Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1542/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hər iki qurumdan iddiaçıya qarşı etdikləri qanunsuzluqlara, hərbiyə yararsız olduğu halda hərbi xidmətə aparılmasına və yararsız olduğu halda xidmətə davam etdirməyə məcbur etdiklərinə görə ayrı-ayrılıqda maddi ziyana görə 50.000 manat mənəzi ziyana görə 600.000 manat kompensasiya ödəmələrini tələb etmişdir. Hər iki qurumdan ayrı-ayrılığda göstərilən məbləğdə iddiaçıya pul ödəmələri haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həmin iddia ərizəsinə 01 noyabr 2018-ci il ildə iş N2-1(81)-3804/2018, 20 fevral 2019-cu il iş N 2-1(81)-1250/2019 və iş N 2-1(112)-1476/2022, 9 mart 2022-ci il tarixlərdə baxılmışdır. 01 noyabr 2018 və 20 fevral 2019-cu il tarixli işlər üzrə Apellyasiya şikayətləri verilmiş lakin işdə olan bəzi çatışmamazlıqlara görə iddia təmin olunmamışdır və hər üç halda Müdafiə Nazirliyi cavabdeh kimi qoyulmuşdur. Lakin hakim həmin iş üzrə 2-1(112)-1476/2022 nömrəli qərar çıxararkən iddiaçıya məlum olmayan səbəbə görə AR MN-nin vəsatətinə əsasən cavabdeh kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi tanınması haqqında qərar qəbul etmişdir. Fevral 1994-cü ildə həkim komissiyasından birinci dəfə, avqust 1994-cü ildə ikinci dəfə həkim komissiyasından keçməli olmuşdur. Birinci dəfə komissiyadan keçəndə üst çənəsində on diş, alt çənəsində dörd dişi olmadığından komissar onu xidmətə aparmadı ki, pulu gətirərsən səni xidmətə aparmarıq. Nəhayət pulu verə bilmədiyindən 26 avqust 1994-cü il tarixdə onu növbəti polislə tutaraq komissarlığa gətirdilər və növbəti izahatı aldılar ki, bir daha xidmətdən yayınmasın. İkinci dəfə həkim komissiyasından keçərkən isə üst çənədə 15, alt çənədə isə yenə 4 ədəd diş çatışmasada bu dəfə də həkimin başının üstündə duraraq onu sağlam kimi sənədləşdirdi. İndi isə məlum olur ki, avqust 1994-cü il tarixli Zərdab SZCÜDX-də saxlanılır. İş materiallarından məlum olur ki, iddiaçı SSRİ MN-nin 260 nömrəli 1987-ci il tarixli əmrinin İİİ qrafasının 78-ci maddəsinin “A” bəndinə əsasən xidmətə yararlı kimi xidmətə aparılmışdır. Qeyd etmişdir ki, həmin əsasnaməyə görə zabitlər hətta ağız boşluğunda heç bir diş olmasa belə hava qoşunlarından başqa (hava qoşunlarında tullanma, ağır fiziki hərəkətlərə görə çənə sümüyünün deformasiya olunmasına) görə digər qoşun növləri üçün yararlı hesab olunur. Qeyd: Dişi olmayan zabitlər üçün isə protez düzəldilməsi xidmətə uyğun olmadığından belə pasiyent zabitlər o, o vaxtkı SSRİ MN-in Leninqrad şəhərində xüsusi ixtisaslaşmış diş implant (dişlərin bərpası) kliniasında xidmətə yararlı hala gətirilərək xidmətə keçəbilərdilər. O vaxtlar belə zabit pasiyentləri xidmətə yararlı hala gətirmək diş implant cərrahiyə əməliyyatından sonra mümkünlüyünü nəzərə alaraq SSRİ MN-i onları yararlı hesab edirdi. Belə ki, mütəxəssis sovet zabitlərini eyni problem yarandıqda, dövlət hesabına həmin klinikada dişlərin bərpası mümkün olduğundan onlar xidmətə yararlı hesab olunurdular. Belə ki, pasiyent zabitin çatışmayan dişlərinə uyğun olaraq diş ətində cərrahi yolla çənə sümüyündən kanal açılır, çənə sümüyündə xüsusi şurupun yivinə uyğun əvvəl deşik sonra yiv açılır və xüsusi şurup diş ətindəki açılmış yarıqdan çənə sümüyünə yivlə bağlanır. Həmin şurupun diş ətindən çöldə qalan hissəsinə (onda da yivlər olur bərkimək üçün) diş materialından hazırlanan və ya sağlamlığa zərərsiz olan istənilən maddədən hazırlanan dişlər bərkidilir. Həmin xüsusi şuruplar titanin maddəsindən hazırlandığından orqanizm üçün zərərsizdir. Orqanizm diş ətini özünü bərpa etməsindən sonra belə dişlər təbii dişlərə nisbətən daha möhkəm və davamlı olduğundan belə prosedurdan sonra zabit pasiyentlər xidmətə tam yararlı hesab olurlar. İş materiallarından göründüyü kimi avqust 1994-cü ildə artqı SSRİ MN-i mövcud olmadığından və həmin klinikanın respublikamızla tibbi yardım haqqında əlaqəsi olmadığından onun qeyd olunan klinikada müalicəsi mümkünsüz olduğundan hərbi komissar SSRİ MN-i həmin əsasnaməsində vəzifəsindən sui-istifadə, səlahiyyət həddini aşma, rüşvət alma, rüşvətə cəhd və sair hərəkətlər yox, sadəcə olaraq həkimin sərbəst rəy yazmasını tələb etməli idi. Bütün bunlar olmadığından xidmətdə olarkən yemək yeyə bilmirdi, danışığı qüsurlu idi, komanda verə bilmirdi, xəcalət çəkirdi, bağırsaqlarından qan gəlirdi. Qeyd emişdir ki, xidmətdə olduğu dövrdə dişlərə görə yaranan problemlə bağlı MNin Mərkəzi Hərbi Qospitalında müalicədə olmuşdur və epikriz sənədlərindən məlum olur ki, adentiya diaqnozu təxris olunmamaq üçün qastrodionitlə əvəz olunmuş və həqiqi xəstəliklə bağlı heç bir tədbir görülməmişdir. Hərbi Hospitalda müalicədə olmuşur və epikriz sənədlərindən məlum olur ki, adentiya diaqnozu təxris olunmamaq üçün qastrodionitlə əvəz olunmuş və həqiqi xəstəliklə bağlı heç bir tədbir görülməmişdir. Həm Zərdab HK-da rəy yazan həkim, Mərkəzi Qospitalda həkim komissiyası bilirdi ki, çənədə ardıcıl olaraq dişlərin olmamasına görə xidmət etmək mümkün deyildir və hərbidə hər şey, o cümlədən yemək vaxt norması daxilindədir. Bu norma isə dişi yerində olanlar üçündür. Mərkəzi Hospitalda protezin düzəldilməsi qeyd olunsada buna da əməl olunmur və qeyd olunur ki, yemək rejiminə əməl olunmalıdır və daha sonra onu döyüb döyüş bölgəsinə göndərdilər. Əgər MN-i onu təxris edərdisə cavabdeh kimi cəlb olunmalıdır. Xidmətdə olduğu dövrdə yeyə bilmədiyinə görə dəfələrlə intihar etmək istəmişdir. İddia ərizəsinin əvvəlində qeyd etdiyi N2-1(81)-3804/2018, 20 fevral 2019-cu il iş N 2-1(81)-1250/2019 və iş N 2-1(112)-1476/2022, 9 mart 2022-ci l tarixli işlərlə bu işin birləşdirilərək təhqiq olunmasını xahiş edir. Qeyd etmişdir ki, 2-1(112)-1476/2022 nömrəli işin materiallarından AR SHXÇDX-in cavabdehliyə cəlb olunması üçün xidmətin rəisinə məktubla müraciət olunmuş və xx.xx.2020-ci il tarixli 998 nömrəli cavab alınmış xx.xx.2022 tarixli 227 nömrəli cavab alınmışdır. Sorğu və alınan cavabların iş materiallarına əlavə olunmasını xahiş edir. Odur ki hər iki qurumun təqsirinə görə xidmətə yararsız olduğundan işgəncələrə məruz qalmışdır, sərbəst, azad hərəkət azadlığı rüşvət verə bilmədiyinə görə məhdudlaşdırılıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 01.02. 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X3 iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. İddiaçı X5 müddətli həqiqi hərbi xidmətə çağırılan zamanı həmin vaxt qüvvədə olan hərbi həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər SSRl-nin müdafiə nazirinin xx.xx.1987-ci il tarixli 260 nömrəli əmrilə təsdiq edilmiş “SSRİ Silahlı Qüvvələrində tibbi müayinənin aparılması haqqında Əsasnamə"si (bundan sonra - Əsasnamə) ilə müəyyən olunurdu və bu Əsasnamə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Nazirlər Kabinetinin 18 mart 2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" qəbul edilənədək qüvvədə olmuşdur. X2 Zərdab rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan zaman ehtiyatda olan zabit olmuş və qüvvədə olmuş Əsasnamənin 4-cü maddənin 5-ci bəndinə əsasən, zabitlər Əsasnamənin lll qrafası ilə şəhadətləndirilirdilər. Məhkəmə işinə əlavə olunmuş sənədlərdən görünür ki, X2 Zərdab rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilən zamanı üst çənədə 10 dişinin olmaması diaqnozu ilə (Əsasnamənin 78-ci maddəsinin “a” bəndinin İİİ qrafası ilə) hərbi xidmətə yararlı sayılaraq xx.xx.1994-cü il tarixdə N hərbi hissəyə təhvil verilmiş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən ailə vəziyyətinə görə ehtiyata buraxılmışdır. Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə əsasən, adentiya (dişlərin inkişafının və çıxmasının pozulmaları) (anadangəlmə və sonradan yaranma) çənədə və ya əngdə 10 və daha artıq dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi; çənədə və ya əngdə 8 azı dişin olmaması; əngdə bir tərəfdən 4 azı dişin, çənədə digər tərəfdən 4 azı dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi - İİİ qrafa ilə şəhadətləndirilənlər hərbi xidmətə yararlı hesab olunur, HDQ isə fərdi baxılırdı. Qanunvericiliyin normalarından görünür ki, X5 düzgün şəhadətləndirilmiş və onun keçmiş Zərdab rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. X1 xidmətə göndərilən zaman bütün çağırışçılar və ehtiyatda olan zabitlər mütləq qaydada Biləcəri qəsəbəsində yerləşən Respublika Toplanış Məntəqəsində tibbi müayinədən keçirdilər və sağlamlıqlarında hər hansı xəstəlik aşkar edildikdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilirdilər və barələrində hərbi xidmətə yararlı olub-olmamaları ilə bağlı qərar qəbul edilirdi. Əlavə olaraq bildiririk ki, hərbi komissarlıqlar tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verildikdən sonra xidmət edəcəkləri hərbi hissələrin tərkibində olan hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlı olub-olmamalarını yoxlanılması üçün təkrar tibbi müayinədən keçirdilər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı hərbi komissarlığa geri qaytarılırdılar. Xidmət etdiyi dövrdə müddətli hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinələrdən keçirlər, onlarda hərbi xidmətə yararsız diaqnozlar aşkar edildikdə Mərkəzi hərbi həkim komissiyalarının qərarlarına əsasən ehtiyata buraxılırlar. X5 xidmət etdiyi dövrdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, hərbi xidmətə yararlı sayılmış və hərbi xidmətini davam etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin xx.xx.2022-ci il tarixli iddiaçının müraciətinə cavab məktubunun surəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciət ərizəsinin surəti; - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Bölməsinin xx.xx.2022-ci il tarixli iddiaçının müraciətinə cavab məktubunun surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Bakı Şəhəri Səbail Rayon İdarəsinin Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli sorgusuna cavab məktubunun surəti; - 16.04.2018-ci il tarixli Arxiv arayışının surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmənin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunun surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Bakı Şəhəri Səbail Rayon İdarəsinin Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunun surəti və məktuba əlavə edilmiş şəxsi işin surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Bakı Şəhəri Zərdab Rayon Bölməsinin xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin etiraz ərizəsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli vəsatət məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır və təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi mahiyyət etibarı ilə maddi və mənəvi zərərin cavabdehlərdən tələb edilməsi ilə bağlıdır. Belə ki, iş materialarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, siz, keçmiş Zərdab rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilən zaman üst çənədə 10 dişinin olmaması diaqnozu ilə hərbi xidmətə yararlı (SSRİ MN - nin 260 nömrəli 1987-ci il tarixli əmrinin İİİ qrafasının, 78-ci maddəsinin “a" bəndi) sayılaraq xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmisiniz. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən ailə vəziyyətinə görə ehtiyata buraxılmısınız. Qeyd olunanlara əsasən, Siz, qanunauyğun olaraq hərbi xidmətə cəlb olunmusunuz. Həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Zərdab Rayon Bölməsinin iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, siz keçmiş Zərdab rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilən zaman “üst çənədə 10 dişin olmaması" diaqnozu ilə hərbi xidmətə yararlı sayılaraq (SSRİ MN-nin 260 nömrəli 1987-ci il tarixli əmrinin İİİ qrafasının 78-ci maddəsinin “a” bəndinə) xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmisiniz. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1996-cı il tarixli əmrinə müvafiq olaraq ailə vəziyyətinə görə ehtiyata buraxılmısınız. Əlavə olaraq bildirilmişdir ki, daimi qeydiyyat ünvanınızı dəyişdirməyinizlə əlaqədar olaraq sizin şəxsi işiniz xx.xx.2007-ci il tarixdə qeydiyyata alındığınız keçmiş Bakı şəhər Səbail rayon Hərbi Komissarlığına göndərilmişdir. Ehtiyatda olan zabit 1960-cı il təvəllüdlü İddiaçı aid olan 17088 saylı şəxsi işindəki (məhkəmə sorğusu əsasında əldə edilmiş) xidmət dəftərçəsində olan məlumata əsasən o xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissəsinin tərkibində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. İddiaçı keçmiş Zərdab rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilən zaman üst çənədə 10 dişinin olmaması diaqnozu ilə (Əsasnamənin 78-ci maddəsinin “a” bəndinin İİİ qrafası ilə) hərbi xidmətə yararlı sayılmış və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən ailə vəziyyətinə görə ehtiyata buraxılmışdır. X2 Zərdab rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan zaman ehtiyatda olan zabit olmuş və qüvvədə olmuş Əsasnamənin 4-cü maddənin 5-ci bəndinə əsasən, zabitlər Əsasnamənin lll qrafası ilə şəhadətləndirilmişdir. Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə əsasən, adentiya (dişlərin inkişafının və çıxmasının pozulmaları) (anadangəlmə və sonradan yaranma) çənədə və ya əngdə 10 və daha artıq dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi; çənədə və ya əngdə 8 azı dişin olmaması; əngdə bir tərəfdən 4 azı dişin, çənədə digər tərəfdən 4 azı dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi - İİİ qrafa ilə şəhadətləndirilənlər hərbi xidmətə yararlı hesab olunur, HDQ isə fərdi baxılırdı. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitlının xx.xx.2018-ci il tarixli 5231 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Xroniki qastroduodent diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Məhkəmə, İddiaçı məxsus şəxsi işinin (sağlamlığı ilə bağlı mümkün olan sənədlərin) təsdiq edilmiş surətinin təqdim edilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X10 Rayon Bölməsinə sorğu vermiş və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X10 Rayon Bölməsinin xx.xx.2022-ci il tarixli müşayət məktubu ilə tələb edilən sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Təqdim edilmiş məlumat vərəqəsinin 17-ci sıra nömrəsi ilə qeyd edilmiş 1960-cı il təvəllüdlü İddiaçı dişində probleminin olması ilə bağlı şikayəti qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanununun 89.2-ci maddəsin əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1- maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş) 1987-ci il tarixli 260 nömrəli əmrlə təsdiq edilmiş və İddiaçı hərbi xidmətə çağrılarkən qüvvədə olmuş “SSSR Silahlı Qüvvələrində tibbi müayinə(yoxlama) barədə (müharibə sülh dövründə) Əsasnamə”sinə uyğun olaraq ehtiyatda olan gizir və zabit heyəti; ehtiyatda olan gizir və miçmanlar Əsasnamənin 78-ci maddənin 3-cü qrafasının “a” bəndinə əsasən, bir çənədə 10 və daha çox dişin olmaması və yaxud onun çıxarıla bilən protez olması; bir çənədə 8 əsas dişin olmaması və 4 əsas dişin üst çənədə, 4 əsas dişin alt çənədə olmadıqda və yaxud çıxarıla bilən protez olduqda müharibə dövründə sıravi xidmətə yararlı hesab edilir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): Maddə 7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. Maddə 10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; (...) çağırışçıların tibbi müayinəsini təşkil etmək; (...) Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək; ... Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı hərbiyə yararsız olduğu halda hərbi xidmətə aparılmasına və yararsız olduğu halda xidmətə davam etməsinə məcbur edildiyinə görə cavabdehlərdən maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. İddiaçı həmin tələblə cavabdeh orqanlara müraciət etmiş, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı hərbi xidmətə göndərilən zaman üst çənədə 10 dişinin olmaması diaqnozu ilə hərbi xidmətə yararlı (SSRİ MN - nin 260 nömrəli 1987-ci il tarixli əmrinin İİİ qrafasının, 78-ci maddəsinin “a" bəndi) sayılmışdır. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi cavabdeh inzibati orqanlar tərəfindən İddiaçı hərbi xidmətə aparılarkən və ya hərbi xidmətdə olarkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilmiş və heç bir hüquq pozuntusuna yol verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona maddi ziyanın dəyməsinə dair mötəbər sübut iş materiallarına da əlavə edilməmişdir. Bundan başqa, iddiaçının mənəvi ziyanla bağlı dəlilinə də qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində 600.000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı hərbi ximdətə çağırılarkən və hərbi xidmətdə olarkən cavabdeh orqanların hər hansı qanunvericliyin tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından, həmçinin iddiaçıya hər hansı ziyanın (zərərin) dəyməsi məhkəmə araşdırması ilə müəyyən olunmadığından iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. İddiaçının idda tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı zərərin nədə ifadə olunmasını əsaslandırmamış, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb də həmin tələblə bağlı olduğundan, həmçinin vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, bu hissədə də iddia tələbləri təmin edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, idiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinə qarşı ayrı-ayrılıqda maddi ziyana görə 50.000, mənəvi ziyana görə 600.000 manat kompensasiya tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev