Məhkəmə qərarları › İş №2-1(112)-15505/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15505/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15505/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliy) qarşı “piket keçirilməsinə icazə verilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin parklanmaya görə cərimə yazmaqla bağlı hərəkətlərinə dair şikayətlərə baxılmır. Agentliyin inzibati binasının yerləşdiyi inzibati binanın giriş hissəsinin 5 metr önündə piket keçirilməsi niyyətindədirlər. Cavabdehə müraciət edilmiş, lakin piket keçirilməsindən imtina edilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Cavabdehin 29 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, 01 noyabr 2024cü il tarixdə Agentliyin inzibati binası qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Qeyd olunmalıdır ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan cavabdehin məktubu inzibati orqanın qadağanedici hərəkəti olmadığından, iddiaçıların etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyi olduğundan, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmadığından iddia mümkün sayılmamışdır. Nəzərə alınmalıdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi təfsir oluna bilməz. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıqaşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür. Bu baxımdan cavabdehin iradə ifadəsi piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi başa düşülməməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2929/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli, 2-1(102)-951/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)- 947/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 2-1(102)-317/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)1411/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2-1(102)1150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarında da iddianın mümkünsüzlüyü ilə bağlı mövqedən çıxış edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar