Məhkəmə qərarları › İş №2-1(112)-1542/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1542/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1542/2021 29.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən korpus 42, ev 43/f ünvanına qeydiyyata düşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hazırlıq icraatına başlanılmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən korpus 42, ev 43/f ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə göstərilənlərə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilə iddiaçının iddia etdiyi ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hərhansı birini qeydiyyat orqanına təqdim edib-etməməsi müzakirə olunmuş, bununla baglı iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddiaçı izahatında bildirdi ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət edərək, onun Bakı şəhəri Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən korpus 42, ev 43/f ünvanına qeydiyyata düşməsini xahiş etmiş, evə dair çıxarışı olmadıgından yalnız eskiz layihəsini təqdim etmişdir. İddiaçı inşa etdirdiyi evdə tək yaşayır, qeydiyyatı yoxdur, evə dair başqa sənədləri yoxdur. İddianın təqdim etdiyi sənədlər əsasında təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayıla bilməz. İş materiallarından məlum olur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən korpus 42, ev 43/f ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birini qeydiyyat orqanına təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə onu da qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə imtina edir. İddiaçının nümyəndəsinə məhkəmə iclasında hüquqi yardım göstərilərək iddia tələbi ilə baglı hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməsi təklif olunsa da, məhkəməyə də heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmiş, iddiaçının tələbinə qarşı hərəkəsizlik göstərməmiş, iddiaçı tərəfindən inzibati orqana hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, ilk növbədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində göstərilmiş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədləri (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) Bakı şəhəri Binəqədi rayon polis idarəsinə təqdim etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar