Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15443/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İdris oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X1 Bakı şəhəri, Kürdəxanı kəndində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və hazırlıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X1 Bakı şəhəri, Kürdəxanı kəndində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum babası X1 Bakı şəhəri, Kürdəxanı kəndində 1 desyatin 1200 kv. sajına bərabər torpaq sahəsi olmuşdur. Həmin bu torpaq sahəsi 200 ildən çoxdur ki, iddiaçının ailəsinin istifadəsindədir. Həmin torpaq sahəsinin mərhum babasının adına olması ilə bağlı arxiv sənədləri ilə əlaqədar Bakı Arxiv İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında müvafiq arxiv arayışı verilmiş və Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadə üçün ayrılmış həyətbaşı miras torpaqları olan şəxslərin 15 may 1916-cı ilinə dair siyahısından məlum olur ki, Digah kənd sakini X1 Kürdəxanı kəndində 1 desyatin 1200 kv. sajına bərabər torpaq sahəsi olmuşdur. İstifadədə olan torpaq sahəsi vərəsələrə miras qalmışdır. Mərhum babasından miras qalmış həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 2 saylı Abşeron Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən mərhum babasının adına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün məktub göndərilmişdir. Lakin cavabdeh orqan tərəfindən həmin müraciət təmin edilməmiş və əsas kimi də həmin bu torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassızdır. Belə ki, cavabdehə təqdim etdiyi arxiv arayışından da görünür ki, mərhum babası bu torpaq sahəsinə xüsusi mülkiyyət hüququ tanınmış və onun yaşadığı zaman dövlət tərəfindən qeydiyyata alınaraq hüquqları tanınmışdır. Ona görə də cavabdeh orqanın həmin torpaq sahəsinə dair hal-hazırkı qanunvericiliyə uyğun sənədlərin tələb edilməsi əsassızdır. Bu torpaq sahəsi hal-hazırda istifadəsindədir və torpaq sahəsi ilə əlaqədar hər hansı bir kənar şəxslə də mübahisəsi yoxdur. Kürdəxanı kəndində yaşayan şəxslərin çoxu bilir ki, bu torpaq sahəsi onlara məxsusdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçıya xx.xx.2025-ci il tarixdə Hüquqi Yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əvəzinə əsl cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim etməsi təklif olunmuşdur. 293 nömrəli, xx.xx.2025 nömrəli reyestr və SX075742015AZ ştrix koda əsasən Hüquqi Yardım məktubu 26 sentyabr 2025-ci il tarixdə iddiaçı tərəfindən təhvil alınsa da, iddiaçı bugünədək məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti deyil, Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi qeyd olunmalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir və hazırkı tələblə məhkəmədə iddia qaldırılmazdan əvvəl iddiaçı tərəfindən düzgün cavabdehə müraciət edilməsi və imtina alınması iş materialları ilə öz təsdiqini tapmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyi üçün mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X1 Bakı şəhəri, Kürdəxanı kəndində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(112)-15443/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15443/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver