Məhkəmə qərarları › İş №2-1(112)-1550/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1550/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1550/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, iddiaçının ümumi və güzəştli iş stajının toplanması müvafiq əmək kitabçası, həmçinin digər sənədlər ilə təsdiq olunmuşdur. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan xx.xx.1975-xx.xx.1990-cı il tarixləri arasındaki dövr ərzində “Azərbaycan Dəmir yolu” 9 saylı Mincivan Distansiyasında əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin İdarənin 1971-ci il və sonraki illərə dair sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən iddiaçının əmək stajının dəqiqləşdirmək mümkün olmadığı üçün həmin dövr sosial sığorta stajına daxil edilmir. Bundan başqa, əmək kitabçasına öz əksini tapmayan, lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Qoruğunun 26 sentyabr 2019-cu il tarixli 3 nömrəli ona dair arayışda xx.xx.1990-xx.xx.2018-ci il tarixləri arasındaki dövr ərzində sözügedən müəssisədə yığıcı vəzifəsində işlədiyi qeyd olunmuş, həmin vəzifəyə hansı əmrlər işə qəbul və işdən azad olunmağı ilə bağlı məlumatlar isə göstərilməmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində hər hansı məbləğdə sığorta kapitalı qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. İddiaçının Əmək xx.xx.1975-xx.xx.1990-cı il tarixləri arasındaki dövr ərzində “Azərbaycan Dəmir yolu” 9 saylı Mincivan Distansiyasında işləməsi ilə bağlı əmək kitabçasında əks olunan əmək stajınının dəqiqləşdirilməsinin mümkün olmaması;

2. İddiaçının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Qoruğunda mühafizə yegeri vəzifəsində işləməsi barədə işə qəbul və işdən azad olunma barədə əmrlərin olmamasıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan i çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olduğundan onun 57 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur. Bu səbəbdən onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranıb-yaranmaması istiqamətində qiymətləndirmənin aparılması “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən aparılır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir Göründüyü kimi ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajına münasibət bildirir. İşin faktiki hallarının araşdırılmasından müəyyən olunur ki, iddiaçının 9 saylı Mincivan Distansiyasında işləməsi faktının müəyyən edilməməsi iddianın təmininə imkan vermir. Qeyd olunur ki, İddiaçı onun 9 saylı X3 Distansiyasında xx.xx.1975-xx.xx.1990-cu ilə qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyini və həmin illərin sığorta stajına daxil edilməsi barədə müraciət etmiş, cavabdeh isə həmin illərlə bağlı aidiyyəti sorğuların verildiyi, sənədlərin arxivə təhvil verilmədiyini qeyd etmiş və həmin dövrün sığorta stajına daxil edilməməsi barədə mövqe nümayiş etdirmişdir ki, məhkəmə hesab edir ki, cavabdehin həmin illərin iş stajına daxil edilməməsi ilə bağlı mövqeyi qanuni və əsaslıdır. Məhkəmə imtinanın həmin hissədə qanuni və əsaslılığı ilə bağlı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: 9 saylı X3 distansiyasının 1993-cü il tarixli rəis S.Hacıyev tərəfindən imzalanan surəti olan arayışda qeyd edilir ki, iddiaçı həmin müəssisədə xx.xx.1975-xx.xx.1990-cu ilə qədər əl ilə elektrik qaynaqçısı işləmiş, 1993-cü ilə qədər sənədlər işğal ərazidə qalmışdır. Əmək kitabasının notarial təsdiqli surətində iddiaçının xx.xx.1975-xx.xx.1990-cu illərdə həmin müəssisədə işlədiyi qeyd edilmişdir. "xxxx" QSC-nin arxiv arayışında qeyd edilmişdir ki, həqiqətən də Yol Distansiyasının 1993-cü ilə qədər olan sənədlərin işğal altında olduğundan arxivə təhvil verilməmişdir. Bununla əlaqədar, iddiaçının həqiqətən də həmin tarixlərdə qeyd olunan müəssisədə işləyib-işləməməsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, onun QSC-də əmək fəaliyyəti ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə bundan əlavə 9 saylı X2 də sorğu ünvanlamış, daha sonra iddiaçıya məxsus əmək kitabçasında həmin müəssisə ilə bağlı əmək kitabçasının doldurmuş imzası və möhür ilə təsdiq edilmiş şəxslər S.Hacıyev və Ə.İmanovun həmin dövrlərdə ümumiyyətlə həmin müəsissədə işləyib-işləməməsi barədə məlumat istəmiş, sorğuya cavab məktubunda Süleyman Hacıyevin xx.xx.1986-xx.xx.1995-ci il, Əyyub İmanovun isə xx.xx.1965-xx.xx.1976-cı il tarixlərində Yol Distansiyasında rəis vəzifəsində işlədiyini, 1975, 1978-1990-cı illər ərzində işçilərin siyahısının aşkar edilmədiyini qeyd etmişdir. Qeyd olunan məlumatlarla əlaqədar iddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixli iddiaçının vəzifəyə qəbul ilə bağlı qeydin həmin dövrdə artıq vəzifədə olmayan Əyyub İmanov tərəfindən imzalanması və möhür vurulması, eləcə də ümumilikdə əmək kitabçasında imza və möhürün mötəbərliyinin müəyyən edilməsi ilə əlaqədar əmək kitabçasının əslinin təqdim edilməsi iddiaçıya təklif edilmiş, iddiaçı əmək kitabçasının əslinin onda olmadığını xx.xx.2021-ci il tarixli Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 643/2021 nömrəli qərardadı ilə yekunlaşmış iş materiallarına əlavə edildiyini qeyd etmiş, lakin həmin materiallar əldə edilərək baxılsa da, iddiaçının əmək kitabçasının iş materialarında mövcud olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmin hissədə imtinanın araşdırılması zamanı həmçinin şahid ifadəsi də sübut qismində tətqiq edilmiş, lakin şahid ifadəsi ilə də iddiaçının həmin müəssisədə işləməsi faktı müəyyən edilə bilməmiş, şahidin məhkəmə tərəfindən verilən konkret cavab verə bilməməsi və işin digər halları iddiaçının həmin müəssisədə işləməsi faktına münasibətdə şübhələrin aradan qaldırılması üçün yetərli olmamışdır. İddiaçı əmək kitabçasını təqdim edə bilmədiyindən də imza və möhürlərin mötəbərliyinin müəyyən edilməsi ilə bağlı əlavə araşdırma da həyata keçirilə bilməmiş, əmək kitabçasının əslinin məhkəməyə təqdim edilmiş olması ilə bağlı hal da həmin materiala baxılması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, həmin illərin ümumi staja daxil edilməməsi, güzəştli iş stajı ilə bağlı şərtin də ödənilməməsi səbəbidir. Belə ki, iddiaçıya pensiya təyini ilə əlaqədar inzibati mübahisənin mövcud olduğu zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsində Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısında 2.4-cü bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi zəruridir. Lakin, iddiaçının işlədiyini iddia etdiyi müəssisə nəinki iddiaçının güzəştli iş stajına malik olan vəzifədə, ümumiyyətlə onun hər hansı vəzifədə işləməsi ilə bağlı məlumatların olmamasını qeyd edir. Beləliklə, müəssisə tərəfindən güzəştli iş stajına dair arayışın təqdim edilməməsi, iddiaçının həmin müəssisədə işləməsinə dair istər müəssisə, istər arxiv sənədlərində hər hansı məlumatın təqdim edilməməsi, əmək kitabçasının əslinin oradakı imza və möhürlərin mötəbərliyi ilə bağlı ekspertizaya heç bir üzrlü səbəb olmadan təqdim edilməməsi, bundan əlavə, iddiaçının əmək kitabçasında Ə.İmanov tərəfindən imza edildiyi və möhürün vurulduğu vaxt həmin şəxsin həmin müəssisədə vəzifə səlahiyyətlərinə xitam verilməsi və hazırkı işə birbaşa aidiyyəti olmasa da 9 saylı Mincivan distansiyası adından mötəbərliyi şübhə doğuran sənədlər təqdim edilərək pensiyanın təyininə nail olması ilə bağlı iddia tələblərinə münasibətdə mövcud məhkəmə praktikası nəzərə alınmaqla məhkəmə iddiaçının təmini istisna edən faktiki şərtin mövcud olduğu və iddianın təmin edilməsi əsasının olmadığı qənaətindədir. Bununla əlaqədar olaraq xüsusi ilə onun da vurğulanması zəruri hesab edilir ki, AR MPM-nin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının mövcud olmaması müəyyən edilir. Bu səbəbdən də onun xx.xx.1990-xx.xx.2018-ci il tarixlərdə X1 Qoruğunda yegər vəzifəsində işləməsi də güzəştli şərtlərlə pensiya təyininə əsas olması üçün yetərli deyil. İş materialları ilə həqiqətən də müəyyən edilir ki, iddiaçı qeyd olunan dövrdə yegər vəzifəsində çalışmış, 30 oktyabr 2018-ci il tarixli əmrlə işdən azad edilmişdir. Lakin, məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, həmin vəzifə güzəştli iş stajına aid olan vəzifə kimi nəzərdə tutulmamışdır. Məhkəmə pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi dair iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan tələb güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə münasibətdə törəmə xarakter daşıdığından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə iddia tələbinin rədd edilməsi pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair iddianın da təmin edilməsini istisna edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar