Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1546/2020 24.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarsinə qarşı ”fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə əsasən Bakı İnzibati Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 309,7 kv.m (həyətyanı və tikintialtı) torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına hüququn qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İş üzrə hazırlıq icraatının iclası 04 mart 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasının mümkün sayılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi V.Ağazadə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı idarəyə müraciəti zamanı ünvan 2 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinin planölçüsünün tərtib edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə iddia tələbi üst-üstə düşmür. Bundan əlavə, sözügedən yaşayış evi dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmiş və istifadədə olan 270,0 kv.m torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********26 saylı 08.08.2019-cu il tarixli məktub ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə giriş-çıxış yolu qonşu sahədəndir, üzərində olan bir mərtəbəli yaşayış evi qonşu sahələrdə olan yaşayış evləri ilə həmsərhəd olmaqla bir dam altındadır. Odur ki, cavabdeh iddia tələbininin mümkünsüz sayılmasını xahiş etmişdir. Son olaraq məhkəmə iclası 24 iyun 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 iyun 2020-ci il tarixli Məlumatının (Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsindəki tələblərini rəhbər tutaraq, şifahi məhkəmə baxışı keçirilmədən də işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə,öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialardaiddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsimüddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, qanunverici məcburetmə və öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı yalnız “torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi” ilə bağlı 15 iyul 2019-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və bununla bağlı cavabdeh tərəfindən verilən imtina məktubunu hazırki işə əlavə etmişdir. Halbuki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 309,7 kv.m (həyətyanı və tikintialtı) torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində adına hüququn qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı iddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə şikayət etmək hüququ vardır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının 8.3-cü bəndində qeyd edilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 16-cı və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarsinə qarşı ”fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1546/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1546/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver