Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1548/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 2012-ci il tarixdə orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutunda hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. Həmin ali təhsil müəssisəsində 4 il ərzində ali təhsil alaraq Rusiya Federasiyasının Dövlət İmtahan Komissiyasının nəticələrinə əsasən ali hüquq təhsili almağı haqqında ona KE 50019 saylı 5 iyun 2012-ci il tarixli bakalavr diplomu təqdim edilmişdir. Həmçinin diploma əlavədən də görünür ki, o, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Hətta xarici passportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Rusiya Federasiyasına səfər etdiyi və uzun müddət orada qaldığı açıqaydın görünür. Diplomunu əldə etdikdən sonra həmin diplomun Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Ali təhsil almağı haqqında diplomun nostrifikasiya olunması üçün lazım olan digər sənədləri də həmin sənədlə birlikdə Təhsil Nazirliyinə təqdim etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi 6 iyul 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, 5 iyul 2021-ci il tarixli C-152/01 nömrəli müraciətə cabab olaraq 19 fevral 2013-cü il tarixli müraciətin nəticəsinə dair 30 avqust 2017-ci il tarixli 23-04-90/ANİ saylı məktub ərizədə qeyd edilən ünvana göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2017-ci il tarixli 23-04-90/ANİ saylı məktubda göstərilmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddət qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, onun diplomuna əlavədə qeyd olunan ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş KE 50019 saylı 5 iyun 2012-ci il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mümkün hesab olunmur. Bu məktubdan o nəticəyə gəlmək olur ki, ya onun 4 il ərzində əldə etdiyi biliklər ölkə ərazisində müəyyən olunan standartlara uyğun gəlmir, ya da ki, diplomunun həqiqiliyinə cavabdeh tərəfindən şübhələr mövcuddur. Nəzərə alınsa ki, təhsil aldığı Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu rəsmi saytında Azərbaycan Respublikasının tanıdığı universitetlərin içində yer alır və onun (iddiaçının) diplomu da həmin universitetdən verilmişdir. O zaman onun diplomunun həqiqiliyinə heç bir şübhə yeri qalmır. Bu siyahı ilə internet adresinin Rusiya Federasiyası ilə bağlı olan hissəsindən də görmək olar. Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu beynəlxalq standartlara cavab verən təhsil verir ki, bu təhsili bildirən diploma əlavə də ona (iddiaçıya) təqdim edilmişdir. Əgər həmin təhsil müəssisəsində beynəlxalq standartlara uyğun təhsil verilməsəydi, yəqin ki, Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu Azərbaycan Respublikasında rəsmi olaraq tanınmazdı. Təəssüflər olsun ki, cavabdeh bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq onun ali təhsil alması haqqında diplomunu tanımamışdır. Bu isə, onun gələcəkdə normal karyera qurmasına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq işlədiyi sahədə töhvə verməsinə iddi maneə törədir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunmuş «Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında Konvensiya» iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunmuşdur. Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur. Məhz bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, İPM-in 2, 8, 33, 45 – 47-ci maddələrinə, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7, 27.2, 43, 44-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 2 və 3-cü bəndlərinə əsaslanaraq, iddiaçıya Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş KE 50019 saylı 5 iyun 2012-ci il tarixli ali təhsil haqqında bakalavr diplomunun tam qanuni əsaslarla alındığından, Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İddiaçı ünvanlanmış 6 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 5 iyul 2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, Sizin 19 fevral 2013-cü il tarixli müraciətinizin nəticəsinə dair 30 avqust 2017-ci il tarixli 23-04-90/ANİ saylı məktub ərizədə qeyd olunan ünvana göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 4.2-ci bəndinə əsasən tanınmadan və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina olunması sənədləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlanmış 30 avqust 2017-ci il tarixli 23-04-90/ANİ saylı məktubunda aşağıdakılar bildirilir: - Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət əırzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda gpstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin normativ strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy evivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq, Qaydaların 3.7-ci bəndinə əsasən Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutu tərəfindən Sizin adınıza verilmiş KE 50019 nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İPM-in 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 33.3-cü maddəsinə görə inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin 16 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı Rusiya Federasiyası Mahaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş KE 50019 nömrəli 5 iyun 2012-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində yaradılmış Ekspert Komissiyası tərəfindən 16 oktyabr 2021-ci il tarixədək iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanlanmış 2 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyasının Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş 23 iyul 2012-ci il tarixli, KE 50019 diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Sözügedən məhkəmə qərardadının icra edildiyinin nəzərə alınması xahiş olunur. İPM-in 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etrazında aşağıdakılar bildirilir: - İddiaçı Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutunda aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədm verilməsindən imtina edilmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin alı təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət olmuşdur və bu müddət ərzində diploma verilən əlavədə qeyd olunan tədris yükünün yeronə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbır lər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixlı 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələri'in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedicı Memorandumun 12-cı bəndinə əsasən xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən i.lənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas istiqamətləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 8.7.2-ci yarımbəndinə, 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2-ci bəndinə, eləcə də «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6. 3.7-ci bəndlərinə əsaslanarsaq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının Rusiya Federasiyasında qısa müddətdə olduğunu qeyd edərək, iddianın əsassız olduğunu bildirdi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə KE 50019 saylı 23 iyul 2012-ci il tarixli (Komissiyanın 5 iyun 2012-ci il tarixli qərarı ilə) diplom verilmişdir. Həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin Nazirlik məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada qiyabi təhsil almaq üçün tələb olunan tədris ili müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur, bununla da qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Sonradan iddiaçı eyni məsələ ilə bağlı hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, həmin qurum da məsələnin həllindən əvvəlki imtinadakılara istinadən imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı İddiaçı Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən (Komissiyanın 5 iyun 2012-ci il tarixli qərarı ilə) verilmiş KE 50019 saylı 23 iyul 2012-ci il tarixli diploma diploma təhsil sənədi kimi apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Cavabdeh iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının təhsil müəssisəsi olan ölkədə qısa müddətdə olması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, inzibati orqanın İddiaçı ona Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən (Komissiyanın 5 iyun 2012-ci il tarixli qərarı ilə) verilmiş KE 50019 saylı 23 iyul 2012-ci il tarixli diplom üzrə ixtisasının tanınmasından və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən (Komissiyanın 5 iyun 2012-ci il tarixli qərarı ilə) verilmiş KE 50019 saylı 23 iyul 2012-ci il tarixli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ona Rusiya Federasiyası Maxaçqala şəhər Maliyyə və Hüquq İnstitutu tərəfindən (Komissiyanın 5 iyun 2012-ci il tarixli qərarı ilə) verilmiş KE 50019 saylı 23 iyul 2012-ci il tarixli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1548/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1548/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver