Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-155/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti) «torpaq sahəsinə dair istifadə hüquqların qeydə alınması» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti) «torpaq sahəsinə dair istifadə hüquqların qeydə alınması» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən X3 ayrılmış 45 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində vətəndaş X6, X1, və X4 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən mənə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 45 kv.m. torpaq sahəsin üzərində istifadə hüququna qeydiyyata alınmasına hüquqi təsdiq edən çıxarışən verilməsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı şəkildə poçt vasitəsilə müraciət etdi. Müraciətinə həmin orqanın 22 oktyabr 2020-cu il tarixli, **********50 saylı məktubu ilə yazılı şəkildə imtina edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Nizami Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırlmamışdır. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********50 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslar kimi nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanununun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada satılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununun 25-ci maddəsinə əsasən bu qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariyagigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində kimi təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırlmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamın surəti; - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamından çıxarışın surəti; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamın surəti; - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının X7, İddiaçı və X4 ünvanlanmış xx.xx.2009-cu il tarixli 02/154 saylı məktubunun surəti; - Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində inşa ediləcək ticarət obyektinin yerləşmə sxemi və eskiz layihəsinin surəti; - Cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli məktubu; - Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənəd.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. X11 26-27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə "Əzizbəyov" (Koroğlu) metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahələri sökülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamın icra edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən "Əzizbəyov" (Koroğlu) metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Nizami Rayon İcra Hakimiyyəti “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 saylı sərəncam qəbul etmişdir. Həmin Sərəncama əsasən B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində X7, İddiaçı və vətəndaş Zeynal Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Nizami rayon İcra Hakimiyyəti xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq sifarişçilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdırlar. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, Azərbaycan Repsublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinin birinci cümləsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının X7, İddiaçı və X4 ünvanlanmış xx.xx.2009-cu il tarixli 02/154 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamı əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixində 93 saylı qəbul edilmiş sərəncamla B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində birlikdə ticarət obyektinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətində olan məlumata əsasən vət.F.Nəbiyevin mülkiyyətində 192.2 kv.metr, vət. İddiaçı mülkiyyətində 44.2 kv.metr, vət. Z.Abdullayevin istifadəsində isə 81.0 kv.metr ticarət sahəsi olmuşdur. Sizlərin ticarət obyektlərinizin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 360 kv.metr torpaq sahəsində yenidən bərpa edilməsi üçün tələb olunan qeyri-yaşayış sahəsinin layihələndirilməsinə etiraz etmirik. Bununla bağlı olaraq layihələndiriləcək sahədəki obyektin 200 kv.metri vət. F. Nəbiyevə, 45 kv.metri vət. İddiaçı, 80.0 kv.metri isə vət. Z.Abdullayeva aid olmalıdır. İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsində inşa ediləcək ticarət obyektinin yerləşmə sxemi və eskiz layihəsi təqdim olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsindən iddiaçıya ayrılmış 45.0 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair plan-ölçüsünün verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, həm Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında, həm də həmin sərəncamın icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamında sifarişçinin torpaq sahəsinin yerində qəbul etməsi və Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almalı olduqları təsbit olunmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının olması Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv. metr torpaq sahəsindən iddiaçıya ayrılmış 45.0 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən İddiaçı ayrılmış 45 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən İddiaçı ayrılmış 45 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev