Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1542/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək,cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinasının qanunsuz hesab edilərək ona hüququnun yarandığı xx.xx.2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1958-cı ildə anadan olmuşdur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ 61 yaşı tamam olduğu xx.xx.2019-cu ildə yaranmışdır və həmin tarix üçün 25 il, 10 ay, 10 gün sığorta stajı vardır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə mürciət etmiş, lakin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən həmin bildirişdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsinin əsaslarından biri kimi xx.xx.2020-ci ildən kişilər üçün pensiya yaş həddinin 65 yaş müəyyən edildiyi göstərilmişdir. Bununla bağlı olaraq bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 61 yaşının tam olduğu xx.xx.2019-cu ildə yarandığı və həmin tarix üçün 25 ildən artıq sığorta stajı olduğu üçün xx.xx.2020-ci ildən kişilər üçün pensiya yaş həddinin 65 yaş müəyyən edilməsinin cavabdeh tərəfindən iddiaçıya şamil edilməsi tam əsassızdır. Cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsinin digər əsası kimi təqdim etdiyi sənədlərə əsasən ümumi sığorta stajının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, həmçinin xx.xx.1984-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti hesablanaraq ümumi sığorta stajının 21 il, 06 ay,12 gün təşkil etdiyi göstərilmişdir. İddiaçı bildirir ki, onun ümumi sığorta stajı cavabdeh tərəfindən qəsdən düzgün hesablanmamışdır, həmin tarixlər üçün onun ümumi sığorta stajı 25 il, 10 ay,10 gün təşkil edir. Beləliklə onun yaşa görə əmək pensiyası almaq hüququ 61 yaşının tam olduğu xx.xx.2019-cu ildə yarandığı və həmin tarix üçün ümumi sığorta stajı 25 il, 10 ay, 10 gün təşkil etdiyi üçün cavabdehin imtinası əsassız hesab edilərək onun üzərinə hüququnun yarandığı xx.xx.2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin etmək vəzifəsi qoyulmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-158382/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, iddiaçı İ.X2 təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, həmçinin xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti zamanı adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 21 il 6 ay 12 gün təşkil edir. Eyni zamanda İddiaçı ünvanlanan imtina məktubunda onun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədlərin (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim edildikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə pensiyasının təyin edilməsi mümkün deyildir. Eyni zamanda bildirilir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər iddiaçının sosial sığorta stajına daxil edilsə də, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1542/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçıya hüququnun yarandığı (65 yaşının tamam olduğu) xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş iddiaçının 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının 65 yaşının tamam olması işin mübahisəsiz halıdır. H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orduda xidmət etmişdir. (02 il 1 ay 3 gün) Kolxozçunun əmək kitabçasından görünür ki, iddiaçı: 1976-cı ildə işlənmiş əmək günlərinin sayı 136, adam günlərinin sayı 115 gün, müəyyən edilmiş, əmək günlərinin minimum norması 170 gün olmuşdur. Qeyd edilən 136 əmək gününün əmək stajına çevrilməsi zamanı iddiaçının 9 ay 22 gün əmək stajına malik olduğu müəyyən edilmişdir. (365 (gün) x 136 (əmək günü) /170 (əmək günlərinin minimum norması) = 292 gün = 9 ay 22 gün) xx.xx.1979-xx.xx.1982-ci il tarixlərdə çilingər, kato maşinisti; (02 il 08 ay 03 gün) xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə çilingər; (06 ay 9 gün) xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə çilingər; (01 il 05 ay 4 gün) xx.xx.1984-xx.xx.2003-cü il tarixlərdə çilingər, suvaqçı (19 il 05 ay 07 gün) xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə fəhlə işləmişdir (xx.xx.2006-cı il tarixədək 02 il 01 ay 06 gün). Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-101888/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən ümumi sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, həmçinin xx.xx.1984-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyətiniz zamanı adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 21 il 6 ay 12 gün təşkil edir. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajınızı təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib.” İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01/A nömrəli arayışına əsasən iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək iş stajı bir daha təsdiq edilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina və iddiaya etiraz ərizəsində iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2023-cü il tarixdə yaranması halı mübahisələndirilməmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisələndirilən illərə dair iddiaçının əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixədək onun sığorta stajına daxil edildiyi zaman ikinci şərt ödəniləcəkdir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (xx.xx.1977-xx.xx.1979) + əmək kitabçasında öz əksini tapan əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1984-xx.xx.2003-cü illərdəki sığorta stajı (ümumilikdə 21 il 06 ay 12 gün) cavabdeh tərəfindən mübahisələndirilməməkdədir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər şübhə altına alınmaqla mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə müahisələndirilməsi məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Bununla bağlı məhkəmənin mövqeyi o istiqamətdə formalaşmışdır ki, əmək haqqı cədvəllərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, əmək kitabçasında göstərilən xx.xx.1982xx.xx.1982-ci il tarixlərdə çilingər və xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə çilingər kimi işlədiyi müddətdə iddiaçının sığorta stajının hesablanması zamanı nəzərə alınmamışdır. Halbuki, həmin müddət əmək kitabçasında əks olunmuş və iddiaçının göstərilən dövrlərdə işləməməsini təsdiq edən hər hansı mötəbər dəlil olmamışdır. Bu səbəbdən də göstərilən dövrdə iddiaçının sığorta stajına daxil edilməlidir. Məhkəmə iddiaçının kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilməsi ilə bağlı bildirir ki, iddiaçı 1976-cı ildə kolxozda işləmişdir ki, həmin ildə əmək günlərinin minimum norması 170 olmuşdur. Buna qarşılıq iddiaçıya cəmi 136 əmək günü, 115 adam günü hesablanmışdır. Göründüyü kimi, iddiaçı mübahisəli ildə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki hesablanmış əmək günləri üzrə müddət isə məhkəmə tərəfindən hesablama aparılaraq müəyyən edilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı (65 yaşının tamam olduğu) xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir X4.
Məhkəmə qərarları › İş №2-1(112)-1542/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1542/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver