Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15462/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «rəyin təqdim edilməsi, pozuntuya yol vermiş əməkdaşların cəzalandırılması və dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «rəyin təqdim edilməsi, pozuntuya yol vermiş əməkdaşların cəzalandırılması və dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş siyanın ödənilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qərardadı ilə iddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmilş, ekspertizanın keçirilməsi üçün sənədlərin təqdim edildiyi tarixdən 30 gün vaxt müəyyən edilmiş və avtomobilin təmir olunduğu halda fotoşəkillər, aktlar əsasında rəyin tərtib edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, avtomobil təmir edilmədiyi halda rəy ona baxış keçirilməklə təqdim olunmalı idi. İddiaçı həm mülki iş üzrə məhkəmə prosesinində, həm də Məhkəmə Ekspertizası Mərkəzinə müraciətində avtomobilin təmir olunmadığını qeyd etmiş və rəyin ona baxış keçirilməklə tərtibini tələb etsə də, ekspert avtomobilə baxış keçirməkdən imtina etmişdir. Sonda ekspert öz rəyini iddiaçıya məlum olmayan səbəbdən (iddiaçıda onun qərəzsizliyinə şübhələr var) avtomobilə baxış keçirilmədən və "xxxx" ASC tərəfindən təqdim edilmiş zərər aktı əsasında hazırlamışdır. İddiaçı dəfələrlə ekspertə və Məhkəmə Ekspertizası Mərkəzinin qaynar xəttinə müraciət edərək, ekspertizanın keçirilməsinə ehtiyacın sığortaçının təqdim etdiyi aktın obyektivliyinə və doğruluğuna şübhələrin mövcudluğundan yaranmasını bildirmişdir. Buna baxmayaraq, ekspert məsələyə qərəzli mövqedən yanaşaraq, avtomobilə dəymiş zərəri "xxxx" ASC tərəfindən təqdim edilmiş ("xxxx" MMC tərəfindən verilmiş) 3 aprel 2023-cü il tarixli akta əsasən hazırlamışdır. İddiaçı avtomobilini 27 dekabr 2022-ci il tarixdə yalnız bir dəfə sığortaçının yönləndirməsi ilə dəymiş zərərin qiymətləndirilməsi üçün “İndividual Service”-ə təqdim etmiş və 5 dəqiqəlik vizual baxış ərzində həmin xidmət qurumu tərəfindən qiymətləndirilmə həyata keçirilmişdir. Cavabdehin təqdim etdiyi akta əsasən avtomobilə dəymiş zərər ilkin olaraq 550 manat həcmində qiymətləndirildiyi halda, həmin xidmət qurumu bu məbləği 2.133 manat müəyyənləşdirilmişdir. Həmin akt mülki iş materiallarına da əlavə olunmuşdur. 3 aprel 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərərin məbləğinin hansı qaydada və əsasla 845 manat həcmində müəyyənləşdirilməsi naməlumdur. Ekspertin həmin akta əsaslanmasının zərurəti anlaşılan deyil. Rəyin hazırlanması və təqdim olunması üçün 19 may 2023-cü il tarixdən 30 gün müddət müəyyən edilsə də, ekspert qərardadın tələblərini pozaraq avtomobilə dəymiş zərərin qiymətləndirilməsi müddətini zərəzli şəkildə uzadaraq, rəyi 4 avqust 2023-cü il tarixdə hazırlamış, həmçinin qiymətləndirməni avtomobilə baxış keçirmədən həyata keçirmişdir. Məhkəmə icraatında təkrar ekspertiza keçirilməsi barədə vəsatət təmin olunmuş və müvafiq qərardadla avtomobilə dəymiş zərərin həcminin ona baxış keçirilməklə müəyyənləşdirilməsi və 30 gün müddətində rəy verilməsi nəzərdə tutulmuşdur. Lakin ekspet tərəfindən avtomobilə baxış keçirilməmiş və rəy verilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər müəyyənləşdirilməklə rəyin təqdim edilməsi, məhkəmə qərardadının icrasını kobud şəkildə pozan əməkdaşların cəzalandırılması və onun icra olunmaması səbəbindən dəymiş maddi və mənəvi ziyana görə 2.000 manat kompensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia qaldırmamışdan əvvəl cavabdehə kompensasiya ödənilməsi ilə bağlı yazılı müraciəti olmamışdır. O, həmçinin qeyd etdi ki, hazırkı iddianı qaldırdıqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Yasamal Rayon Məhkəməsinə müvafiq ekspert rəyini təqdim etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddianın “rəyin təqdim edilməsi” hissəsində iş üzrə icraata xitam verilməli, iddia qalan hissəsə mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə İddiaçı iddiasında aşağıdakı tələbləri irəli sürür: - (1-ci tələb) müvafiq mülki iş üzrə məhkəmə qərardadı əsasında keçirilən ekspertizanın nəticələri barədə rəyin təqdim edilməsi; - (2-ci tələb) cavabdehin məhkəmə qərardadının icrasını pozan əməkdaşlarının cəzalandırılması; - (3-cü tələb) iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi. Məhkəmə 1-ci tələblə bağlı qeyd edir ki, müvafiq mülki iş üzrə məhkəmə qərardadı əsasında keçirilən ekspertizanın nəticələri barədə rəy inzibati akt sayıla bilməz. Bundan başqa, həmin rəyin tələb olunması inzibati icraat çərçivəsində də yolverilən deyil və bu məsələ ilə bağlı iddialar mümkün qiymətləndirilmir. Lakin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə məhkəmə icraatının gedişində cavabdeh müvafiq ekspertizanın nəticələri barədə rəyi təqdim etmişdir. İPM-in 67.1-ci maddəsinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi tələbi üzrə arzuladığı sənədin (rəyin) verilməsi təmin edildiyindən, hazırkı iş üzrə icraata “rəyin təqdim edilməsi” hissəsində xitam verilməlidir. İddiaçının 2-ci tələbinə gəldikdə isə, məhkəmə vurğulayır ki, qaldırılan bu məsələ vəsatət xarakterlidir, ayrıca iddia qismində qiymətləndirilə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, mövcud qanunvercilik normaları İPM-in 2.2.7-ci maddəsi üzrə “vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında” iddialar üzrə iddia ərizələri məhkəməyə təqdim edilməmişdən əvvəl, müvafiq məsələ ilə bağlı inzibati orqana müraciət edilməsini nəzərdə tutur. İddiaçının 3-cü (kompensasiya ödənilməsi barədə) tələbi ilə əlaqədar məhkəmə diqqətə çəkir ki, hazırkı işin hallarına görə isə, iddiaçının tələb etdiyi 2.000 manat maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yazılı müraciət etmədiyi müəyyən olunur. Odur ki, məhkəmənin qənaətinə görə iddianın həmin hissəsi üzrə tərəflər arasında inzibati mübahisə mövcud deyil. Bu səbəbdən də iddia həmin hissədə mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «rəyin təqdim edilməsi, pozuntuya yol vermiş əməkdaşların cəzalandırılması və dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə icraata “rəyin təqdim edilməsi” hissəsində xitam verilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «pozuntuya yol vermiş əməkdaşların cəzalandırılması və dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-15462/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15462/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver