Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1544/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “67/69” saylı torpaq sahəsinin İddiaçı mərhum atası X9 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən 0,0377 kv.metr olan “67/69” saylı torpaq sahəsinin İddiaçı mərhum atası X9 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və istismarı Birliyinin Səngəçal ərazisindəki 67/69 nömrəli bağın istifadəyə verilməsi haqqında 32387 saylı, 19 mart 2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal ərazisində müqavilədə göstərilən tikintilər, qurğular və s. üçün X9 0,005 ha torpaq sahəsi olan 67/69 nömrəli bağ evi ayrılmışdır. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X13 iddiaçının atasıdır. İddiaçı tərəfindən hüquq sahibi X4 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən bağ evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2022-ci tarixdə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 həmin tələblə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli, **********41 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxivində Səngəçal bağ massivində yerləşən 67/69 saylı bağ sahəsinin hüquq sahibinə ayrılması barədə sənəd aşkar edilməmişdir. Həmçinin Səngəçal bağ massivində digər şəxsin adına eyni nömrəli müqavilə mövcuddur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar təqdim olunan X3 və İstismarı Birliyi tərəfindən verilmiş 32387 saylı, xx.xx.2004-cü il tarixli bağın istifadəyə verilməsi haqqında müqavilədə istinad olunan xx.xx.2004-cü il tarixli protokolun arxivdə mövcud olub-olmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verilmiş, sorğuya cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2- 2523/2024 saylı məktubu ilə Bakı Şəhər X3 və İstismarı Birliyi tərəfindən verilən protokolların Bakı ŞİH-nin arxivində aşkar edilmədiyi qeyd edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə “N.Nərimanov adına NQÇİ” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Qeyd olunanlarla yanaşı, bağ sahəsinin sənəd üzrə ölçüsü 0,05 ha qeyd olunsa da, faktiki 0.0377 ha təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X3 və istismarı birliyi ilə X11 arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında 32387 nömrəli xx.xx.2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonunun, Səngəçal ərazisində 0,05 hektar torpaq sahəsi olan 67/69 nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir. AZ-İİ seriyalı, 109322 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2020-ci ildə ölmüşdür. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli, 818 nömrəli məktubunda xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsəsi olan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açıldığı bildirilmiş, mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış, elektron arayış, Forma 37 və ya yüklülüyün olub-olmaması barədə arayış verilməsinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,05 ha olsa da, faktiki olaraq hasardaxili 0.0377 ha təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “67/69” saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X9 məxsus olması barədə arayışın verilməsi ilə bağlı müraciət zamanı məlum olmuşdur ki, idarənin arxivində Səngəçal bağ massivində yerləşən 67/69 saylı bağ sahəsinin hüquq sahibinə ayrılması barədə sənəd aşkar edilməmişdir. Həmçinin Səngəçal bağ massivində digər şəxsin adına eyni nömrəli müqavilə mövcuddur. Həmin 67/67 saylı bağ sahəsinin ilkin torpaqayırması “İnşaatçı” bağçılıq-yoldaşlıqdan keçib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “N.Nərimanov adına NQÇİ” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “67/69” saylı torpaq sahəsinə dair digər şəxslə bağlanılmış xx.xx.2004-cü il tarixli, 32387 saylı müqavilə təqdim edilmişdir. Həmin müqavilədən görünür ki, Qaradağ rayonunun Səngəçal ərazisində 0,06 hektar torpaq sahəsi olan 67/67 nömrəli bağ sahəsi X1 istifadəsinə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və istismarı Birliyi ilə X11 arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında 19 mart 2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal ərazisində 67/69 nömrəli bağ X9 ayrılmışdır. Bağ sahəsi X6 istifadəsində olmuşdur. Hazırda iddiaçı X6 vrəsəi olaraq həmin bağ sahəsinin Natiq Bayramova məxsusluğu barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. İmtinanın əsasları ondan ibarət olmuşdur ki, idarənin arxivində Səngəçal bağ massivində yerləşən 67/69 saylı bağ sahəsinin hüquq sahibinə ayrılması barədə sənəd aşkar edilməmişdir. Həmçinin Səngəçal bağ massivində digər şəxsin adına eyni nömrəli müqavilə mövcuddur. Göstərilən sahə “N.Nərimanov adına NQÇİ” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Qeyd olunanlarla yanaşı, bağ sahəsinin sənəd üzrə ölçüsü 0,05 ha qeyd olunsa da, faktiki 0.0377 ha təşkil edir. Məhkəmə qeyd edilən əsaslarla bağlı qeyd edir ki, bağ sahəsinin X9 ayrılması barədə müqavilənin cavabdehin arxivində mövcud olmaması tələbdən imtina üçün əsas deyildir. Belə ki, həmin müqavilənin əsli iddiaçıdan mövcuddur. Həmçinin eyni tarixli müqavilə əsasında digər şəxsə bağ sahəsinin ayrılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin müqavilə əsasında X2 67/67 saylı bağ sahəsi ayrılmışdır. X9 ayrılan bağ sahəsinin nömrəsi 67//69-dur. Yəni həmin şəxslərə ayrılan bağ sahələri fərqli torpaq sahələridir. Müqavilənin nömrəsinin eyni olması isə müvafiq qurumun texniki səhvidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “67/69” saylı torpaq sahəsinin İddiaçı mərhum atası X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən “67/69” saylı torpaq sahəsinin İddiaçı mərhum atası X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1544/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1544/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver