Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1543/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun iyun 1996-cı ildən hazırkı tarixə kimi işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasına əlavə olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci təvəllüdlüdür və 29.10.1985-ci ildən 13.11.1987-ci il tarixinədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. 1983-cü il tarixdən 1984-cü il tarixədək Tərtər rayonunda yerləşən sabiq “İnqilab” adına kolxozda işləmişdir. 1991-ci ildə X1 bitirmişdir. 01.06.1996-cı il tarixdən 01.04.1997-ci il tarixədək “Azalavia” şirkətində Təyyarə bələdçisi 03.01.2005-ci il tarixdən "xxxx" Milli Aviasiya Şirkətində “sərnişinlərlə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsində, 19.05.2008-ci il tarixdə həmin şirkətin adı dəyişilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti olmuş, 01.09.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilərək “BUTA AİRWAYS” Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəsifəsində 4-cü dərəcə ilə keçirilmiş, 01.09.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilərək "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin “BUTA AİRWAYS” təyyarə bələdçisi vəzifəsinə keçirilmişdir. Hal-hazıradək həmin vəzifədə çalışır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3-cü maddəsinə əsasən iddiaçıya güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün arayış RSTŞ-yə təqdim edilmişdir. İşlədiyi illərin iş stajına hesablanaraq güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məktubla müraciətinə, sözügedən idarə tərəfindən 11 iyun 2021-ci il tarixli məktubla cavab verilmişdir ki, Nazirlər Kabinetinin nə 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Təqdim etdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 16.04.2021-ci il tarixli, 85 saylı arayışından görünür ki, ümumilikdə 01.06.1996-cı ildən hazırkı dövrədək 14.257 saat 8 dəqiqə təyyarə bələdçisi kimi uçuş saatlarına malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərğə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 16 aprel 2021-ci il tarixli 85 nömrəli arayışında qeyd olunmuş 01.06.1996-16.04.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviasiya şirkətində işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 12.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək 52 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiaysının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə eyni tarixli iclasında iddia ərizəsinə dəqiqləşməni icraata qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş PB 231993 nömrəli diplomun surətinə əsasən İddiaçı 1984-cü ildə X2 daxil olmuş, 13.06.1991-ci il tarixdə bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin 20.04.2021-ci il tarixli, 86 nömrəli arayışında göstərilmişdir ki, verilir 1967-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, həqiqətən o, 29.10.1985-ci il tarixdən 13.11.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. 22.05.1996-cı ildən SHXÇDX-nin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olmuş, 30.12.2017-ci ildə yaşa görə hərbi qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Dövlət Arxivinin 03.02.2021-ci il tarixli, 13 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Sabiq “İnqilab” adına kolxozun əmək haqqı kitablarına əsasən 1983-cü ildə faktiki adam günü 161 gün, minimum adam günü 220 gün, 1984-cü ildə faktiki adam günü 113 gün, minimum adam günü 280 gün işləmişdir. İş materiallarına "xxxx" QSC-nin İddiaçı ümumi iş (sosial sığorta) stajı barədə təsdiq etdiyi 15.02.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 05.08.1991-ci ildə Azərbaycan Dəmir Yolları Bakı distansiyasına operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 31.05.1996cı ildə işdən azad edilmişdir. 01.06.1996-cı ildə “Azalavia” Bakı Nəqliyyat Aviakompaniyasında təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, 03.01.2005-ci ildə "xxxx" Aaviasiya Şirkətində sərnişinlərə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, 02.09.2008-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmiş, 01.12.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, 17.05.2011-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, 01.03.2014-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, 28.04.2017-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, 01.09.2017-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və «BUTA AİRWAYS» Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə keçirilmiş, 01.09.2020-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, hal-hazırda həmin vəzifədə çalışır. Yekun: «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı uçuş xidməti cəmi 66 təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3cü maddəsinə əsasən güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RSTŞ-yə verilir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 16.04.2021-ci il tarixli, 85 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" Aviasiya şirkətində «BUTA AİRWAYS» təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: 01.06.1996-31.12.1996 373 saat 23 dəqiqə (üç yüz yetmiş üç saat iyirmi üç dəqiqə) 01.01.1997-31.12.1997 367 saat 47 dəqiqə (üç yüz altmış yeddi saat qırx yeddi dəqiqə) 01.01.1998-31.12.1998 289 saat 14 dəqiqə (iki yüz səksən doqquz saat on dörd dəqiqə) 01.01.1999-31.12.1999 179 saat 17 dəqiqə (yüz yetmiş doqquz saat on yeddi dəqiqə) 01.01.2000-31.12.2000 245 saat 5 dəqiqə (iki yüz qırx beş saat beş dəqiqə) 01.01.2001-31.12.2001 425 saat 8 dəqiqə (dörd yüz iyirmi beş saat səkkiz dəqiqə) 01.01.2002-31.12.2002 555 saat (beş yüz əlli beş saat) 01.01.2003-31.12.2003 659 saat 9 dəqiqə (altı yüz əlli doqquz saat doqquz dəqiqə) 01.01.2004-31.12.2004 718 saat 10 dəqiqə (yeddi yüz on səkkiz saat on dəqiqə) 01.01.2005-31.12.2005 659 saat 38 dəqiqə (altı yüz əlli doqquz saat otuz səkkiz dəqiqə) 01.01.2006-31.12.2006 513 saat 29 dəqiqə (beş yüz on üç saat iyirmi doqquz dəqiqə) 01.01.2007-31.12.2007 499 saat (dörd yüz doxsan doqquz saat) 01.01.2008-31.12.2008 502 saat 43 dəqiqə (beş yüz iki saat qırx üç dəqiqə) 01.01.2009-31.12.2009 516 saat 5 dəqiqə (beş yüz on altı saat beş dəqiqə) 01.01.2010-31.12.2010 606 saat (altı yüz altı saat) 01.01.2011-31.12.2011 681 saat 15 dəqiqə (altı yüz səksən bir saat on beş dəqiqə) 01.01.2012-31.12.2012 878 saat (səkkiz yüz yetmiş səkkiz saat) 01.01.2013-31.12.2013 809 saat (səkkiz yüz doqquz saat) 10.01.2014-31.12.2014 862 saat 30 dəqiqə (səkkiz yüz altmış iki saat otuz dəqiqə) 01.01.2015-31.12.2015 723 saat (yeddi yüz iyirmi üç saat) 01.01.2016-31.12.2016 745 saat (yeddi yüz qırx beş saat) 01.01.2017-31.12.2017 778 saat 21 dəqiqə (yeddi yüz yetmiş səkkiz saat iyirmi bir dəqiqə) 01.01.2018-31.12.2018 680 saat (altı yüz səksən saat) 01.01.2019-31.12.2019 799 saat 15 dəqiqə (yeddi yüz doxsan doqquz saat on beş dəqiqə) 01.01.2020-31.12.2020 135 saat 53 dəqiqə (yüz otuz beş saat əlli üç dəqiqə) 01.01.2021-16.04.2021 23 saat 38 dəqiqə (iyirmi üç saat otuz səkkiz dəqiqə) CƏMİ: 14257 saat 8 dəqiqə (on dörd min iki yüz əlli yeddi saat səkkiz dəqiqə). İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 06.07.2021-ci il tarixli, 163 nömrəli arayışında göstərilmişdir ki, onun gəlir (normadan artıq işə görə və birdəfəlik xarakter daşıyan ödənişlər istisna olmaqla) təşkil etmişdir: 28 322 160 (iyirmi səkkiz milyon üç yüz iyirmi iki min yüz altmış manat) zərərli şərtlər üçün ödəniş aylıq mükafatlar və əlavə ödəmələr daxil olmaqla (rüblük, yarımillik, illik və s.) üçün ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 06.07.2021-ci il tarixli, 164 nömrəli arayışında göstərilmişdir ki, onun gəlir (normadan artıq işə görə və birdəfəlik xarakter daşıyan ödənişlər istisna olmaqla) təşkil etmişdir: 1041.25 (bir min qırx bir manat, 25 qəp.) zərərli şərtlər üçün ödəniş aylıq mükafatlar və əlavə ödəmələr daxil olmaqla (rüblük, yarımillik, illik və s.) üçün ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 06.07.2021-ci il tarixli, 165 nömrəli arayışında göstərilmişdir ki, onun gəlir (normadan artıq işə görə və birdəfəlik xarakter daşıyan ödənişlər istisna olmaqla) təşkil etmişdir: 10 360 997.08 (on milyon üç yüz altmış min doqquz yüz doxsan yeddi manat 08 qəp) zərərli şərtlər üçün ödəniş aylıq mükafatlar və əlavə ödəmələr daxil olmaqla (rüblük, yarımillik, illik və s.) üçün ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 27.10.2021-ci il tarixli, 12/5039 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 01.06.1996-cı ildən hal-hazıradək Azərbaycan Respublikasının mülki aviasiya sistemində (“AZALAVİA” Bakı Nəqliyyat Aviaşirkəti, "xxxx" Milli Aviaşirkəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) təyyarə bələdçisi vəzifəsində çalışır. Azərbaycanın Aviasiya Qaydalarının (“İşçi heyətə şəhadətnamələrin verilməsi”) “Anlayışlar və İxtisarlar” adlı 1-ci fəslinin “Anlayışlar” adlı 10001(a) saylı bölməsinə əsasən təyyarə bələdçisi kabinə heyətinin üzvüdür. Xüsusilə, bu anlayışda aşağıdakılar nəzərdə tutulmuşdur: “kabinə heyətinin üzvü - hava gəmisində müəyyən vəzifə öhdəliklərinin (hava gəmisinə və ya sərnişinlərə xidmət göstərilməsi) yerinə yetirilməsi üçün istismarçı tərəfindən müəyyən olunmuş qaydada təyin edilmiş, xüsusi hazırlıq keçmiş, lakin uçuş heyətinin üzvü olmayan şəxsdir”. Beləliklə, təyyarə bələdçisi vəzifəsi hava gəmisinin və digər uçuş aparatlarının uçuş heyəti üzvləri, uçuştəlimatçı və komanda-uçuş heyəti üzvləri, uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən müfəttişlər və ya digər uçuş xidməti mütəxəssisləri vəzifələrinə aid deyildir və Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 07.03.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.3-cü maddəsinə əsasən pensiyaya çıxmaq hüququ vermir. Təyyarə bələdçisinin vəzifə öhdəliklərinə aşağıdakı funksiyalar daxildir: qəzaxilasetmə vasitələrinin tətbiq edilməsi qaydalarını işləyir, həmin qaydaları sərnişinlərə nümayiş etdirir və məlumat verir; hava gəmisi salonunun, mətbəxin və tualet otaqlarının sanitar vəziyyətini yoxlayır və uçuş zamanı daim nəzarətdə saxlayır; fövqəladə hallar, o cümlədən hava gəmisinin zəbt edilməsi zamanı tədbirlər görülməsi üçün təlim keçir (şərti işarələrin ötürülməsi); hava gəmisinə yüklənən qidanın miqdarına nəzarət edir, sərnişinlərin qida ilə təmin edilməsi üzrə sanitar qaydalar pozulduqda, qidanı qəbul etməkdən imtina edir; geyim formasının daşınması qaydalarına riayət edir; hava gəmisində sərnişinlərin vaxtında xəbərdar edilməsinə və onların davranış qaydalarına nəzarət edir; sərnişinlər hava gəmisinin salonunu tərk etdikdən sonra salonda unudulmuş əşyaların olub-olmamasını yoxlayır; təsdiq edilmiş plana uyğun olaraq qəza-xilasetmə vasitələrinə, sərnişinlərə xidmət göstərilməsi, qəza cədvəlinin icrası, sərnişinlərin, yüklərin, poçtun daşınması texnologiyasını yerinə yetirir; özləri və ətrafdakılar üçün təhlükə mənbəyi olan xəstə və sərxoş vəziyyətdə olan sərnişinləri hava gəmisinə qəbul etməkdən imtina edir. Beləliklə, yuxarıda göstərilən vəzifədə iş İddiaçı Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 07.03.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.3-cü bəndinə əsasən güzəştli əsaslarla yaşa görə əmək pensiyası hüququ verir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01.03.2022-ci il tarixli, 12/880 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində 01.06.1996-cı ildən hal-hazıra kimi təyyarə bələdçisi vəzifəsində çalışır. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində “Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi” qəbul edilərək sentyabr 1949-cu ildə qüvvəyə minmişdir. 1948-ci il aprelin 13-də Şura, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, təcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə milli qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltdiyi qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına “Rəsmiyyətlərin sadələşdirilməsi” adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: “Uçuş heyətinin üzvü. Xidməti uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü”. “Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmisində müəyyən vəzifələri yerinə yetirmək üçün istismarçı tərəfindən təyin edilmiş şəxs”. Beləliklə, Azərbaycan Respublikasının tamhüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni təyyarə bələdçiləri sərnişinləri qarşılamaq və yerləşdirmək, uçuş zamanı qidanın təqdim edilməsini təşkil etmək, sərnişinlərin və təyyarənin təhlükəsizliyini təmin etmək, ilk tibbi yardım göstərmək vəzifələri həvalə edilmiş heyət üzvləridir, olmaqla yanaşı eyni zamanda hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı 11.06.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 16 aprel 2021-ci il tarixli 85 nömrəli arayışında qeyd olunmuş 01.06.1996-16.04.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviasiya şirkətində işlədiyiniz təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, iş materialalrından görünür ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olmaqla "xxxx" Aviasiya şirkətində təyyarə bələdçisi vəzifəsində işləyir və hazırkı iddia üzrə 52 yaşdan, yəni 25.02.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiaysınıən təyin edilməsini mübahisələndirir. Məhkəmə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsini aşağıdakı qanunvericilik əsasında qiymətləndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbindən çıxış edərək qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının işlədiyi vəzifənin həmin dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda (1 və 2 nömrəli) nəzərdə tutulan vəzifələrdən birinə uyğun gəlməsi tələb olunur. İddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi adıçəkilən 1 nömrəli Siyahıda 12003000 mülki aviasiya bölməsində nəzərdə tutulmuş vəzifələr sırasında, eləcə də həmin siyahının sonuna əlavə edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda sadalanan vəzifələr arasında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur. 01.01.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun tələbləri baxımından qiymətləndirmə aparıldıqda aşağıdakılar müəyyən olunur. Yuxarıda da qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 60 yaş həddinə çatmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3. Mülki aviasiya bölməsində hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifəsi güzəştli pensiya təyinatına imkan verən zərərli peşə kimi nəzərdə tutulmuşdur. İşəgötürən "xxxx" QSC tərəfindən iddiaçı barəsində verilən güzəştli arayışda da iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən adıçəkilən 2007-ci il siyahısının 21.3-cü bəndinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyininə imkan verdiyi göstərilmişdir. Başqa sözlə, hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə - 60 yaşa çatması tələb olunur ki, iddiaçı 55 yaşında olmaqla 60 yaşına çatmamışdır. Beləliklə, hazırkı halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın tələbindən görünür ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə işləyən kişilərin 25 il ümumi iş stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Başqa sözlə, ƏPQ-nin 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən kişilərin güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı; - 25 il ümumi iş stajı olmalı; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: -1-ci bədinə görə bu Qaydalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur. Beləliklə, göründüyü kimi adıçəkilən Qaydalara əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin, təyyarədə çalışan sıravi ekipaj üzvlərinin ümumi sığorta stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında deyil, xüsusi qaydada uçuş saatlarına uyğun olaraq hesablanır. Eyni zamanda həmin Qaydaların 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır. İşəgötürən "xxxx" QSC məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi arayışlarda iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin uçuş heyətinin üzvü olmayan şəxs olmaqla Qaydaların 2-ci bəndində sadalanan vəzifələrə aid olmadığını və bununla da Qanunun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli pensiya hüququna əsas verən vəzifə sayılmadığını qeyd etmişdir. Məhkəmə işəgötürənin qeyd etdiyi bu mövqe ilə razılaşır. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə görə aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. -1.0.13-cü maddəsinə görə hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. -1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Göründüyü kimi aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir. Məhkəmə qeyd edir ki, adıçəkilən Qaydaların 2-ci bəndində sadalanan vəzifələr kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist, təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist, uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar, paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları kimi vəzifələr bilavasitə hava gəmisini idarə edən, hava gəmisinin təhlükəsiz uçuşunu təmin edən mütəxəssis vəzifələrinə aiddir. İşəgötürən tərəfindən təqdim edilən təyyarə bələdçisinin vəzifə funksiyaları isə daha çox təyyarədə sərnişinlərə xidmət etmək, onların qarşılanma, yerləşdirilmə, qidalanmasını təşkil etmə, təyyarədə uçuş zamanı istifadə etmə qaydalarının izah edilməsi, ilkin tibbi yardımın göstərilməsi ilə bağlıdır. Dolayısı ilə təyyarə bələdçisi hava gəmisində heyət olsa da, lakin yerinə yetirdiyi əmək funksiyaları hava gəmisinin idarə edilməsi və uçuşun bilavasitə icra edilməsinə xidmət edən uçuş heyəti üzvlərinin vəzifələri hesab edilmir. Təsadüfi deyildir ki, 2007-ci il güzəştli siyahının 21.3-cü bəndində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən zərərli peşələr sırasında hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələrini bir qrafada göstərilmiş, digər qrafada isə hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin adları çəkilmişdir (Siyahıda həmin şəxslərin hava gəmilərinə xidmət üzrə iş stajlarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlərin də aid edildiyi qeyd edilmişdir). Başqa sözlə, qanunverici hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələrini zərərli iş stajı kimi nəzərdə tutaraq həmin vəzifələrin ƏPQ-nin 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə pensiya hüququna çıxmağa əsas verən vəzifələr sırasında sadalamış, lakin həmin vəzifələri eyni zamanda Siyahıda adıçəkilən “hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin” siyahısında nəzərdə tutmamışdır. Siyahıda açıq şəkildə hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin vəzifələrinin bilavasitə ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada güzəştli pensiyaya çıxmaq hüququ verdiyi göstərilmişdir. Beləliklə, iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi onun yaş məhdudiyyəti olmadan ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermir. Bu əsasdan, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1543/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1543/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver