Məhkəmə qərarları › İş №2-1(112)-1544/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1544/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1544/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Pirallahı rayon Pirallahı bələdiyyəsinə qarşı (üçüncü şəxs: X9) “qərarın ləğv edilməsi və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 Üçüncü şəxs X2 iştiraları ilə, İddiaçı cavabdeh Pirallahı rayon Pirallahı bələdiyyəsinə qarşı (üçüncü şəxs: X9) “qərarın ləğv edilməsi və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Pirallahı rayon Pirallahı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Pirallahı rayon Pirallahı bələdiyyəsinin xx.xx.2022ci il tarixli qərarı ləğv edilməklə, qanunsuz bağlanılmış icarə müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi vəzifəsinin bələdiyyənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, X13 torpaq mübahisəsi barədə müraciətinə X6 baxılarkən müəyyən edilmişdir ki, Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 75 saylı icarə müqaviləsi ilə vətəndaş Seyfur Məmmədova 0,17 ha torpaq sahəsi qanunsuz ayrılmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən icarə müqaviləsi həmin dövrdə bələdiyyə sədri olmuş Sadıx Əliyev tərəfindən səlahiyyəti olmadığı halda təkbaşına, yəni bələdiyyənin bu barədə kollegial iclas qərarı olmadan və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan verilmişdir. Yuxarıda qeyd olunan icarə müqaviləsinin ləğv edilməsi üçün nəzərdə tutulmuş qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədi ilə X11 tərəfindən Pirallahı Bələdiyyəsinə xx.xx.2022-ci il tarixli M-929 saylı təklif məktubu göndərilmiş, lakin təklif bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (11 saylı protokol) müzakirə olunaraq təmin edilməmişdir. Bildirilir ki, bələdiyyə tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsi əsas gətirilərək öhdəliyin icrasından birtərəfli imtinaya, onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmədiyi və bunun vətəndaşın hüquq və mənafeyinin pozulmasına səbəb olacağı bildirilmişdir. Qeyd olunur ki, bələdiyyə kollegial orqan olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 144cü maddəsinin tələblərinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər bələdiyyə iclaslarında həll edilir. Göstərilən halda isə bələdiyyə tərəfindən iclas keçirilmədən vətəndaş S.Məmmədov ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3-cü və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir. Əsasnamənin: (qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası) - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyə göndərir. - 22-ci bəndinin tələblərinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edirdi. - 25-ci bəndinə əsasən bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Bələdiyyənin kollegial iclas qərarı olmadan qanunvericiliyin tələblərinə zidd olaraq Pirallahı rayon keçmiş Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 75 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə inzibati aktın qəbul olunması öhdəliyinin Pirallahı rayon Pirallahı bələdiyyəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır. Maraqlarına toxunulan üçüncü şəxs X9 xx.xx.2003-cü il tarixində 04 saylı protokol əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında Bakı şəhəri, Pirallahı rayon Pirallahı bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlamışdır. Müqavilədə olan şərtlərə əsasən, icarəyə götürülmüş 0.17 ha torpaq sahəsində kənd təsərüffatı ilə məşğul olmaq, torpaqların mühafizəsi, keyfiyyətin qorunması, yaxşılaşdırılması məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən torpaq sahəsini hasara alaraq abadlıq işləri aparılmışdır. Torpaq sahəsini hasara alındığı zaman orada köməkçi sahələr vardır. İcarə müqaviləsinə əsasən 0.17 ha torpaq sahəsi üçüncü şəxs tərəfindən icarəyə götürdüyü zaman ora boş sahə və heç bir abadlıq işləri görülməmişdir. Sözügedən ünvanda üçüncü şəxs-Seyfur Məmmdəov 1972-ci il tarixindən hal-hazırki vaxtadək həmin ünvanda qeydiyyatdadır və ailəsi ilə birgə orda yaşayır. Bu barədə xx.xx.2022 ci il tarixli Bakı şəhəri Pirallahı rayonu Səməd Vurğun küçəsində yaşayan qonşular tərəfindən tərtib edilmiş Akt-da yuxarıda göstərilənlər öz təsdiqini tapır.Əlavə onu da qeyd etmək istərdim ki, 50 il keçməsinə baxmayaraq vətəndaş Aşur Məmmədov hüquqi əsası olmadan yalnız formal mülahizələrəsasında şikayət etmişdir. İddiaçı: Ədliyyə Nazirliyinin X11 iddia ərizəsinin 2-ci abzasında qeyd olunmuşdur. Müəyyən edilmişdir ki, qeyd edilən icarə müqaviləsi həmin dövrdə Bələdiyyə sədri olmuş Sadıx Əliyev tərəfindən səlahiyyəti olmadığı halda təkbaşına, yəni bələdiyyənin bu barədə kollegial iclas qərarı olmadan və müvafiq İcra Hakimiyyəti orqanının rəyi olmadan verilmişdir. Məhkəmə baxış iclası zamanı məhkəmədən müqavilə bağlanan dövrlərdə olan Bələdiyyə sədri olmuş Sadıx Əliyev sədr olması barədə protokolu məhkəməyə təqdim edəcəyini bildirmişdir. Əzizbəyov rayonu Pirallahı-Gürgan Bələdiyyəsinin 19 yanvar 2000-ci il tarixində keçirilən 1 nömrəli İclas Protokolununda sədirlik edən Ə.K.Kərimov; katib L.Ə.Əhmədov və 11 nəfər bələdiyyə üzvü həmin iclasda Bələdiyyənin sədri seçilməsində iştirak etmişlər. Həmin İclasa əsasən Bələdiyyə sədri Sadıx Əliyev seçilmiş və həmin protokolu ərizəyə əlavə edir. Eləcə də, iddiaçı- Ədliyyə Nazirliyinin X11 tərəfindən verilən iddia tam əsassız və qanunsuzdur və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1- ci maddəsinə əsasən - Ümumi iddia müddəti on il təşkil edir. Ancaq iddiaçı - Ədliyyə Nazirliyinin X11 tərəfindən verilən iddia müddəti 2003- cü ilin dövrlərində olduğu üçün iddia müddəti ötürülmüşdür və idda təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinə əsasən Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Azərbaycan Respublikası inzibati icraat haqqında Qanunun 20.1-ci maddəsinə əsasən- Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək,vəsatət vermək və inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Eləcə də, həmin qanunun 20.2-ci maddəsinə əsasən-İnzibati orqan səlahiyyətlərinə aid məsələlər üzrə məlumat verməyə borcludur. Azərbaycan Respublikasının Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanununun 6.1-ci maddəsninə əsasən- Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırkı iddia ərizəsində göstərilən dəlillər qanunsuz və əsassız olduğu üçün , iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini sizdən xahiş edirəm. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2003- cü il tarixində 04 saylı protokol əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında Bakı şəhəri, Pirallahı rayon Pirallahı bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlamışdır. Müqavilədə olan müqavilə şərtlərinə əsasən, icarəyə götürülmüş 0.17 ha torpaq sahəsində kənd təsərüffatı ilə məşğul olmaq, torpaqların mühafizəsi, keyfiyyətin qorunması, yaxşılaşdırılması məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən torpaq sahəsini hasara alaraq abadlıq işləri aparmışdır. Torpaq sahəsini hasara aldığı zaman orada köməkçi sahələr vardır. İcarə müqaviləsinə əsasən 0.17 ha torpaq sahəsi icarəyə götürdüyü zaman ora boş sahə və heç bir abadlıq işləri görülməmişdir. Sözü gedən ünvanda o, 1972- ci il tarixindən hal-hazırki vaxtadək orda qeydiyyatdadır və ailəsilə birgə orda yaşayır. Bu barədə xx.xx.2022-ci il tarixli Bakı şəhəri Pirallahı rayonu Səməd Vurğun küçəsində yaşayan qonşular tərəfindən tərtib edilmiş Akt-da yuxarıda göstərilənlər öz təsdiqini tapır. Əlavə onu da qeyd edir ki, 50 il keçməsinə baxmayaraq vətəndaş Məmmədov hüquqi əsası olmadan yalnız formal mülahizələr əsasında şikayət etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - X5 xx.xx.2022-ci il tarixli M-929 saylı təklif məktubunun surəti; - Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 75 saylı icarə müqaviləsinin surəti; - Gürgən-Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı Protokolundan çıxarışın surəti; - Pirallahı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolunun surəti; - xx.xx.2022-ci il tarixli Aktın surəti; - əhalidən vergilərin qəbulu üçün qəbzlərin kötüyünün surətləri; - Tədiyyə bildirişlərinin surəti; - Sığorta şəhadətnamələrinin surəti; - Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti” - X5 xx.xx.2023-cü il tarixli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddiaları haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 2.2.1 və 2.2.8-ci maddələrinin məzmunundan göründüyü kimi, qanunverici inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaları fərqləndirmişdir. Hazırkı halda, söhbət mübahisələndirmə haqqında deyil, inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia növündən gedir. Ona görə də, inzibati nəzarət orqanı kimi Ədliyyə Nazirliyinin X5 bələdiyyələrə qarşı iddialarına baxılarkən mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri tətbiq edilə bilməz. Odur ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr məhz bu iddia növünün özünə aid olan mümkünlük şərtlərinin ödənilibödənilmədiyini yoxlamalıdırlar. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir. Hazırkı işin hallarından müəyyən olunur ki, inzibati nəzarət orqanının xx.xx.2022-ci il tarixli M-929 saylı məktubla etdiyi bələdiyyə qərarının ləğvinə dair təklif Pirallahı rayon Pirallahı bələdiyyəsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş ümumi iclasında qəbul edilmiş qərarla təmin olunmamışdır. Bələdiyyə bununla bağlı xx.xx.2022-ci il tarixli 11 saylı ümumi iclasın protokolunu X8 göndərmişdir. Bundan sonra X11 tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddia ərizəsi poçt vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Məhkəmə hazırkı iddianın növünü və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X11 xx.xx.2022-ci il tarixli M-929 saylı məktubla Pirallahı Bələdiyyəsinə müraciət edərək Gürgən-Pirallahı bələdiyyəsi ilə vətəndaş Seyfur Məmmədov arasında 0.17 ha torpaq sahəsinin fərdi təsərrüfat məqsədi ilə istifadə olunması üçün bağlanılmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 0.17 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılmasının təmin edilməsi məsələsinin bələdiyyənin iclasının müzakirəsinə çıxarılmasını təklif etmişdir. X11 müraciətini onunla əsaslandırmışdır ki, X13 torpaq mübahisəsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən iclas keçirilmədən və torpaqayırma qaydaları tətbiq edilmədən bələdiyyə mülkiyyətinə aid müraciətdə qeyd olunan 0.036 ha torpaq sahəsinin də daxil olduğu ümumilikdə 0.17 ha torpaq sahəsi Gürgən-Pirallahı bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında fərdi təsərrüfat məqsədi ilə istifadə olunması üçün Seyfur Məmmədovun uzunmüddətli icarəsinə verilmişdir. Həmçinin bələdiyyə tərəfindən təqdim olunmuş arayışda Seyfur Məmmədovun icarəsinə torpaq sahəsinin ayrılması barədə Pirallahı bələdiyyəsində qərarın aşkar edilmədiyi bildirilmişdir. Pirallahı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolundan görünür ki, vətəndaş Məmmədov Seyfur və (keçmiş) Gürgan- Pirallahı bələdiyyəsi arasında xx.xx.2003-cü il tarixdə bağlanılmış uzunmüddətli icarə müqaviləsinin bələdiyyə tərəfindən birtərəfli qaydada pozulmasının qanunvericiliyə zidd olmaqla vətəndaşın hüquq və mənafeyinin pozulmasına səbəb olacağı nəzərə alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 tərəfindən edilən təklif təmin edilməmişdir. Hazırkı iddia tələbi ilə iddiaçı Bələdiyyənin kollegial iclas qərarı olmadan qanunvericiliyin tələblərinə zidd olaraq Pirallahı rayon keçmiş Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 75 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə inzibati aktın qəbul olunması öhdəliyinin Pirallahı rayon Pirallahı bələdiyyəsinin üzərinə qoyulmasını tələb edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X13 torpaq mübahisəsi barədə müraciətinə X6 baxılarkən müəyyən edilmişdir ki, Pirallahı rayon keçmiş Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 75 saylı icarə müqaviləsi ilə vətəndaş Seyfur Məmmədova 0,17 ha torpaq sahəsi qanunsuz ayrılmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən icarə müqaviləsi həmin dövrdə bələdiyyə sədri olmuş Sadıx Əliyev tərəfindən səlahiyyəti olmadığı halda təkbaşına, yəni bələdiyyənin bu barədə kollegial iclas qərarı olmadan və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan verilmişdir. İddia ərizəsində göstərilən dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan əhalidən vergilərin qəbulu üçün qəbzlərin kötüyünün, tədiyyə bildirişlərinin və sığorta şəhadətnamələrinin surətlərindən müəyyən edilir ki, X9 1972-ci ildən başlayaraq ünvan 2 ünvan üzrə sığorta ödənişləri və torpaq vergisi üzrə müvafiq ödənişlər etmişdir. İş materiallarında olan Gürgən-Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı Protokolundan çıxarışdan görünür ki, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 30-da yaşayan X3 Pirallahı qəsəbəsi, S.Vurğun küçəsinin qərb tərəfində 1700 kv.m torpaq sahəsi müqavilə ilə icarəyə verilmişdir. İş materiallarında olan Gürgən-Pirallahı Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 75 saylı İcarə Müqaviləsindən görünür ki, xx.xx.2003-cü il tarixli 04 saylı Protokol əsasında 0.17 ha torpaq sahəsi X3 icarəyə verilmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X7 cavabdeh X4 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli hesabat cədvəlinin surətindən görünür ki, ünvan 2 X2 mülkiyyətindədir. (Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 4-cü səhifəsinin ikinci abzası) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.5-ci maddəsinin 12 dekabr 2008-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma pinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir.Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 tərəfindən 1972-ci ildən başlayaraq ünvan 2 ünvan üzrə sığorta ödənişləri və torpaq vergisi üzrə müvafiq ödənişlər etməsi, Gürgən-Pirallahı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı Protokolu əsasında Gürgən-Pirallahı Bələdiyyəsi ilə X9 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 75 saylı İcarə Müqaviləsinə uyğun olaraq 0.17 ha torpaq sahəsi X3 icarəyə verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati icraat zamanı inzibati orqan tərəfindən müvafiq razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmədiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun: Maddə 1 . Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Maddə 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; … Maddə 6.1. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: … 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; … Maddə 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur... Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. “İcarə haqqında” Qanun: Maddə 7. İcarə müqaviləsi

1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi... İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Pirallahı rayon Pirallahı bələdiyyəsinə qarşı (üçüncü şəxs: X9) Bələdiyyənin kollegial iclas qərarı olmadan qanunvericiliyin tələblərinə zidd olaraq Pirallahı rayon keçmiş Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 75 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə inzibati aktın qəbul olunması öhdəliyinin Pirallahı rayon Pirallahı bələdiyyəsinin üzərinə qoyulması barədə iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar