Məhkəmə qərarları › İş №2-1(112)-1545/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1545/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1545/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3nda mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 101.5 kv.metr torpaq sahəsinin özəlləşdirilməsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3nda mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 101.5 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi barədə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın ərazisinə qatıldığı müəyyən edilmişdir. Cavabdeh tərəf iddiçıya ünvanladığı məktubda səhvə yol vermişdir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan sonradan özəlləşdirilən 0.0121 ha torpaq sahəsi ilə bitişik yerləşir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası Səbail rayonu İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülmüşdür. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il 2-1(112)-2550/2021 saylı qərar əsasında iddiası təmin olunmuş və məhkəmə qərarının icrası icra şöbəsinə həvalə edilmişdir. Dəfələrlə Səbail rayonu İcra Hakimiyyətinə İcra Şöbəsi tərəfindən məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıqlar borcluya göndərilmişdir. Lakin borclu tərəfindən şifahi olaraq bildirilmişdir ki, sözügedən qeyriyaşayış binasının altında 101.5 kv.m torpaq sahəsinin mərziyələri məlum deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10327/2024 saylı qərardadına əsasən "xxxx" MTK məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 3nda İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 101.5 kvm torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mağaza Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2003-cü il tarixində keçirilmiş hərracda İddiaçı tərəfindən özəlləşdirilmiş və ona xx.xx.2003-cü il tarixli, ******* nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında isnadətnamə” verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, qeyd edilən qeyriyaşayış binasının altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********59 nömrəli məktubu ilə iddiaçıya cavab verilərək, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə obyektə yerində baxış keçirilərkən faktiki mövcud olmayan saylı mağaza binasının yerləşdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin müəyyənləşdirilməsinin mümkün olmadığı, bu səbəbdən müraciətin icrasının da mümkün olmadığı bildirilmişdir. “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanının üçüncü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni - ifadəsində və ya icarəsində olsun. Qeyd edilən əsasnamənin 11-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti ilk növbədə torpaq sahəsinin satın alınması həmin sahənin üstündə "yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Beləliklə, dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən o halda həyata keçirilir ki, həmin torpaq sahəsində fiziki və ya hüquqi şəxsin şəxsin mülkiyyətində olan qeyri-yaşayış obyekti yerləşsin. Lakin hazırkı mübahisə üzrə iddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış obyekti artıq mövcud olmadığından və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olmaması səbəbindən, həmin sahənin özəlləşdirilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən 2003-cü ildə 47 saylı mağaza özəlləşdirilsə də, daha sonra həmin tikili sökülmüş və hazırda mövcud deyildir. Bu hal iddia ərizəsi ilə və Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə obyektdə keçirilmiş yerində baxış zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz - əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” zərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları ənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, anunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Beləliklə, iddiaçının qeyd edilən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış formal olaraq ləğv edilməmiş qalsa da, rak faktiki olaraq tamamilə məhv olunması səbəbindən iddiaçının həmin torpaq rəsindən istifadəsi mümkün olmadığından, Xidmət tərəfindən həmin torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, mövcud halda mübahisəli torpaq sahəsində iddiaçıya məxsus hər hansı tikili mövcud olmadığından Əmlak Məsələləri Dövlət Xidmətinin həmin sahənin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilməsi mümkünsüzdür. Bu səbəbdən iddiaçı tərəfindən ilkin olaraq qeyri-yaşayış sahəsi üzərində hüquqlarını bərpa etdikdən və tikili əvvəlki vəziyyətə gətirildikdən sonra, mübahisəli torpaq sahəsinin obyektin istifadəsində olmasını təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədlər əsasında müraciəti əsasında, Xidmət tərəfindən həmin sahənin özəlləşdirilməsi məsələsinə baxıla bilər. Eyni zamanda Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Beləliklə, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla alqı-satqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçücü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-cil qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, ünvan 2 ünvanında yerləşən 70.50 kv.m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyət hüququ əsasında İddiaçıa adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3nda yerləşən 70.50 kv.m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Çıxarışda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü – istifadə kimi qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, İqtisadi İnkaişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilmısi departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001244 nömrəli xx.xx.2003-cü il tarixli şəhadətnaməsinə əsasən ünvan 67 saylı mağaza (ümumi sahəsi 96.2 kv.m) alıcı İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-775/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı mülkiyətində olan 47 saylı mağazanın əvvəlki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi 5 ünvanı dəyişdirilərək ünvan 3 kimi yazılması qət edilmişdir. Əmlakn İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli müəssisə və obyektin texniki pasportuna əsasən ünvan 67 saylı mağazanın tikildiyi il 1985, tikintialtı 101.5, əsas sahəsi 96.2 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2550/2021 saylı xx.xx.2021-ci il tarixi qərarına əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 17 iyun 1998-ci il tarixlli 915 saylı sərəncamı ilə İddiaçı verilmiş 15 etr uzunluğu 6.5 metr eni olan ticarət obyektinin Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 9A ünvanında bərpa edilməsi, həmçinin ünvan 4 ünvanında istifadədə olan 0.01015 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olan 70.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin bərpa edilməsi vəzifəsi Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda bildirilmişdir ki, müraciətiniz əsasında Xidmətin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən iştirakınızla adıçəkilən torpaq sahəsinə baxış keçrilmiş, mülkiyyətinizdə olan qeyri-yaşayış binasının söküldüyü və onun altındakı torpaq sahəsinin "xxxx" MTL tərəfindən inşa olunmuş hündürmərtəbəli binanın ərazisinə qatıldığı müəyyən edilmişdir. Qeyd olunan məsələ Xidmətin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının tələbi torpaq sahəsinin özəlləşməsi barədə əliverişli inzibati aktınsərəncamın verilməsi olduğundan hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Əsasnamənin 3-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Əsasnamənin 13-cü bəndinə əsasən Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda Dövlət Xidməti imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, ünvan 3nda yerləşən qeyriyaşayış binası (əvvəlki ünvan ünvan 67 saylı mağaza) ilkin olaraq 001244 nömrəli xx.xx.2003-cü il tarixli şəhadətnaməsinə əsasən dövlət əmlakı olaraq iddiaçıya satılmış, həmin binaya dair şəhadətnamə əsasında 70.50 kv.m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyət hüququ əsasında İddiaçıa adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin mübahisələndirilməyən halı sözügedən qeyri-yaşayış sahəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2550/2021 saylı xx.xx.2021-ci il tarixi qərarı ilə ünvan 4 ünvanında istifadədə olan 0.01015 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olan 70.5 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinin bərpa edilməsi vəzifəsi Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəsini almış, lakin hazırkı tarixədək qərarın icrası təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qüvvədə qalan reyestr qeydinə əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin satın almaqda üstün hüquqa malik subyekt kimi özəlləşdirilməsini mübahisələndirir. Halbuki yuxarıda da sadalanan özəlləşmə ilə bağlı qanunvericilik normalarından müəyyən olunur ki, torpaq sahəsini özəlləşdirilməsi zamanı özəlləşdirilən obyekt mülkiyyətdə olmaqla yanaşı obyektin yerləşdiyi torpaq sahələri obyektə dair verilmiş texniki pasportakı vəziyyət uyğun istifadədə olmalıdır. Hazırkı halda mübahisələndirilən obyektin xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə qeydlər və əmlaka dair verilmiş texniki pasport təqdim edilsə də həmin obyektin yerləşdiyi texniki pasportda gstərilən torpaq sahəsi obyektin istifadəsində deyil. Belə ki, sözügedən əmlak söküldüyündən obyektin yerləşdiyi torpaq sahəsi iddiaçının faktiki istifadəsində hesab olunmur və bu halda obyekt mövcud olmadığından onun yerləşdiyi (yerləşməli olduğu) torpaq sahəsinə dair hazırkı halda dövlət əmlakının sərəncamvericisi olan Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq sahəsini özəlləşdirilməsini həyata keçrimək kimi vəzifəsi (öhdəliyi) yaranmır. Bu halda cavabdehin sözügedən torpaq sahəsini özəlləşdirməkdən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, məhkəmə qərarına əsasən üzərindəki obyektin bərap edilməsi baş tutduqdan sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Belə ki, İİQ-nun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Torpaq sahəsinin özəlləşməsinin mümkün olmadığından məhkımmə hazırkı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmiş "xxxx" MTK-nın iddia ilə bağlı dəlillərinə münasibət bildirməyə hüquqi zəurət görmür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar