Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15438/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İdris oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və 49 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 49 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı “mənzil üzərinə yığılmı tullantılar və torpaq qatının təmizlənməsi, açıq qalmış 2 binanı birləşdirən istinad divarındakı açıq qalmış deşiklərin bağlanması və təmir olunması və zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzil üzərinə yığılmış tullantılar və torpaq qatının təmizlənməsi, açıq qalmış 2 binanı birləşdirən istinad divarındakı açıq qalmış deşiklərin bağlanması və təmir olunması və zərərə görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 49 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 21 noyabr 2025-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, qeyd edilən iddia tələbi tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, həmin bina 1960-cı ildə inşa edilmişdir, inşa edilən tikili bina 2 hissədən ibarətdir. 1-ci hissə 6 mərtəbədən, 2-ci hissə isə 5 mərtəbədən ibarətdir. Hər iki bina inşa edilən zaman binaların arasında 5-10 sm məsafə saxlanılmışdır. Buna inşaat tikinti normalarına görə “Tempratur Şov” adlandırılır, təbii fəlakətlərə və zəlzələ hadisələrinə hesablanmışdır. Vətəndaş İddiaçı mənzili 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, binanın küncündə yerləşdiyinə görə atmosfer sularına məruz qalaraq, nəmişliyin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən mənzilin daxilindəki divarının səthində saraltı əmələ gəlmişdir. Mənzil 1 otaqlı, ümumi sahəsi 32 kvadrat metrdən ibarət olmaqla şəxsi mülkdür. Uzun müddət mülkiyyətçi İddiaçı öz mənzilini təmirsiz istismar etdiyinə görə, mənzilin təmirə ehtiyacı vardır. Qanunvericiliyə uyğun olaraq mülkiyyətçi mənzilini öz vəsaiti hesabına təmir etdirməlidir. 2012-ci ildə iddiaçının yaşadığı mənzilinin dam örtüyündə, Cavabdeh2 və Nəsimi rayon MKTB-nin nəzdində olmayan Təmir Tikinti İdarəsi tərəfindən əsaslı təmir işləri aparılmışdır. İddiaçının qaldırdığı məsələ 12-il öncə bundan əvvəl baş vermişdir. Həmin dövr ərzində mən 49 saylı MKİS-nin rəisi vəzifəsində olmamışam. 2018-ci ildə 49 saylı MKİS-nin rəisi vəzifəsinə təyin olunmuşam. Lakin bunlara baxmayaraq görülmüş tədbirlər nəticəsində vətəndaş İddiaçı 2025-ci ildə yazdığı ərizə şikayətlərinə əsasən, Nəsimi rayon MKTB-nin rəisi Nizami Mayılovun köməyi ilə maşın və fəhlə qüvvəsi ayrılmış və çardaq tipli dam örtüyündə təmizlik işləri aparılmışdır. Dam örtüyündə yerləşən tikili havalandırma kanallarının üstündəki qopmuş örtük qatı sement məhlulu ilə bərpa edilmiş, dam örtüyündə cari təmir işləri aparılmışdır. Dam örtüyündə yerləşən havalandırma kanallarının arxa tərəfində olan oyuqların bağlanması, mühəndis-texniki nöqteyi cəhətdən qeyri-mümkündür. Belə ki, həmin oyuqlar havalandırma sisteminin işlək vəziyyətində olması məqsədilə tikinti inşaat normalarına uyğun olaraq qoyulmuşdur. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə digər cavabdehlərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsini iddianın mümkün sayılmamasını xahiş etmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə üç müxtəlif cavabdehə qarşı iddia qaldırmış, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mülmükünlük şərtlərinə əməl edilməklə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 49 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı “mənzil üzərinə yığılmış tullantılar və torpaq qatının təmizlənməsi, açıq qalmış 2 binanı birləşdirən istinad divarəndakı açıq qalmış deşiklərin bağlanması və təmir olunması və zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(112)-15438/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15438/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver