Məhkəmə qərarları › İş №2-1(112)-15501/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15501/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15501/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyətinə qarşı “mənzil növbəsinə qəbul edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərara əsasən ona mənzil kirayəsi pulunun xx.xx.2025-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.2025-ci il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi və mənzillə təmin olunana qədər kirayə haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində Gizir, baş gizir rütbəsində xidmət etmişdir. O, 2020-ci ildə gedən Vətən müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində mənzil növbəsinə dayanmışdır. Ehtiyata buraxıldıqdan sonra Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3, N nömrəli hərbi hissədə qeydiyyata götürülmüşdür. Yaşayış yerinin olmadığına görə ünvan 1 ünvanında yaşamaq üçün mənzil-kirayə müqaviləsi bağlamışdır və hal-hazırda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2012-ci il tarixdə çıxardığı, 174 nömrəli qərarına əsasən o, xx.xx.2025-ci il tarixdə cavabdehə hazırkı tələblə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyində mənzil növbəsinə alınmışdır. Onun adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edildiyindən cavabdeh tərəfindən onun mənzil növbəsinə alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədə müvafiq hesab edilməmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyində mənzil uçotuna götürüldüyü halda cavabdeh tərəfindən ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi də mövcud qanunvericiliyin tələblərinə ziddir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1982-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə hərbi biletin və veteranlıq vəsiqəsinin surəti əlavə edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 365 nömrəli əmrinə əsasən baş gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən X1 ünvan 3 ünvanında yerləşən 21 saylı mənzili aylıq 370 manat müqabilində iddiaçıya xx.xx.2025-ci il tarixədək kirayəyə vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçı və onun ailə üzvlərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. Mygov.az sistemindəki Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi qeydiyyat və xidmət barəsində məlumatlar” bölməsindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2025-ci il tarixədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilmiş əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində hərbi qulluqçı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədi ilə mənzil sahəsi alanadək kirayə xərcinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir (1.1). Həmin Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər (2.1). Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdənburaxıldıqları,hərbihissəninsiyahılarından çıxarıldıqları,hərbi təhsil müəssisələri ndən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (3.). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir (12.1). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər (12.2). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İddiaçı öz iddia tələbində onun xx.xx.2025-ci il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi və mənzillə təmin olunana qədər kirayə haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə, müəyyən olunmuşdur ki, iddiaçı 20 təqvim ilindən artıq müddətdə hərbi xidmət keçmiş və bu müddət ərzində dövlət tərəfindən birdəfəlik yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmişdir. Bu hal, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun olaraq, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi müvafiq qeydiyyata alınması və mənzil növbəsinə götürülməsi hüququnun yaranmasına səbəb olur. Cavabdehin imtinasının dəlili iddiaçının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi olmuşdur. Qeyd edilməlidir ki, həmin Fərmanın 1-hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi, 2-ci hissəsində isə Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılması qərara alınmışdır. Qeyd edilməlidir ki, iddiaçının yuxarıda qeyd edilən Fərmana əsasən mənzillə təmin edilməli olan şəxslərin siyahısına daxil edilməsi hələ onun mənzillə təmin edilməsi demək deyil. Belə ki, həmin Fərmana əsasən mənzillə təmin edilməli olan şəxslərin siyahısına daxil edilmiş şəxslər növbəliliyə uyğun olaraq mənzillə təmin edilirlər. Cavabdehin məhkəmə sorğusuna əsasən verdiyi cavab məktubunda iddiaçının hal-hazırda yaşayış sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. Göründüyü kimi cavabdehin imtinası formal mülahizəyə söykənməklə iddiaçının mənzil növbəsinə götürülmək və kirayə haqqı almaq hüququndan əsassız olaraq məhrum edilməsi ilə nəticələnmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının 20 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi xx.xx.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə təmin olunanadək kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 20 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi xx.xx.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə təmin olunanadək kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar