Məhkəmə qərarları › İş №2-1(112)-1542/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1542/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1542/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya xx.xx.2007-ci il tarixdə, 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin həmin tarixdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq hesablanması və xx.xx.2016-cı il tarixdə işdən azad olunması ilə əlaqədar qazandığı pensiya kapitalı nəzərə almaqla pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-115155/2023 saylı imtina cavabı üzrə hərəkətinin qanunsuz hesab edilməsi və ona güzəştli şərtlərlə pensiyanın hesablanaraq təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1950-ci il təvəllüdlü Tahirov X1 24 iyul 1996cı il tarixindən əmək pensiyası təyin edilmişdir. Sonradan son üç il üçün cavabdeh orqan 281,43 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə (60,49 manat) əmək pensiyasından tutur. İddiaçı hesab edir ki, təhsil aldığı illər əlavə edilərək ona xüsusi zərərli şərtlərlə pensiya təmin edilməlidir. Hazırki halda isə qarşı tərəfin tutulma ilə bağlı hərəkətləri qanunsuzdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli **********1 nömrəli güzəştli şərtlə əmək pensiyası haqqında məktubunda qeyd etmişdir ki, ona 24 iyul 1996-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 517,91 manat müəyyən edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 517,91 manat olmaqla müvafiq kart hesabına köçürülür. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-T-115155/2023 nömrəli artıq ödənilmiş pensiya məbləği haqqında məktubunda qeyd etmişdir ki, ona 24 iyul 1996-cı il tarixindən Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməkiə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1 -dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 38 il 11 ay (təhsil aldığı illər nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar əmək pensiyası xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 45,94 manat (38,92 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 75,25 manat müəyyən edilərək və üzərinə 85,00 manat baza hissəsi əlavə edilərək 160,25 manat (75,25+85,00) ödənilməli olduğu halda (xx.xx.2016-cı il tarixinədək indeksləşdirilməklə 198,65 manat), xx.xx.2006-cı il tarixinədək iş stajı səhvən 41 il 16 gün götürülməklə sığorta hissəsi 79,37 manat müəyyən edilmiş, üzərinə səhvən xx.xx.2006xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə müəyyən edilmiş 3028,32 manat sığorta kapitalına görə 21,03 manat və 85,00 manat baza hissəsi əlavə edilərək 185,40 manat (79,37+21,03+85,00) məbləğində pensiya təyin olunaraq ona ödənilib (xx.xx.2016-cı il tarixinədək indeksləşdirilməklə 228,39 manat). Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırma zamanı, xx.xx.2016-cı il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 8945,28 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 8945,28 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (8945,28 : 72=124,24 manat) qanuni əmək pensiyasının (198,65 manat) üzərinə əlavə edilərək (198,65+124,24=322,89 manat) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 6206,40 manat sığorta kapitalı 72 aya bölünərək (6206,40 : 72=86,20 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (228,39+86,20=314,59 manat) ödənilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 339,95 manat). Bundan başqa, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən əmək pensiyası xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 339,95 manatdan 354,19 manata artırılıb (təhsil aldığınız illərin iş stajınıza əlavə edilməsi səbəbi ilə). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 281,43 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 281,43 manat pul vəsaitinin cari ilin iyun ayından etibarən hissə-hissə (60,49 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulub. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 527,41 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 604,94 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-T-151784/2024 nömrəli əmək pensiyasının müraciətdə qeyd edilən qaydada hesablanmaması haqqında məktubunda qeyd etmişdir ki, ona 24 iyul 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 672,69 manat təşkil edir. Bunaan başqa bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü və 17-ci maddələrinə uyğun olaraq, əmək pensiyasının məbləği orta aylıq əmək haqqından hesablanarkən tələb olunan 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 60%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 85%dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Əmək pensiyasının müraciətində qeyd etdiyi qaydada hesablanması ilə bağlı bildirilmişdir ki, qeyd etdiyi əsaslarla əmək pensiyasının yenidən hesablanacağı təqdirdə pensiya məbləği azalacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-168875/2023 nömrəli etirazını məhkəməyə təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə məlumat verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-115155/2023 nömrəli cavab məktubunda müvafiq qanunvericiliyə əsasən artıq ödənilmiş əmək pensiyası barədə məlumat verilmişdir. İddiaçı 24 iyul 1996-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır. İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 38 il 11 ay (təhsil aldığı illər nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar əmək pensiyası xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 45,94 manat (38,92 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2011 -ci il tarixə indeksləşdirilib 75,25 manat müəyyən edilərək və üzərinə 85,00 manat baza hissəsi əlavə edilərək 160,25 manat (75,25+85,00) ödənilməli olduğu halda (xx.xx.2016-cı il tarixinədək indeksləşdirilməklə 198,65 manat), xx.xx.2006-cı il tarixədək iş stajı səhvən 41 il 16 gün götürülməklə sığorta hissəsi 79,37 manat müəyyən edilmiş, üzərinə səhvən xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə müəyyən edilmiş 3028,32 manat sığorta kapitalına görə 21,03 manat və 85,00 manat baza hissəsi əlavə edilərək 185,40 manat (79,37+21,03+85,00) məbləğində pensiya təyin olunaraq ödənilmişdir (xx.xx.2016-cı il tarixədək indeksləşdirilməklə 228,39 manat). İddiaçı xx.xx.2016-cı il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 8945,28 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1 ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla 281,43 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 281,43 manat pul vəsaitinin cari ilin iyun ayından etibarən hissə-hissə (60,49 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 527,41 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 604,94 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçıya xx.xx.2007-ci il tarixdə, 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin həmin tarixdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq hesablanması və xx.xx.2016-cı il tarixdə işdən azad olunması ilə əlaqədar qazandığı pensiya kapitalı nəzərə almaqla pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan sənədlərə əsasən: İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, “Əmək pensiyaları haqqında qanunun” 37.3.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən pensiya kapitalınınhesablanması üçün sərəncam verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, onun pensiyasının Dənizdə işlədiyi üçün güzəştli şərtlərlə yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5-xilasetmə Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-18-14/2-18/2024 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı ondan ötrü ki, o həqiqətən X5-xilasetmə Xidmətində müddətli əmək müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Dəniz üzgüçülüyünün təhlükəsizliyi şöbəsinin hami-kapitanı, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Dəniz üzgüçülüyünün təhlükəsizliyi şöbəsinin hami bagermeyster-kapitanı vəzifəsində işləyib. İnzibati icraat materiallarından görünür ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5178/2023 nömrəli qərarı ilə İddiaçı hazırki pensiya məbləği 613 manat 15 qəpik, yenidən hesablanmış pensiya məbləği 614 manat 08 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: işdən çıxma. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8298/2023 nömrəli qərarı ilə İddiaçı hazırki pensiya məbləği 614 manat 08 qəpik, yenidən hesablanmış pensiya məbləği 604 manat 94 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 37.3.1 (0-dan) 39.1 maddəsinə əsasən məhdudlaşdırma. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 pensiyasının yenidən hesablanması haqqında **********4 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı yenidən hesablanmış pensiya məbləği 500 manat 88 qəpikdir. İddiaçı ümumi sığorta stajı xx.xx.1992-ci ilədək 24 il 11 ay 7 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 13 il, 11 ay, 27 gün, cəmi 38 il 11 ay 4 gündür. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququvardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdəhəmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Qanununun Keçid müddəaları adlanan 2-ci maddəsinin 3-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunun 3-cü maddəsinə görə bu qanun 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minir. Hazırkı işə münasibətdə tətbiq edilməli olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən, “bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. İddiaçının müraciət etdiyi tarixə qüvvədə olmuş, 29.2-ci maddənin tələblərinə görə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği nəzərə alınmaqla ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası yenidən hesablanmalı olduğu halda, heç bir hüquqi əsas olmadan iddiaçıya müraciət etdiyi tarixdə qüvvədə olan qaydalar tətbiq edilmədən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçıya 1996-cı ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini imtina və etirazında iddia etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 1996-cı il tarixdə iddiaçının 46 yaşı olmuşdur, inzibati icraat materiallarında iddiaçıya münasibətdə həmin tarixdən əmək pensiyasının təyin edilməsi ilə bağlı heç bir qərar aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi hesab edir ki, qanunvericilikdə kişilərə münasibətdə 46 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı mexanizm mövcud olmamışdır. İddiaçının 57 yaşı xx.xx.2007-ci il tarixdə tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işində olan xx.xx.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə **********4 nömrəli qərara əsasən aşkar edilmişdir ki, iddiaçıya münasibətdə pensiyanın təyin olunma tarixi xx.xx.2009-cu ildir. Odur ki, cavabdehin mövqeyini əsaslı edən heç bir dəlil iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək pensiyası ilkin müraciət etdiyi tarixdə mövcud olan qanunvericilik normalarına uyğun yenidən hesablanmalı olduğu halda, tamamilə fərqli mövqe nümayiş etdirilmişdir. Cavabdehin imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən, 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin həmin tarixdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq hesablanması və xx.xx.2016-cı il tarixdə işdən azad olunması ilə əlaqədar qazandığı pensiya kapitalı nəzərə almaqla pensiyasının yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar