Məhkəmə qərarları › İş №2-1(112)-15440/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15440/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15440/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarının bərpa edilərək ona çatası olan əmək haqqının ödənilməsi haqqında qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirərkən iddiaçı iə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixində ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanmaqla qüvvədən saldığı müəyyən olunmuşdur. Bununla da ARƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona bütün ödənişlər tam məbləğ işdən çıxdığı gün verilir) tələbləri pozulmuş, 9-cu ay 2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə əmək haqqı ödənilməmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırmaya əsasən onun əmək hüquqlarının pozulması müəyyən edilmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hüsab etmişdir.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh MMC-nin inzibati orqan kimi müəyyən olunmur.

9. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı əmək münasibətlərindən irəli gəlir.

10. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması, iddiaçıya hüquqi yardım edilməsi məqsədilə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh MMC-nin inzibati orqan kimi müəyyən olunmadığı izah edilmiş, mövcud tələblə bağlı hüquqi şəxsin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

11. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar