Məhkəmə qərarları › İş №2-1(112)-1547/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1547/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1547/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsindən imtina barədə qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuş, xx.xx.1996-cı ildən xx.xx.1998-ci il tarixədək X2, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X5” LTD firmasında makinaçı vəzifələrində, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Emil” kiçik müəssisəsində satıcı vəzifəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İşlər İdarəsinin kargüzarlığın texniki təminatı bürosunun surətçıxarma və çoxaltma üzrə operatoru vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 Təşkili İdarəsinin kargüzarlıq işinin təşkili şöbəsinin böyük inspektor vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixlərdə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. xx.xx.2024-cü il tarixdə 1000/1629 saylı əmr ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin ikinci abzasına və 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamışdır. Belə ki, yuxarıda qeyd olunan məlumatlar əsasında da müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ümumi 25 il 2 ay iş stajına malik olmuşdur. Həmin iş stajının 15 il 3 ayından artıq müddəti gömrük orqanlarında olan müddət olmuşdur. Bununla da İddiaçı 45 yaşında pensiyaya çıxmaq hüququ yaranmışdır. Əmək pensiyasının təyin edilməsi və həmin aylara görə yaranmış fərqin ödənilməsi üçün cavabdeh orqana yazılı müraciət olunmuşdur. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubunda yazmış olduğu istinad etdiyi norma iddiaçıya tətbiq edilə bilməz. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 15 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 16 fevral 2024-cü il, № 35) ilə 9.5.2-ci maddədə “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 15 fevral 2024-cü il dərc edilmişdir. Bu isə o deməkdir ki, həmin qanun 16 fevral 2024-cü il tarixdən qüvvədə olmuşdur. Digər tərəfdən isə iddiaçı qeyd olunan dəyişikliyə qədər qanunvericilikdə tələb olunan güzəştli və ümumi stajı toplamışdır. Cavabdeh orqanın bu mövqeyi ilə razılaşmayaraq hesab olunur ki, cavabdeh orqan qanunsuz və əsassız olaraq iddiaçının hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və qanunvericiliklə tələb edilən ümumi iş stajı olmadığından müvafiq pensiya təyinatı mümkün hesab edilməmiş və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2- Y-117725/2024 nömrəli məktub ünvanlanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.5.2-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi is stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinin tələblərinə uyğun olaraq, yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş ona dair 2022- 2024 nömrəli məlumat vərəqində onun ümumi iş stajı 25 il 2 ay 28 gün (15 il 3 ay 11 gün təqvim üzrə xidmət illəri, 9 il 11 ay 17 gün iş stajı) və tərxis olunma tarixi 1 fevral 2024-cü il göstərilmişdir. Göründüyü kimi, İddiaçı 30 təqvim ili və daha çox ümumi iş stajı olmadığından ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh pensiya qurumunun xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək X3 Şirkətində makinaçı vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X5” LTD firmasında makiçası vəzifəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Emil” kiçik müəssisəsində satıcı vəzifəsində işləmiş, xx.xx.2008-ci il tarixdə İşlər İdarəsinin Kargüzarlığın texniki təminatı bürosunun surətçıxarma və çoxaldılma üzrə operatoru təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Komitənin sərəncamına göndərilmiş, xx.xx.2018-ci il tarixdə X1 Təşkili İdarəsi kargüzarlıq işinin təşkili şöbəsinin böyük insipektoru təyin edilmiş, xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş və xx.xx.2024-cü il tarixdə xidmətdə olmanın son yaş həddinin çatması ilə əlaqədar onun xidmətinə xitam verilmişdir. -Əmək pensiyası təyini üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqindən görünür ki, iddiaçının ehtiyata buraxıldığı xx.xx.2024-cü il tarixə cəmi iş stajı və xidmət illəri 25 il 02 ay 28 gün, təminat xərcliyi isə 6.148,48 manat təşkil etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -27-ci maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər: gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş; gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 55 yaş; gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti generalmayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki - 60 yaş. Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətin orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün son yaş həddi müəyyən edilməmişdir. Gömrük orqanlarının qadın vəzifəli şəxsləri öz arzuları ilə, bu maddənin birinci hissəsində nəzərdə tutulan müddətlərdən 5 il az olmaqla xidmət edə bilərlər. -120-ci maddəsinə əsasən, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə. 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanundan: -1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. (01 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiya) hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər. -20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. -20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.2. (01 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiya) hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli, № 1074-VİQD nömrəli Qanunun 3.1.2-ci yarımbəndinə əsasən 9.5.2-ci maddədə “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, işin faktiki hallarına əsasən tərəflər arasında yaranmış mübahisə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.2-ci maddəsinin tətbiqi ilə bağlıdır. İddiaçı hesab edir ki, sözügedən maddədə dəyişiklik edilməsini nəzərdə tutan 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli Qanun 15 fevral 2024-cü il tarixində rəsmi dərc olunduğuna görə, həmin tarixdən qüvvəyə minir və yeni redaksiya ona tətbiq edilə bilməz. Çünki o, hərbi xidmətdən yaşa görə buraxıldığı xx.xx.2024-cü il tarixdə həmin Qanun dərc olunmamışdı və yeni norma onun vəziyyətini ağırlaşdırmışdır. Odur ki, ƏPQnin 9.5.2-ci maddəsinin, xx.xx.2023-cü il tarixli Qanunun dərc edildiyi vaxtadək (xx.xx.2024-cü ilədək) qüvvədə olan tələbləri (hərbi xidmətdən yaşa görə buraxılmış, ümumi iş stajı 25 il, bunun azı 12 il 6 ayının hərbi xidmətdə olması) nəzərə alınmalı və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh isə bunun əksini iddia edərək maddənin xx.xx.2024-cü ildən qüvvədə olan redaksiyasının iddiaçıya şamil edilməli olduğunu hesab edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.2-ci maddəsinin 01 iyul 2017 – 01 yanvar 2024-cü il tarixlərdə qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı tarixə ümumi iş stajı 25 il və daha çox olan, bunun azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmuşlar. Lakin qanunvericiliyə edilmiş son dəyişikliklər nəticəsində bu tələblər “hərbi xidmətdən yaşa görə buraxılmış" tələbi istisna olmaqla dəyişdirilərək, ümumi iş stajının 30 il, bunun ən azı 15 ilinin hərbi xidmətdə olması şərti müəyyən edilmişdir. Müvafiq dəyişikliyi şərtləndirən 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli Qanunun 6-cı maddəsində göründüyü kimi, həmin Qanun xx.xx.2024-cü ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən, Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Məhkəmə qərarın qüvvəyə minmə tarixi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, sosial təminat hüququ sahəsində qanunverici kifayət qədər geniş mülahizə sərbəstliyinə malikdir. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsindəki mülahizə sərbəstliyi ilk növbədə pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə ehtiyac yarandıqca mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsində qanunvericinin malik olduğu geniş imkanları nəzərdə tutur. Göründüyü kimi, hazırkı halda qanunverici qəbul etdiyi qanunla güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququnun yaranmasına münasibətdə yeni tənzimləmələr gətirmiş, bu zaman həm də özünün malik olduğu mülahizə sərbəstliyindən istifadə etməklə keçid normaları müəyyən edərək yeni tənzimləmələri və qüvvəsini alma tarixini müəyyən etmişdir. Bu halda, qanunvericinin həmin iradəsi hüquq tətbiqi praktikasında da rəhbər tutulmalı, hüquq normasının zamanı görə qüvvəsinə dair ümumi prinsip tətbiq edilməli, yeni tənzimləmələr keçid norma nəzərə alınmaqla yalnız qüvvəyə mindiyi gündən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır. O da qeyd edilməlidir ki, 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli Qanunun Keçid müddəalarından (5.1 və 5.2) görünür ki, qanunverici həmin Qanunun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldığı hallarda, həmin şəxslərə “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normalarının (hər iki halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilməli olduğunu nəzərdə tutsa da, ƏPQ-nin 9.5.2-ci maddəsi ilə bağlı hər hansı istisna müəyyən etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixdən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdən yaşa görə buraxıldığı tarixə (xx.xx.2024-cü il) qüvvədə olan ƏPQ-nin 9.5.2-ci maddəsində nəzərdə tutulmuş 30 il ümumi iş stajı mövcud olmadığından (25 il, 2 ay, 28 gün) ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar