Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1550/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiаçı “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 21 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 nəfər fiziki şəxsdən 10-u ilə bağlı maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiаçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********0157 nömrəli, xx.xx.2024-cü il tarixli, **********0155 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0125 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınaraq “Tikinti materiallarının pərakəndə satışı” ilə bağlı fəaliyyət göstərməkdədir. İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında Peşə Hazırlığının təşkil edilməsi ilə bağlı mütəmadi olaraq peşə hazırlığının həyata keçirilməsi ilə bağlı kurslar təşkil edilir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycandakı filialı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında Peşə Hazırlığının təşkilinə dair müvafiq olaraq №MMTF-11/2023 və №MMTF-148/2023 saylı müqavilələr imzalanmışdır. Belə ki, müqavilələrin 2.2-ci bəndinə əsasən, 26 yanvar 2023-cü il tarixli MMTF-11/2023 nömrəli Əlavə1-də adları qeyd olunmuş 9 nəfər işsiz şəxs və 08 iyun 2023-cü il tarixli MMTF-148/2023 nömrəli Əlavə1-də adları qeyd olunmuş 4 nəfər işsiz şəxs 3 ay müddətində peşə hazırlığını əyani formada keçirilməsini “İcraçı” “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının öz öhdəsinə götürmüşdür. Kursun sonunda göndərilmiş №MMTF-11/2023 müqaviləsi üzrə 9 nəfərdən 7 nəfər işsiz şəxsin, №MMTF-148/2023 müqaviləsi üzrə isə 4 nəfərdən 1 nəfər işsiz şəxsin fəaliyyəti yüksək qiymətləndirilmiş və işə götürülmüş onlarla rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. Daha sonra Dövlət Məşğulluq Xidməti etdiyi əməkdaşlığa əsaslanaraq, işsiz şəxslərin təlimlərə cəlb edilməsi məqsədilə müraciət etmişdir. Bununla bağlı aralarında rəsmi mail yazışmaları da vardır. Tələbləri əsasında onlar tərəfindən peşə hazırlığının keçirilməsi üçün 15 yeni işsiz şəxs (müdavim) göndərilmişdir. Müdavimlər ötən ilin sentyabr ayından müvafiq qaydada peşə hazırlıq kurslarında iştirak etmək məqsədilə şirkətimizə gəlməyə başlamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********80210; **********0207; **********0209 nömrəli qərarları əsasında xx.xx.2023-cü il tarixində iddiaçının ünvanına Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi; Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 2062-73-cü məhəllə, 77Q; Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov İ X ünvanlarında yerləşən “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş OVN tədbirinin nəticələrinə dair xx.xx.2023-cü il tarixli DVX № 003846 seriyalı AKT, xx.xx.2023-cü il tarixli DVX №003840, xx.xx.2023-cü il DVX №003818 aktlar tərtib edilmiş və onlara əsasən ümumilikdə 17 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunmuş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0157, **********0125 və **********0155 nömrəli qərarlar qəbul edilmişdir. Belə ki, X4 xx.xx.2023-cü il tarixli həmin şəxslərin rəsmi qaydada göndərilməsi ilə bağlı bildirişin göndərilməsi ilə bağlı etdiyimiz müraciətə cavab olaraq bildirmişdirlər ki, bir müddət bütün əməkdaşlıq etdikləri şirkətlərlə əməkdaşlığa fasilə verdiklərini bu səbəbdən də müqavilə bağlaya bilməyəcəklərini qeyd etmişdirlər. Bu səbəbdən də onların rəsmi qaydada gəlməsini təsdiq edən müvafiq müqavilənin hazırlanması yubadılmış, bu zaman 17 nəfər müdavimin artıq Filialda hazırlıq kurslarında iştirak etdiklərini və eyni zamanda Filialda həyata keçirlən işlərə kömək etmiş, həmin şəxslərin hazırlıq kurslarını yarımçıq saxlamaq istəmədikləri üçün bu barədə xx.xx.2023cü il tarixli elektron yazışmada X4 bu layihə üzrə artıq qeydiyyatdan keçmiş müdavimlərə Filial tərəfindən təmənnasız kurs və staj keçirəcəyi bildirilmişdir. Nəzarət tədbirindən sonra xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli göndəriş vərəqələrində yoxlama vaxtı aşkar edilmiş 17 nəfərdən 10 nəfəri üçün göndərişlər təqdim edilmiş və həmin göndərişlər də şikayətə əlavə etmişdir. Hesab edir ki, 17 nəfər fiziki şəxsdən 10-nu üzrə tətbiq edilmiş maliyyə sanksiyasının tətbiqi ləğv edilməlidir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********0207, **********0209 və **********0210 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarlarına əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2062-73-cü məhəllə, ev 77Q, ünvan 5 və Abşeron rayonu, Xırdalan şəhəri,Sumqayıt şossesi ünvanlarında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2062-73-cü məhəllə ünvanında yerləşən obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 17 (on yeddi) nəfər fiziki şəxsdən 10 (on) nəfəri, ünvan 5 ünvanında yerləşən obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 15 (on beş) nəfər fiziki şəxsdən 5 (beş) nəfəri və Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi ünvanında yerləşən obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 3 (üç) nəfər fiziki şəxsdən 2 (iki) nəfəri əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi faktı aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 003840, 003846 və 003818 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin rəhbəri xx.xx.2023-cü il tarixli **********0207 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar və çıxarışla tanış olub imza etsə də, DVXseriyalı 003840 nömrəli akta imza imza etməkdən imtina etmişdir. Həmçinin vergi ödəyicisinin rəhbəri **********0209 və **********0210 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarlar üzrə operativ vergi nəzarəti həyata keçirilən obyektlərdə olmadığından Qərarlar və çıxarışlarla, tərtib olunmuş DVX seriyalı 003846 və 003818 nömrəli aktlarla imza edilməsi mümkün olmamışdır. Qeyd edilir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərilən pozuntuya təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş aktlar əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********0155, **********0157 və **********0125 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar qəbul olunaraq vergi ödəyicisinə ümumilikdə 34.000 (otuz dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2024-cü il tarixli **********674800, **********644700 və **********672400 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. İddia ərizəsinin dəlillərinə münasibətdə bildirilir ki, yoxlama materiallarına əsasən “X9 X2 X7 Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının rəhbəri Yılmaz Okukludan izahat alınmışdır. Yılmaz Okuklu izahatında OVN tədbiri zamanı aşkar edilmiş 10 (on) nəfər işçilərin təcrübəçi (müdavim) olduğunu bildirmiş və həmin şəxslərin X6 ilə müqavilə əsasında peşə hazırlığı keçmək məqsədi ilə iş təcrübəsi keçmək üçün gəldiklərini bildirmişdir. Bu səbəbdən həmin işçilərlə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmamışdır. Bununla bağlı bildirilir ki, müvafiq aktlar üzrə qeyd olunan hər bir işçi faktiki olaraq iş başında aşkar edilmişdir. Tələbnamə əsasında təqdim edilmiş X6 ilə olan müqavilənin tarixinin keçmiş tarix olduğu, həmçinin həmin müqavilədə hər hansı bir işçinin adı, soyadı və ata adının qeyd olunmadığı və hansı işlər üzrə təcrübə keçməsi ilə bağlı hər hansı bir məlumat olmadığı aşkar olunmuşdur. İşçilərin iş yükü ilə bağlı izahat verməməsi səbəbindən müvafiq olaraq sərbəst akt tərtib edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş operativ vergi nəzarətinin və mübahisələndirdiyi qərarın əsassız olduğunu bildirsə də, qeyd etdiklərini əsaslandıra bilməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********0157 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********0155 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********0125 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. ... Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. ... Maddə 44. Əmək müqaviləsinin forması
1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır
Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;; ... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. ... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 17 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən tələbin faktiki əsası kimi 10 nəfər işçinin təcrübəçi (müdavim) olması göstərilmişdir. İddiaçı 10 nəfər işçinin təcrübəçi olduğunu qeyd etsə də, bununla bağlı hər hansı müqavilə təqdim etməmişdir. Təqdim edilmiş X6 ilə olan müqavilənin tarixinin keçmiş tarix olduğu, həmçinin həmin müqavilədə hər hansı bir işçinin adı, soyadı və ata adının qeyd olunmadığı və hansı işlər üzrə təcrübə keçməsi ilə bağlı hər hansı bir məlumat olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı iddiasının dəlilinin əsası kimi kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçı “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı “X9 X1 Ürünleri Turizm Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov