Məhkəmə qərarları › İş №2-1(112)-1543/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1543/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1543/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X22 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “dənizə çıxışa qoyulan qadağanın aradan qaldırılması və metalların qaytarılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə müraciət edərək, dənizə çıxışa qoyulan qadağanın aradan qaldırılması, iddiaçının sahibkarlıq fəaliyyətini davam etdirilməsi və götürülmüş metalın ona qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı nümayəndəsi olduğu sahibkar X4 ona etibar etdiyi 944567 saylı etibarnaməsinə əsasən sahibkarlıq fəaliyyəti ilə əlaqədar xx.xx.2023cü il tarixdə səlahiyyətində olan kiçik qayıqlar vasitəsi ilə Xəzər dənizinin Ələt qəsəbəsi sahil boyu sektorunun suları ərazisində dənizin əlavə çirklənməsinə səbəb olan istehsalat və məişət tullantı dəmir materiallarının yığılaraq aidiyyəti üzrə təhvil verilməsi məqsədi ilə Ələt qəsəbəsinin 32 saylı yanalma körpüsündən dənizə gedərək əmək fəaliyyətini həyata keçirmişdir. Nəticədə iki qayıq ilə 980 kq paslanmış korroziyaya uğramış və oksidləşmə nəticəsində mənşəyi bilinməyən hala salınmış tullantı dəmir qırıntılarından ibarət metalı təyin olunmuş yerə 32 saylı yanalma körpüsünə gətirdi. Bundan sonra qanunvericiliyə uyğun olaraq Sahil Mühafizə xidmətinin ərazi üzrə cavabdeh olan Samir Həsənova yanalma barədə məlumat verərək dənizdən gəliş barədə möhürün bağlanmasını xahiş etdi. Həmin yerə gələn Samir Həsənov qayıqlarda olan metalı görüb dərhal rəhbərliyə telefon vasitəsi ilə məruzə etdikdən sonra metalı aktlaşdıraraq götürəcəyi barədə iddiaçıya xəbərdar etdi. İddiaçı ona cavab olaraq metalın götürülməsi və ya müsadirə edilməsi üçün heç bir hüquqi əsas olmadığını desə də, cavabda “bilirəm, amma mənlik deyil” bildirilmişdir. Göründüyü kimi cavabdeh üçün qanun yox, telefon zəngləri önəmlidir. Beləliklə də cavabdeh birtərəfli qaydada onlara məxsus 980 kq metalı aktlaşdıraraq götürmüş və nəhayət onların çoxsayı təlbləri nəticəsində icra müddətindən kifayət qədər vaxt keçməsinə baxmayaraq, araşdırılması üçün DİN nəqliyyatında polis idarəsinin Bakı Beynəlxalq Ələt dəniz ticarət limanında xətt polis bölməsinə göndərilmişdir. Həmin bölmədə su nəqliyyat polisi tərəfindən yuxarıda qeyd olunan dəmir metal predmeti üzrə tədqiqat prosessual tədbirləri keçirilmiş, izahatlar, ifadələr alınmış, şahidlər dindirilmiş və ehtimal olunan mülkiyyətçilərə göndərilən sorğuların nəticəsində işdə heç bir cinayət əməli və ya inzibati xəta aşkar edilmədiyindən işə xitam verilmişdir. Həmin metalın ehtimal olunan mülkiyyətçisi kimi işə cəlb olunmuş “Socar” X11 nümayəndəsinin verdiyi rəyə əsasən həmin metalın onlara aid olmadığını, dənizin zibilxanalarının təmizlənməsinə görə iddiaçıya öz təşəkkürünü bildirirərək tədqiqat protokollarında qeyd etmişdir. Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixli 3-38-32/2-/1734/23 saylı cavabında dəmir metalın tullantı olduğunu etiraf edərək bunu təsdiq etmişdir. Beləliklə başa çatmış və xitam verilmiş tədqiqatın nəticəsində onlardan götürülmüş metalın qaytarılacağını və əsassız, qanunsuz olaraq qoyulmuş dənizə çıxış məhdudiyyətinin götürülməsini cavabdehə xahiş edilməsinə baxmaraq, cavabdeh tərəfindən geri qaytarılmamışdır. Hesab edir ki, AR DİN X20 idarəsi Bakı Beynalxalq Dəniz ticarət limanında xətt polis bölməsində araşdırılaraq barəsində xitam verilmiş iş materiallarının məhkəməyə çartdırılaraq nəzərdən keçirilməsi zəruridir.

3. İddiaçının müraciətinə cavabdeh Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, “ərizədə qeyd etdiyiniz müraciətə əsasən Xəzər dənizində tullantı dəmir metalların yığılaraq ərazidən çıxarılması üçün mülkiyyətlə əlaqədar aidiyyəti üzrə razılıqlar (koordinatlar göstərillməklə), müqavilələr və müvafiq sorğuların nəticəsi Sahil Mühafizəsinə təqdim olunmalıdır. Qeyd olunan tələblərə uyğun müraciət olunacağı təqdirdə fəaliyyətinizlə bağlı məsələyə baxılacaqdır”.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında tərəfinizdən İddiaçı metalların yığılması ilə əlaqədar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dənizə buraxılışa (çıxışa) Dövlət Sərhəd Xidməti tərəfindən qadağa qoyulub-qoyulmaması barədə və 530 kq metalla bağlı araşdırılma aparılıb-aparılmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. 530 kq metala münasibətdə bildirilir ki, araşdırma materialı müvafiq qərar qəbul edilməsi məqsədilə AR DİN X20 İdarəsinə göndərilmiş və sonuncu tərəfindən 13.1.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi" barədə qərar qəbul edilərək aidiyyəti üzrə icra edilməsi üçün DSX-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi" barədə qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X15 Regional Şöbənin “Ələt” sahil nəzarət bölməsinin saxlanc yerində saxlanılan ümumi çəkisi 980 kq olan metal qırıntıların (tellər, borular və künclüklər) Ələt qəsəbə sakinləri İddiaçı, X13 və X9 təhvil verilməsi qərara alınmışdır.

5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xətt Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil X1 Polis idarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xətt Polis Bölməsinə daxil olan materialda, xx.xx.2023-cü il tarixdə saat: 17:40 radələrində X15 Regional Şöbənin «Ələt» sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən Ələt qəsəbəsi sakini İddiaçı ƏL-1412 bort nömrəli üzmə vasitəsi Ələt qəsəbəsində yerləşən 32-ci yanalma körpüsünə yan alarkən üzmə vasitəsinin bortunda ümumi çəkisi 450 (dort yüz əlli) kq metal aşkar edilərək saxlanılması göstərilmişdir. Material üzrə aparılmış araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, qeyd edilən 450 (dörd yüz əlli) kq olmaqla qara metal (paslı halda katinka məftillər) Xəzər dənizinin Ələt istiqamətində “Ovçu” bazasına yaxın Ələt daşları kimi tanıdığı ərazidən həmin daşların üzərindən və eləcədə suyun daşlara yaxın olan dibindən yığaraq satmaq məqsədi ilə götürmüşdür. Sözügedən ərazi “Azneft" İB-nin «N.Nərimanov» adına NQÇİ-nə məxsus olduğu üçün həmin idarəyə ümumi çəkisi 450 (dörd yüz əlli) kq olmaqla qara metalın (paslı halda katinka məftillərin) N.Nərimanov adına NQÇİ-yə məxsusluğu, təyinatı, yararlı olub olmamasının müəyyən edilməsi və xüsusi biliyə malik olan mütəxəssisin ayrılması barədə 3-13-15-3-1/2-157/2023 nömrəli məktubla sorğu göndərilmişdir. Faktla bağlı xx.xx.2023-cü il tarixdə qeyd olunan ümumi çəkisi 450 (dörd yüz əlli) kq olan qara metala (paslı halda katinka məftillərə) Su NPl-nin Bakı BDTL-da XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili polis mayoru X17 tərəfindən Azərbaycan Respublikası DSX-nin X15 X18 SNB-nin rəisi mayor X5, material üzrə mütəxəssis qismində tanınmış «N.Nərimanov» adına NQÇİ-nin Tikinti Şöbəsinin Qara metal üzrə nəzarətçisi X2 və İddiaçı iştirakları ilə baxış keçirilərək protokolu tərtib edilmişdir. Baxışda iştirak edən mütəxəssis qismində tanınmış X6 həmin ümumi çəkisi 450 (dörd yüz əlli) kq olan qara metalı (paslı halda katinka məftilləri) nəzərdən keçirib həmin metalın «N.Nərimanov» adına NQÇİ-yə aid olmadığını, o cümlədən də, deformasiyaya və korroziyiya uğradığından istifadəyə tam yararsız olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə N.Nərimanov» adına NQÇİ-dən sorğuya cavab olaraq bildirilmişdir ki, aşkar olunan paslı naqillər (qara metal) yararsız haldadır və N.Nərimanov» adına NQÇİ-yə məxsus olduğunu müəyyən etmək mümkün deyildir və NQÇİ-yə maddi ziyan dəyməmişdir. Beləliklə aparılmış araşdırma zamanı sözügedən ümumi çəkisi 450 (dörd yüz əlli) kq olan qara metal (paslı halda katinka məftillər) əmlakın sahibi müəyyən edilmədiyindən, həmçinin də, deformasiya və korroziyaya uğraması səbəbindən istifadəyə yararsız olması ilə əlaqədar fakt üzrə İddiaçı əməlində heç bir cinayət və inzibati qanun pozuntusu aşkar olunmadığından təhqiqat araşdırılması aparılmasına lüzum görülməmiş və buna görə də, toplanmış material xx.xx.2023-cü il tarixdə 3-13-15-2-1/244/2023 nömrəli arayışla Bakı BDTL-da XPB-nin dəftərxanasına işə alınmışdır.

6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi" barədə qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanmada Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsindən Bakı BDTL-da XPB-yə daxil olan xx.xx.2023-cü il tarixli **********818100 nömrəli məktubda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən X4 (VÖEN:**********) vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2020-ci il tarixdən 01.01 2025-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdən bərpa olması, xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırması, xx.xx.2023-cü il tarixdən bərpa olması və əsas fəaliyyət növünün “Metal və qeyri metal tullantıları və qırıntıları, təkrar emal olunmalı olan metalların topdan satışı” (kod:4677001) kimi qeyd olunması barədə məlumat müəyyən edilmişdir. Hal hazırda fəaliyyəti aktiv vəziyyətdədir.

7. İş materiallarında olan AR Dövlət Sərhəd Xidmətinin Üzmə vasitəsinin qeydiyyat vəsiqəsindən əsasən X7 və digərlərinə Ələt istiqamətində baş mühərriklərinin gücü 55 kVtdan az olan digər özü hərəkət edən gəminin və tutumu 80 tondan az özü hərəkət etməyən vasitənin xx.xx.2023-cü il tarixədək idarə etmək səlahiyyəti verilmişdir.

8. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi X3 və X16 Xidmətinin Gəmi biletinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək EE-36, taxta, işçi qayıq X8 adına gəmi bileti verilmişdir.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X14 taxta, işçi qayığı istifadə etməyə X7 etibar etmişdir.

10. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi X3 və X16 Xidmətinin AA№ 029572 nömrəli Texniki talonuna əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bort nömrəli ABA1378, 378 nömrəli, yük götürmə qabiliyyəti 0,30 ton, Dayanacaq yeri Bakı şəhəri, Ələt qəsəbəsi, qismən yararlı olan gəmi X7 adına texniki talon verilmişdir.

11. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi X3 və X16 Xidmətinin AA№ 029574 nömrəli Texniki talonuna əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bort nömrəli ABA1813, 813 nömrəli, yük götürmə qabiliyyəti 0,50 ton, Dayanacaq yeri Bakı şəhəri, Qaradağ qəsəbəsi, qismən yararlı olan gəmi X10 adına texniki talon verilmişdir.

12. İş materiallarında olan AR-İİ 944567 nömrəli xx.xx.2023-cü il tarixli etbarnaməyə əsasən X12 İddiaçı Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında onu təmsil etməyi,adına olan VÖEN-lə bağlı istənilən əməliyyatları aparmağı, VÖEN açmağı və bağlatdırmağı, kassa aparatını rəsmiləşdirməyi, Sertifikat almağı, kassa aparatı və post-terminalla bağlı istənilən əməliyyatları aparmağı, rüsumları ödəməyi, bəyannaməni təqdim etmeyi, hesabatları verməyi, lazımı sənədləri verməyi və almağı, Azərbaycan Respublikasında yerləşən bütün banklarda, bankların filiallarında onu təmsil etməyi, hesab açmağı, bağlamağı, mədaxil, məxaric köçürmə, bütün bank əməliyyatlarını aparmağı, digər aiddiyyəti orqanlarda təmsilçisi olmağı adımdan vergi əməliyyatları, mühasibat işlərini və digər sənədləşmə işlərini aparmağı, lazımi sənədləri və arayışları təqdim etməyi ve atmağı, lazımı sənədlərdə imza etməyi adından ərizə verməyi, ərizədə imza etməyi, rüsum ödəməyi, ona çatası sənədləri almağı, vergi deklarasiyasını doldurmağı, vergi orqanlarında qeydiyyata durmağı hesabatlar verməyi ve bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar edir. Etibarnamə 10 il müddətinə verilmişdir.

13. İş materiallarında olan AR-İİ 944568 nömrəli xx.xx.2023-cü il tarixli etbarnaməyə əsasən X12 İddiaçı AA10698 nömrəli gəmi biletinə əsasən Bort ABA1378, reyestri 378, əsas mühərrik Yamaha48, 1 ədəd, asma tipli, 358,28 kVt güclü, ******* zavod nömrəli, gövdənin materialı -Dür alüminium, təyinatı- İşçi qayıq, gəminin adı-AKB-28 olan kiçik həcimli gəmini təyinatı üzrə istifadə etməyi, üzərində sərəncam verməyi, ərizə verməyi, imza etməyi, lazımı sənədləri verməyi və almağı, rüsum ödəməyi, ödənişlər etməyi, ona çatası sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ite əlaqədar digər hərəkətləri etməyi etibar edir. Etibarnamə 4 il 11 ay 27 gün müddətinə verilmişdir

14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

15. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

16. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

17. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. İddia tələbi dənizə çıxışa qoyulan qadağanın aradan qaldırılması, iddiaçının sahibkarlıq fəaliyyətini davam etdirilməsi və götürülmüş metalın ona qaytarılmasıdır.

20. İddia tələbinin dənizə çıxışa qoyulan qadağanın aradan qaldırılması və iddiaçının sahibkarlıq fəaliyyətini davam etdirilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli, 560 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında Qaydalara əsasən: Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydalarının:

1. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi rejimli sahə sayılır və sərhəd mühafizəsi orqanları tərəfindən mühafizə olunur.

2. Özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin sahil boyu saxlanması, onların üzməsi, balıq sənayesi və dənizin həmin sahəsindəki digər işlərin uçotu hazırkı qaydalara müvafiq olaraq icra olunur. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində qeydiyyata alınmış balıqçılıq, ovçuluq, elmi tədqiqat, idman gəmiləri, mühərrikli və mühərriksiz digər üzmə vasitələri sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olduqda, sərhəd mühafizə orqanlarının ən yaxın bölməsində də qeydiyyata alınmalıdır. Sərhəd mühafizə orqanları tərəfindən üzmə vasitələrinə “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi” verilir. Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qayadalarının:

1. Pasportu və pasportda yaşayış yerinin qeydiyyatı olan Azərbaycan Respublikasının bütün vətəndaşları Azərbaycan Respublikasının bütün sərhəd zonasının çərçivəsində azad hərəkət edə bilərlər.

7. Nəqliyyat idarə və təşkilatları vətəndaşlara bilet və ya yol sənədlərini, sərhəd zonasında müəyyən olunmuş məntəqəyə qədər onların şəxsiyyətini təsdiq edən sənədlərə əsasən, xarici vətəndaşlar isə buraxılış vərəqəsinə əsasən satışına əməl edirlər. Sərhəd zonasına daxil olmaq üçün müvafiq sənədlərin olmadığı halda, sərhəd zonasına vətəndaşlara bilet satan olarsa, həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşımış olurlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sərhəd zolağında istehsalat fəaliyyəti ilə məşğul olmağa dair Qaydalarının: Vətəndaşların buraxılışı, sərhəd dəstəsinin rəisi və onun müavinlərinin xüsusi təyin olunmuş yerlərdən və müəyyən olunmuş vaxta görə yazılı icazələrinə əsasən verilir: Sərhəd zolağında və texniki-mühəndis qurğularının arxa tərəfinə buraxılış ancaq zastavanın özü tərəfindən verdiyi buraxılış sənədinə əsasən icra olunur. Sərhəd zolağında aparılan iş yerlərində və həmçinin texniki-mühəndis qurğuları arxasında, bu işlərdə fəaliyyət göstərən şəxslərə və onların yerlərdə hərəkətinə, sərhəd dəstələrinin nəzarəti altında icra olunur. Müəssisə və təşkilat rəhbərləri görüləcək işlərin hansı yerlərdə aparılması barədə sərhəd bölmələrinə əvvəlcədən məlumat verməli və işlərin aparıldığı yerlərdə sərhəd rejiminin pozulmaması üçün müvafiq tədbirlər görməlidir. Sərhəd zolaqlarında və texniki-mühəndis qurğularının arxa tərəfindən görüləcək işlər yalnız gün işığında icra olunur, lakin vacib olarsa, sərhəd rəhbərlərinin razılığı ilə həmin işlər gecə də görülə bilər.

21. Məhkəmə tərəfindən müəyyən edildi ki, X4 (VÖEN:**********) vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdən bərpa olması, xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırması, xx.xx.2023-cü il tarixdən bərpa olması və əsas fəaliyyət növünün “Metal və qeyri metal tullantıları və qırıntıları, təkrar emal olunmalı olan metalların topdan satışı” (kod:4677001) kimi qeydə alınmışdır.

22. İddiaçı nümayəndəsi olduğu sahibkar X4 etibar etdiyi etibarnaməyə əsasən ona verilən səlahiyyətlər əsasında xx.xx.2023-cü il tarixdə səlahiyyətində olan kiçik qayıqlar vasitəsi ilə Xəzər dənizinin Ələt qəsəbəsi sahil boyu sektorunun suları ərazisində dənizin əlavə çirklənməsinə səbəb olan istehsalat və məişət tullantı dəmir materiallarının yığılaraq aidiyyəti üzrə təhvil verilməsi məqsədi ilə Ələt qəsəbəsinin 32 saylı yanalma körpüsündən dənizə gedərək əmək fəaliyyətini həyata keçirmişdir.

23. Məhkəmə qeyd edir ki, iş materiallarında olan AR Dövlət Sərhəd Xidmətinin Üzmə vasitəsinin qeydiyyat vəsiqəsindən, AR Fövqəladə Hallar Nazirliyi X3 və X16 Xidmətinin Gəmi biletindən, eləcə də Texniki talondan müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli, 560 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında Qaydalarına əsasən Ələt qəsəbəsi sahil boyu sektorunun suları ərazisində dənizə çıxıb. İddiaçının dənizə çıxan dövrdə sözügedən qaydalara uyğun üzmə vasitəsinin nəqliyyat vəsiqəsi, gəmi bileti, etibarnamə, texniki talon və sahibkarlıq fəaliyyəti haqqında sənədləri mövcud olmuşdur.

24. İddia tələbinin götürülmüş metalın iddiaçıya qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əldə edilmiş ümumi çəkilsi 980 kq olan metal qırıntıları xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi" barədə qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X15 Regional Şöbənin “Ələt” sahil nəzarət bölməsinin saxlanc yerində saxlanılan ümumi çəkisi 980 kq olan metal qırıntılar (tellər, borular və künclüklər) Ələt qəsəbə sakinləri İddiaçı, X13 və X9 təhvil verilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əldə edilmiş deformasiyaya və korroziyiya uğramış, istifadəyə tam yararsız olmuş metal qırıntılarının mülkiyyətçisini müəyyən etmək mümkün olmamışdır.

25. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya dənizə çıxışa qoyulan qadağa aradan qaldırılmalı, iddiaçı sahibkarlıq fəaliyyətini davam etdirilməli və götürülmüş metallar ona qaytarılmalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı dənizə çıxışa qoyulan qadağanın aradan qaldırılması, iddiaçının sahibkarlıq fəaliyyətini davam etdirilməsi və götürülmüş metalın ona qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar