəkilən normaların tələbinə əsasən mülkiyyət hüququ deməkdir. Belə ki, qanuni istifadədə olan fərdi yaşayış evlərinin altındakı torpaq sahəsi dövlət mülkiyyətində olsa da islahat çərçivəsində mülkiyyət hüququ kimi vətəndaşlarına güzəşt edilmişdir. Cavabdehin hazırkı imtinası isə dövlət tərəfindən verilmiş həmin güzəştin realizə edilməməsinə xidmət edir. Halbuki, qanunvericiliyin tələbi konkretdir qanuni istifadədə olan fərdi yaşayış evlərinin, altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddia məhz həmin səbəbdən qanuni və əsaslıdır. Belə ki, iddiaçı fərdi yaşayış evinin qanuni onun istifadəsində olan ölçüdə yerləşdiyi tikinti altı sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini xahiş edir. Qeyd olunmalıdır ki, mənzil altında yerləşən torpaq sahələri istisna olmaqla fərdi yaşayış evlərinin altındakı torpaq sahələrinin mülkiyyətə verilməli olması birbaşa təsbitini tapmışdır. Hətta yuxarı instansiya məhkəməsinin təcrübəsindən görünür ki, hətta fərdi yaşayış evi səhvən mənzil kimi göstərildiyi halda belə, müəyyən olunsa da ki, tikili mənzil xüsusiyyəti yox, fərdi yaşayış evi xüsusiyyətinə malikdir, torpaq islahatı haqqında qanunvericilik mülkiyyətə həmin torpaq sahəsinin verilməsinə xidmət edir. İndiki iş üzrə isə arxiv qovluğunda sənədlərdə bir-neçə yerdə mənzil və mənzil fondunun özəlləşdirilməsi haqqqında qanuna istinad edilsə də, tikilinin fərdi yaşayış evi olduğu və fərdi yaşayış evi kimi tikintisinə icazə verildiyi aşkar müəyyən olunur. Olmasa belə, mənzil kimi adının olması onun faktiki olaraq fərdi yaşayış evi xüsusiyyətinə təsir etmir. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Ali Məhkəmənin 2-1(102)-42/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur. Ali Məhkəmənin 2-1(102)-293/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-931/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərarında oxşar mövqedən çıxış etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin altında olan 625 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, fərdi yaşayış evi və torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar