Məhkəmə qərarları › İş №2-1(112)-15483/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15483/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15483/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 İdris oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə xx.xx.1992-ci ldə Bakı şəhəri, Nizami RHK tərəfindən səfərbərliklə bağ Qarabağ müharibəsi ilə əlaqədar aparılan əməliyyatlara iştirak etmək üçün könüllü olaraq N saylı hərbi hissəyə yollanmışdır. 1994-cü ilin fevral ayında N saylı hərbi hissənin sərəncamına göndərilmişdir. 1994-cü ilin iyul ayından sonra atəşkəs sazişi imzalanmışdır. Döyüşlərdə iştirak etdiyi ərazilər və tarixlər xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkızi Arxivinin təsdiq etdiyi arxiv arayışında tam olaraq əks olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-4/2- 7359/2025 nömrəli vəsatətdə qeyd edilmişdir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Çünki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktları qəbul olunmuşdur. Belə ki, iddiaçı В.M.Rəşidov cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-3435/2019 nömrəli qərarı ilə təmin edilməmiş, qərardan narazı qalan iddiaçı apellyasiya və kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1082/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti və Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətin məzmununa uyğun izahat vermiş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən olunur ki, iddiaçı eyni məzmunlu iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3435/2019 nömrəli qərarı ilə (Sədrlik edən hakim R.Kərimli), iddia təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1082/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3435/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1082/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 3435/2019 nömrəli qərarı qanuni qüvvəsini almışdır. İddiaçı hazırda isə cavabdeh Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı və adının verilməsini tələb etməkdədir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında artıq eyni iddia tələbinə dair iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İddia tələbinin fərqli şəkildə təqdim edilməsi isə, həmin tələbin başqa tələb olması anlamına gəlmir və iddianın mümkünlüyünü istisna edən şərtlərin aradan qaldırılmasına əsas qismində çıxış edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinə artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar